Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

ATƏT prezident seçkisinin beynəlxalq standartlara uyğun olmadığı bildirir – Yekun rəy


-
«Namizədlərə bərabər şəraitin yaradılması və seçki prosesinin təkmilləşdirilməsi üçün hələ çox işlər görülməlidir».

Bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinə dair yekun rəyidir.

Həmin seçkini müşahidə etmiş Büro dekabrın 24-də yekun rəyini yayıb.

Sənədə görə, bu seçki ifadə, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlər şəraitində keçirilib və bütün namizədlərə bərabər şərait yaradılmayıb. Seçki kampaniyası namizədlərə qarşı ittihamlar, seçicilərin qorxudulması, mediaya məhdud çıxış imkanları şəraitində keçirilib.

Seçki günü bütün mərhələlərdə çox ciddi problemlər müşahidə edilib. Bu problemlərin ciddiliyi Azərbaycanın ATƏT qarşısında öhdəliklərini yerinə yetirməsi, demokratik seçkilər keçirməsi üçün çox iş görməli olduğunu sübut edir:

«Seçki komissiyalarının yenidən formalaşdırılması, namizədlərin qeydiyyatı qaydalarının təkmilləşdirilməsi kimi DTİHB-nun bu yaxınlarda verdiyi tövsiyələrin bir çoxuna əməl edilməyib.

Seçkinin ümumi prosedurları təsdiqlənmiş qrafik üzrə icra edildi. Amma bu qrafik bir çox hallarda yetərli hazırlıqların görülməsinə imkan vermirdi. Bunlar seçki islahatlarının davam etdirilməsinin zəruriliyini bir daha ortaya qoyur.

Ümumilikdə, Mərkəzi Seçki Komissiyası seçkinin texniki hazırlıqlarını effektiv şəkildə həyata keçirib. MSK öz qərarlarını vaxtlı-vaxtında dərc edib, müşahidəçilər, media üçün açıq sessiyalar təşkil edib.

Buna baxmayaraq, seçki komissiyalarının indiki tərkibi faktiki olaraq orada yalnız hakimiyyətin maraqlarına uyğun qərarların qəbuluna imkan verir.

Buna görə də müxalifət təmsilçiləri seçki administrasiyasının qərəzsiz işlədiyinə inanmırlar».

SEÇKİ MƏCƏLLƏSİ DƏYİŞDİRİLMƏLİ, KOMİSSİYALAR YENİDƏN FORMALAŞDIRILMALIDIR

Sənəddə "Azərbaycanda beynəlxalq demokratik seçki styandartlarına uyğun seçki keçirilməsi üçün" təkliflər də əksini tapır.

Hesabat müəlliflərinə görə, toplaşma, ifadə və birləşmə azadlıqlarının təmin olunmasına dair hazırkı qanunvericilik aktlarına ictimaiyyətin iştirakı ilə yenidən baxılmalıdır:

«Obyektivlik və ictimai etimad üçün Seçki Məcəlləsi dəyişdirilməli, bütün səviyyələrdə seçki komissiyaları yenidən formalaşdırılmalıdır.

Potensial namizədlər və başqa iştirakçılara daha yaxşı imkanlar verilməsi üçün seçki prosesinin müddəti uzadılmalıdır. Həmçinin, şikayətlərə baxılması mexanizmi və seçkilərin ümumi təşkili məsələləri bir daha nəzərdən keçirilməlidir».

Hesabatda seçici siyahılarının dəqiqləşdirilməsində əhatəli təlimatların hazırlanması tövsiyə edilir. Müəlliflər eyni zamanda seçki kampaniyalarının qorxu atmosferində keçirilməməsi üçün hakimiyyətin əlavə addımlar atmalı olduğunu qeyd edirlər:

«Seçki Məcəlləsində seçicilərin media vasitəsilə siyasi alternativlər haqqında hərtərəfli və əhatəli məlumat almaq hüquqları təsbit edilməlidir. Hakimiyyət böhtan və təhqirə görə cinayət cəzasının aradan qaldırılmasını nəzərdən keçirməlidir».

Hesabatda yekun olaraq qeyd olunur ki, seçki qutularının topa bülletenlərlə doldurulması, yekun protokolların dəyişdirilməsi kimi ciddi qanun pozuntularının aradan qaldırılması yolu ilə seçki prosesinin tamlığının təmin olunması üçün siyasi iradəyə ehtiyac var.

Azərbaycan rəsmiləri DTİHB-nun bu seçki ilə bağlı tənqidlərini rədd edirlər.

Parlamentin spikeri Oqtay Əsədov hətta qurumun ilkin rəyi yayılandan sonra DTİHB-u sifarişli təşkilat adlandırmışdı.

Rəsmi nəticəyə görə, oktyabrın 9-da keçirilmiş seçkinin qalibi indiki prezident İlham Əliyev olub. O, 84.54 faiz səslə 3-cü müddətə prezident elan edilib.

Əksər müxalifət qurumlarının birləşdiyi Milli Şura seçkinin saxtalaşdırıldığını bildirərək elan olunan rəsmi nəticəni tanımayıb.

Şərhləri göstər

XS
SM
MD
LG