Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

Həkim səhvi ilə dağılan tifaqlar [Video]


-

Son vaxtlar həkim səhvləri üzündən zərər çəkənlər çoxalıb. Onların içərisində jurnalistlərin yaxınları da var. «İşdən Sonra» verilişində həkim səhvlərinin nəticələri müzakirə olunub.

«Bizdə həkimlərin səhvləri həkim terroruna çevrilib. Həkimlər malımızı almaq üçün canımıza qəsd etməklə məşğuldurlar» - jurnalist Anar Niftəliyev deyir. Onun həyat yoldaşı Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı «MediSina» Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib.

Jurnalist həyat yoldaşının həkim məsuliyyətsizliyinin qurbanı olduğunu deyir:

«Milli Onkologiya Mərkəzində şöbə müdiri öz nəzarəti və iştirakı ilə bu əməliyyatı aparmağı məsləhət bildi. Lakin biz əməliyyatdan imtina etdik. Çünki süd vəzindəki səpkinin sovrulma ehtimalı da var idi. Fərəcullah İdrisov bizə çox nahaq yerə əməliyyat etdirmədiyimizi söylədi. Məni inandırdı ki, bu əməliyyatın heç bir risk dərəcəsi yoxdur. Razı olsam, ən yüksək dərəcəli onkoloq və anestezioloq tapacağını, ən səviyyəli klinikada özünün iştirakı ilə əməliyyat etdirəcəyini söylədi. Fərəcullah İdrisovun əməliyyatda iştirak edəcəyi və əməliyyatın bütün məsuliyyətini öz üzərinə götürəcəyi təqdirdə əməliyyata razı olacağımı bildirdim. «MediSina» Tibb Mərkəzinə heç getməmişdim. O klinikanı tanımırdım».

«HƏKİMLƏRİN PULA HƏRİSLİYİ ARTIB»

«Qadın Liderliyi Uğrunda» İctimai Birliyinin sədri Ülkər Abdullayeva həkimlərin pula görə məsuliyyətsizlik etdiklərini deyir:

«Həkimlər çox pul qazanmaq üçün başı çıxdı-çıxmadı xəstənin öhdəliyini götürürlər. Onların pula hərisliyi artıb. İnanmıram ki, həkimlər xəstəni öldürməyi qarşısına məqsəd qoyurlar. Onlar daha çox pul qazanmaq üçün bilmədikləri xəstəlikləri də müalicə etməyi üzərinə götürülər».

Həkim Loğman Həsənov deyir ki, onkoloji xəstəliklərdə cərrah qərarı tək verə bilməz:

«Şöbə müdirinin, digər həkimlərin müzakirəsiylə əməliyyata qərar verilir. Əməliyyatdan sonra ola biləcək fəsadlarla bağlı xəstənin yaxınları məlumatlandırılır».

Loğman Həsənov həkimlərin səhvi qəsdən etmədiklərini deyir:

«Mən 40 ildir ki, həkim cərrah kimi işləyirəm. Heç bir həkim istəməz ki, xəstə ölsün. Ölümün səbəblərini araşdırmaq lazımdır. Həkimin günahı sübut olunursa, cəzalandırılır. Mən belə hallarla rastlaşmışam...».
XS
SM
MD
LG