Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:39

Günel Mövlud. Mənə müəllimə deməyin,


Günel Mövlud
Günel Mövlud
-

Günel Mövlud


MƏNƏ "MÜƏLLİMƏ" DEMƏYİN,

Mən bilirəm, siz «müəllimə» kimlərə deyirsiz…


Yazının əvvəlində seçki saxtalaşdırmalarında əli olmayan, bayramlarda şagirdlərdən pul yığmayan, imtahanlarda qiyməti rüşvətlə yazmayan, öz şərəfli peşəsinin adına layiq həyat tərzi sürən bütün müəllimlərdən üzr istəyirəm. Bu yazı onlara aid deyil.

Şarka Zaqradnikova bir çex qızıdır. «People in need» təşkilatının Qafqaz üzrə koordinatorudur. 4 ilə yaxındır ki, işi ilə əlaqədar Ermənistanda, Gürcüstanda və Azərbaycanda uzunmüddətli səfərlərə gəlir. Əsasən Gürcüstanda yaşayır.

Şarka erməni və gürcü dillərində danışa bilir. Azərbaycan dilini öyrənməyə çalışır. Seymur Baycanın romanını rusca oxuyur. Paracanovun filmlərinə baxır. Əksər publisistlərimizin yazısını müxtəlif proqramlar vasitəsilə tərcümə eləyib, oxumağa çalışır. Bu regionun siyasəti, məişəti, özəllikləri ilə maraqlanır. Lənkəran çayını, Şəki paxlavasını, Kaxetiya şərablarını, «Ararat» konyakını xoşlayır.

Şarka qafqazlıların bir çox xüsusiyyətlərini mənimsəyib. Məsələn, qonaqpərvərliyi, hədiyyə verib-almağı, kiminsə yolpulunu ödəməyi, qonaqlıq verməyi çox xoşlayır. Gürcü dilində sağlıqlar deyir. Azərbaycanlı tanışlarına Lənkəran çayı sifariş verir.

Şarkanın əməkdaşlıq elədiyi təşkilatın dəstəyi ilə Qafqazda insan haqları ilə bağlı sənədli filmlərin kinofestivalı keçirilirdi. Festival çərçivəsində Qafqazın üç ən böyük ölkəsinin paytaxt və regionlarında bu filmlər yerli əhaliyə nümayiş etdirilməli, nümayişdən sonra müzakirələr keçirilməli idi. Ermənistan və Gürcüstanda sənədli filmlərin nümayişinin necə keçməyi barədə dolğun məlumatım yoxdur.

Bircə bunu bilirəm ki, Şarka ən çox Azərbaycandakı nümayişlərdən yanıqlı idi. Bölgələrdə onların nümayiş etdirdikləri filmlərə tələbələri və orta məktəblərin yuxarı sinif şagirdlərini gətiriblər. Müəllimələrinin müşayiəti ilə. Şarka festival boyu azərbaycanlı müəllimələrlə ünsiyyətdə olub. Onların düşüncə tərzinə, tələbələr və şagirdlərlə münasibətinə bələd olub.

Azərbaycan müəllimələri ilə belə yaxın ünsiyyət Şarkanın yaddaşında olduqca dərin izlər buraxıb.

Bir dəfə zarafatla dostlardan biri “Şarka”nı Azərbaycan dilinə uyğunlaşdırmağa çalışdı və ona «Şarka müəllimə» dedi. Həmişə üzü gülən, zarafatları normal qəbul edən qız, çox pərt oldu. Əsəbiləşdi. Rəngi avazıdı. Əlləri əsməyə başladı. Üzünü dostumuza tutub, əsəbi şəkildə dedi:

- Mənə heç vaxt «müəllimə» deməyin! Mən sizin müəllimələri görmüşəm…

Bəli, ömründə bircə dəfə bizim müəllimələrlə ünsiyyətdə olmuş bir çex qızının yadında bizim «şəxsiyyət istehsalçıları»mız belə qalmışdılar. Bizdə adətən, hörmət mənasında işlədilən «müəllimə» ünvanını o özü üçün təhqir, aşağılama hesab elədi.

Mən seçki günü müxtəlif paylaşımları – fotoları, videoları, auido yazıları görəndən sonra Azərbaycan müəllimi barədə yazı yazmaq istəyirdim. Amma Şarkanın müşahidəsini və reaksiyasını xatırlayıb, vaz keçdim.
XS
SM
MD
LG