Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:30

Azərbaycanda proporsional sistemə qayıdılarsa...


2010 parlament seçkiləri
2010 parlament seçkiləri
-
Bir müddətdir yerli media hakimiyyətdəki mənbələrə istinadla proporsional seçki sisteminin bərpa oluna biləcəyini yazırlar. Hətta bununla bağlı bələdiyyə seçkiləri ilə bərabər referendum keçirmək planlarının mövcudluğu da iddia olunur.

«SİYASİ RƏQABƏT TƏKMİLLƏŞƏCƏK»

2002-ci ilin avqustunda referendumla proporsional seçki sistemi, yəni namizədlərin partiya siyahıları ilə irəli sürülməsi ləğv olunub. O vaxtdan parlament seçkiləri sırf majoritar qaydada keçirilir. Yəni ayrı-ayrı dairələrdən şəxsi namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Halbuki, həmin tarixə qədər parlamentdəki yerlərin 20 faizi, yəni 25 deputat partiya siyahılarından tutulurdu.
Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev modern.az saytına deyib ki, majoritar və proporsional seçki sistemlərinin qarışığına qayıtmaq üzrə müzakirələr gedir: «Bu zaman parlament üzvlərinin sayının artırılması ilə bağlı məsələlər də vurğulanır».

Hüquqşünasın fikrincə, bununla hökumətin parlamentdə formalaşdırılması daha yaxşı nəticələr verə bilər, demokratik proseslər sürətlənər, siyasi partiya sisteminin formalaşması da güclənər. Bununla siyasi rəqabət də təkmilləşər.

Bəzi müşahidəçilər son illər siyasi institutların zəiflədilməsi səbəbindən hətta proporsional sistemin qaytarılacağı halda belə bunun ölkədə ciddi siyasi dəyişikliyə gətirə bilməyəcəyini düşünür. Onların fikrincə, 12 il əvvəl proporsional qaydadan imtina məhz müxalif partiyalara zərbə məqsədi daşıyırdı. Yada salaq ki, 95-ci il parlament seçkilərində AXCP-dən 3, AMİP-dən də bir o qədər deputat məhz parlamentə proporsional qaydada düşmüşdülər.
Həsən Kərimov
Həsən Kərimov

MÜXALİFƏTİN QƏLƏBƏSİ ŞƏKSİZDİR

AXCP Ali Məclisinin sədri Həsən Kərimov hakimiyyətin təpkilərindən dolayı müxalifətdə xeyli zəifləmələrin getdiyini təsdiqləyir. Ancaq onu da sözlərinə əlavə edir ki, son seçki müxalifətin istənilən vaxt toparlanmaq gücündə olduğunu göstərib. Kərimov proporsional sistemin qaytarılacağı halda müxalifətin seçkini udacağını düşünür. O, son prezident seçkisinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun verdiyi tənqidi qiyməti xatırladır. Onun fikrincə, hakimiyyət özünü sığortalamaq, beynəlxalq ictimaiyyəti müəyyən mənada çaşdırmaq, eyni zamanda müxalifətin birləşməsini əngəlləmək üçün belə addımlara gedə bilər:

«Dünyaya da məlumdur ki, ölkədə majoritar seçki sistemi təyinatla olur. Təyinatlar birbaşa Prezident Administrasiyasının xeyir-duası ilə aparılır. «Gülərqeyt» hadisəsi də seçkinin hansı yolla keçirildiyini göstərdi».

SOSİAL SİFARİŞ YOXDUR

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da qarışıq sistem tərəfdarıdır və bu halda deputatların sayının 150-yə, ya 175-ə qaldırıla biləcəyini istisna etmir. Onun sözlərinə görə, məsələn, 50 deputat proporsional, qalanlar majoritar üsulla seçilə bilər. Ancaq deputat hələlik media səviyyəsində dartışılan məsələnin rəsmiləşəcəyini, parlament səviyyəsinə qalxacağını gözləmir. O, son Konstitusiya dəyişikliyindən uzun müddət keçmədiyini, tez-tez bu dəyişikliyə getməyin müsbət addım olmadığını deyir. Fəzail Ağamalı məsələnin hələlik sosial sifarişə çevrilmədiyini düşünür, ancaq siyasi institutların zəiflədilməsi fikriylə də razılaşmır:
Fəzail Ağamalı
Fəzail Ağamalı

«Siyasi partiyalar zəiflədilməyib. Siyasi partiyalar siyasi proseslərdə fəal iştirak edib özünün güclü sosial bazasını yarada bilməyib. Onların sosial bazasının güclənməməsinin başlıca səbəbi bu gün həmin partiyaların Heydər Əliyev siyasi kursuna və siyasi irsinə alternativ qoya bilməməsidir».

