Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:03

Mən də BƏSDİR deyirəm!


Elnaz Eyvazlı
Elnaz Eyvazlı
-

Başından böyük danışanlar, məgər etdiyiniz təhqirlərdən sonra ömrünü şagirdləri üçün ləyaqətlə şam kimi əridən müəllimlərinizlə üz-üzə gələndə vicdanınız “tıqq” eləmirmi?..


Elnaz Eyvazlı


MƏN DƏ BƏSDİR DEYİRƏM!


Mən də son zamanlar şərəfsizlər, əxlaqsızlar, saxtakarlar və s. yığnağı deyilərək aşağılanan Azərbaycan müəllimlərinin bir nümayəndəsiyəm. Hər şeyin öz yolunda olduğu bir mühitdə, cəmiyyətdə heç bir təzyiqsiz, çətinlik çəkmədən işləmək, işini davam etdirmək asandır. Çətin olan odur ki, onun-bunun dilinə-dişinə düşdüyün zamanda öz işini davam etdirəsən və fəxr edəsən ki, hər tərəfdən atılan söz oxları qulağının dibindən vıyıltı ilə o yan-bu yana şütüyür.

Müəllimləri ona görə “saxtakar”, yaltaq, şərəfsiz, əxlaqsız və s. adlandırırsınız ki, onlar seçkilərin saxtalaşdırılmasında “canfəşanlıq” göstərirlər, eləmi? O zaman bunu əlində bayraq edən bütün “müəllimlərə”, bəylərə və xanımlara tuturam üzümü:

Bilin və agah olun (zatən bilirsiniz); bu və ya digər saxtakarlıqda və şərəfsiz işlərdə müəllimlərdən dəfələrlə çox canfəşanlıq edənlər var, şərəfsizin peşəsi olmur. Guya tanıdığınız-bildiyiniz adamların arasında beləsi yoxdurmu ki, heç adını dilinizə gətirmir, gözlərinizi ədəbi yumurmuş kimi yummusunuz? Buna göz yummağın adı nədir bəs? Guya bilmirsinizmi ki, bütün müəllim ordusunu aşağılamaqla, əslində ədalətsizlik edirsiniz? Bilmirsinizmi ki, Azərbaycanda dilənçi kimi yaşayan müəllimlər var və onları heç bir para-pul ilə ələ almaq olmaz? Şərəfini, ləyaqətini heç kimə və heç nəyə görə satmayan müəllimlər!

Başından böyük danışanlar, məgər etdiyiniz təhqirlərdən sonra ömrünü şagirdləri üçün ləyaqətlə şam kimi əridən müəllimlərinizlə üz-üzə gələndə vicdanınız “tıqq” eləmirmi? Hamınız yaxşı bilirsiniz ki, aranızda, ətrafınızda şərəfdən, ləyaqətdən, ədalətdən dəm vuran şərəfsiz, ləyaqətsiz və ədalətsizlər mövcuddur. Onlar da mı müəllimdir? Bəlkə, deyəsiniz ki, 20 ildir üzünə həsrət qaldığımız torpaqların da günahkarı Azərbaycan müəllimidir? Gülləsiz ölən əsgərlərin, doğum evlərindəcə dünyaya vida edən anaların, günahszız körpələrin qatili də Azərbaycan müəllimidir? Hansı ki, aldığı zülüm (zəhmətdən keçib) haqqı qan bahasıdır, zəqqumdur, bir parça çörəyə ancaq çatır ki, acından ölməsin?

İndi iqtidar adamı deyəcək ki, müəllimlər yağ-bal yeyir, məşğələ keçir, günortaya qədər məktəbdə işləyib, günortadan sonra təkər qaraltsın, restoranlarda qab yusun, zəhmət çəksin ölməsin acından, işinin adı nədir? Müxalif olanlar da deyəcək ki, seçdiyiniz hökumət sizi bu günə qoyub. Müəllimlərə çatacaq qədərmi gücə sahibsiniz? Guya ixtiyar sahiblərindəmi günah yoxdur, yaxud qarşı tərəfin arasındamı əxlaqsız? Hanı o cəmiyyət, o partiya, o peşə ki, ona aid olanlar hamısı idealdır?! Doğru olanı odur ki, hamımızın ailəsində bir nəfər də olsa, əxlaqsız, şərəfsiz, saxtakar dediyiniz nəslin nümayəndəsi olan müəllim var. Hamımızın müəllimi var, olub, olacaq. Ancaq baxır kim hansı müəllimdən nə öyrənir!

Mən Azərbaycan müəllimiyəm! Şərəfini, ləyaqətini təhqir etdiyiniz, aldığı maaşla yeddi arxa dönəni söyülən, zəhməti gündən-günə artırılan ordunun döyüşçüsüyəm! Və demirəm ki, burda hamı süddən çıxmış qaşıqdır, xeyr. Saxtakarlıqda canfəşanlıq edənləri də var, əxlaqsızı da, yaltağı da, dediyiniz kimi “dilənçi”si də… Ancaq bu, müəllim adını daşıyanların hamısının təhqir edilməsinə əsas vermir. İstisnalar həmişə və hər sahədə mövcuddur.

On ildən yuxarı çalışdığım bu illər ərzində qazandığım şagird və valideyn sevgisilə ürəklənib, taleyin bütün acılarına sinə gərmişəm, dözmüşəm, ancaq və ancaq aldığım savadın, yuxusuz gecələr bahasına qazandığım biliyin çörəyini yemişəm, çəkdiyim zəhmətin müqabilində maddi çətinlik girdabında boğulmuşam, ancaq bir çoxlarının dediyi kimi, “dilənçilik” edib şagirdlərimin əlinə göz dikməmişəm! Heç bir prossesdə saxtakarlığa yol verməmişəm, formal olan hər şeyə düşmənəm!

İnsani və bir vətəndaş kimi vəzifə borcum Vətənim üçün layiqli və elmli nəsil yetişdirməkdir – heç kimə satılmayan bir nəsil! Və mən tək deyiləm! Beş-on saxtakarın güdazına gedib bütün müəllimlərin təhqir olunmasından yorulmuşam. Mən də BƏSDİR! deyirəm; bu ümumiləşdirmə təhqirlərə – şərəfinə, ləyaqətinə inanıb əmin olduğum həmkarlarımın və mənə elm verib, bu məslək və əqidəni aşılayan müəllimlərimin adından! Və nəhayət, ailənizdə, nəslinizdə olan müəllimlərin ləyaqətlisinin adından!

qaynar.info

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
XS
SM
MD
LG