Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:51

Qorxuram ki, Allaha üsyan edəm...


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Ölüm ayrılığın əbədi olanı, ayrılıq isə ölümün güzgüsüdür.


Amma ayrılıq itkisində qovuşmağa ümid olur deyə dözür insan.

Ölüm ayıranda isə, bir daha geri gəlməyəcək nidasını qəbul edərək yaşayırıq.

Bəzən ölümü gözləyərək yaşadığımız həyatı seyr edirik, bəzən də ölümün bizi bizdən xəbərsiz izlədiyini unuduruq.

Yaranışdan belədir, bir gün öləcəyimizi qəbul edərək yaşayırıq, amma nə zaman öləcəyimizi bilmədiyimiz üçün susaraq aldanırıq fələyə.

Hər il bir yaş daha yaşaqıq deyə doğum günümüzü qeyd edirik, şənlənirik. Aramızda illəri qəbul etməyənlər də olur.

Ancaq anlamırıq ki, qocaldığımızçün yox, hələ də yaşadığımızçün şənlənirik.

Əslində ölüm dediyin - əbədiyyata qovuşduran gerçəklikdir.

Ölümdə acı yoxdur, acı olan zamansızlıqdır. Vaxtın bilinməyən tərəfi...

Əgər sabah öləcəyimizi bilsəydik, bir günə nələr etmək istəməzdik, nələr?...

Elə bir insan yoxdur ki ölümünü düşünməsin, öz yoxluğuna özünü alışdırmasın. Dünyanın faniliyini, həyatın keçəriliyini bu üzdən uydurmuşuq.

Ölüm deyəndə ilk öncə doğmalarımızı xatırlayırıq, onlardan ayrı qalmaq ağır gəlir bizlərə. Bir doğmana, əzizinə sual verəndə ki mən ölsəm nə edərsən?
Həmən əsəbləşir, o anı qəbul etmir. Sözünü yarıda da kəsib, “əşşi, zarafat elədim” deyirsən.

Özün də ölmək istəmirsən, yaşamaq daha gözəldir deyə düşünürsən anidən.

Əslində ölməkdən deyil, ayrılmaqdan qorxursan. Çünki ölüm ayrılıqdır, ayrılıq isə ölümün güzgüsür.

Fəqət, ayrılıqlar olmasaydı, yaşayanlar ölümə dözə bilməzdi. Bu həyat ölümü belə keçərli səbəblərlə qarşımıza çıxarda bilir.

Deyirəm, kaş Elnarə xanımın da nə zaman bizi tərk edəcəyini biləydim.

Biləydim ki, dərs başlayanda ilk dəfə onun görüşünə tələsməyəcəm. Fakülitənin qapısından içəri girəndə o xoş təbbəssüm qarşılamayacaq məni, salamlamayacaq ilk dərs günümü.

Ana qədər mehriban, qayğıkeş halını sərgiləməyəcək önümdə.

Bəlkə bir az özümü onsuzluğa hazırlayardım, bir az dözüm toplayardm dizlərimdə.

İndi isə qorxuram, qorxuram onsuzluğun sübütündan.

Qorxuram həqiqətin ağırlığından, qorxuram. Elnarə xanımın yoxluğu təkcə onun qanından, canından olanlarçün mövcud deyil. Həm də onu sevənlərçün, qayğısına ehtiyac duyanlarçün mövcuddur.

Hələ heç bir ali təhsil ocağında BSU-Yaradıcılıq fakülitəsi kimi isti, mehriban və doğma ocaq yoxdur. Mən buna əminəm və əminliklə də hər yerdə deyirəm.

Hər kəs təhsilini başa vurub diplom əldə etmək arzulayır, ancaq bizim fakülitənin bütün tələbələri təəssüf edir ki, təhsil başa çatanda doğma ocağımızdan uzaqlaşmaq məcburiyyətində qalacağıq.

Bu səbəbdən də Elnarə xanıma olunan xahişlərin ardı-arası kəsilmirdi, qonaq dinləyicilərimiz daima olurdu dərslərdə.

Univerisitetin rektoru, hörmətli yazıçımız və müəllimimiz Kamal Abdulla bizim doğma ocağımızı gur qalayıb, əminəm ki, yenə də sönməyəcək.

Həyat davam etdiyi kimi biz də dərslərimizə davam edəcəyik, amma Elnarə xanım üçün çox darıxacam.

Anasını itirən körpə uşaqlar kimi mən də əminəm, Elnarə xanım göylərdən seyr edəcək.

Yenə sevinəcək uğurlarımıza, yenə diqqətli olmağımızı istəyəcək, yenə...

Yazıram, yazdıqca cümlələrim incidir məni. Nə vaxtsa belə ağrılı yazı yazacağımı heç düşünmürdüm.

O hələ ölməli deyildi, o hələ bizə gərək idi.

Ədəbiyyata lazım idi Elnarə Tofiqqızı.

Onu tanıdığım bir il ərzində həm istedadlı tənqidçi, həm əsl dost, həm də çox məsuliyyətli müəllimə kimi çox sevmişdim. Ölüm sevinməsin, onu sevən hər kəs kimi mən də sevməyə davam edirəm.

Yatdığı torpağı belə sevəcəm, çünki ora indi Elnarə xanımın uyuduğu doğma məkandır.

Mən üsyan edə biləcək ən son insanam, ancaq bəzən ürəyimin yanğısından da qorxuram.

Qorxuram ki, Allaha üsyan edərəm, məni axirətdə də sevdiklərimdən ayırar.

Dua edirəm, bütün sevdiklərim kimi Elnarə xanımçün də dua edirəm.

Ümid edirəm, əbədi dünyamızda onunla yenidən görüşəcəyəm.

Haqqını halal etsin deyəcəm, onu çox sevdiyimi, onunçün darıxdığımı ona bir daha deyəcəm.

Mən həyatda itkinin nə olduğunu anlayanlardanam, bu səbəbdən sevdiklərimə sevgimi son damlasına qədər yaşatmağa çalışıram. Onu da çox sevdiyimi deyirdim, o da özünə məxsus saf təbəssümlə: “Mən də sizi sevirəm Ramilə xanım deyirdi“.

İndi isə deyirəm: Elnarə xanım, Allah sizə qəni-qəni rəhmət eləsin!

Ramilə Qardaşxanqızı
XS
SM
MD
LG