SƏBƏB DƏYİŞMƏYİB

Deputat fikrini ölkədə 3-4 milyona yaxın insanın heç bir siyasi partiyanın üzvü olmamasıyla əsaslandırır. Belə ki, Yeni Azərbaycan Partiyasının 500 min, digər partiyaların üst-üstə 100-200 min üzvü var. Seçki hüquqlu vətəndaşların sayı isə 5 milyona yaxındır. Fəzail Ağamalının sözlərinə görə, siyasi partiyaya üstünlük verənsə uğur olan tərəfə gedir.

Mərkəzi Seçki Komissiyanın üzvü Akif Qurbanov isə hazırkı idarə üsulu davam etdiyi müddətdə belə bir dəyişikliyin baş verəcəyinə inanmadığını deyir:

«2002-ci ildə bu sistemin ləğvi səbəbi məncə, indi dəyişməyib. Çünki bu idarə üsulunun mahiyyəti ondan ibarətdir ki, siyasi institutlar maksimum həddə məhdudlaşdırılsın, sistemdən kənarlaşdırılsın».

MSK üzvü majoritar sistemin gücləri parçaladığını, 125 dairədə ayrı-ayrılıqda mübarizə aparmağın çətinliyini vurğulayır. Bu halda seçkinin gündəmi də siyasidən çox fərdi müstəviyə keçir, seçiciylə namizəd arasında baş verir. Ancaq proporsional sistemdə siyasi partiyaların proqramının mübarizəsi, siyasi institutların debatı gedir:
Akif Qurbanov
Akif Qurbanov

DEPUTAT – TƏMİRÇİ

«Son dövrlərin seçkisi məqsədyönlü şəkildə elə yönləndirilib ki, vətəndaş deputatı daha çox evinin damını düzəldən, həyətini asfaltlayan funksiyasında görür. Hakimiyyət tərəfindən dəstəklənən namizədlər həm icra hakimiyyətləri, həm şəxsi imkanları hesabına diqqəti daha çox asfalt çəkməyə, lift təmirinə yönləndirməklə münasibəti bu səviyyəyə endiriblər».

Akif Qurbanov mətbuata müxtəlif formada ötürülən mesajların məqsədinin gündəmi dəyişmək, hədəfi mövcud problemlərdən, cəmiyyətdə yığılmış gərginlikdən yayındırmaq olduğunu deyir.

Qeyd edək ki, 2005-ci ilin parlament seçkiləri proporsional qaydada keçirilsəydi, müxalifət hətta MSK-nın rəsmi rəqəmlərinə görə, yerlərin ən az 30-40 faizini qazanardı. Çünki bir çox dairələrdə müxalifətdən olan namizədlər rəsmən 2-ci yeri tutmuşdular.

2009-cu ildə Qazaxıstanda proporsional seçki sistemi qəbul olunub. Hazırda 98 deputat proporsional qaydada seçilir. O vaxt müşahidəçilər Qazaxıstanda bu sistemə keçidi müxalifət partiyalarının sıradan çıxarılmasının başa çatması ilə izah edirdilər. Yəni, artıq müxalifət partiyalarından çəkinməyə bir lüzum qalmırdı.

ATƏT-in rəhbərlik etdiyi Beynəlxalq Müşahidə Missiyası Azərbaycanda 2010-cu il parlament seçkilərində isə demokratiya istiqamətində heç bir real irəliləyiş əldə edilmədiyini vurğulayıb. Həmin seçkilərdə son 20 ildə ilk dəfə olaraq parlamentə ənənəvi müxalifət partiyaları buraxılmayıb. Seçkidə 700-ə yaxın namizəd iştirak edib, 2005-ci ildə namizədlərin sayı bundan üç dəfə çox olub.
XS
SM
MD
LG