Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:39
-

"Nigar xanım Şərif Ağayara Qaraqan, Varis kimi yazmağı məsləhət görüb. Əslində bir mənada Nigar Köçərli bu sözləri deməkdə haqlıdır. Çünki Nigar xanım yazı yazmasa da, yazılan məhsulu satır. Yəni ədəbiyyat biznesmeni kimi o haqlıdır. Çünki indi oxucunun marağına uyğun yazan ədəbiyyatçıların kitabları satılır. Ona görə Nigar xanım da hər kəsə Qaraqan kimi yazmağı məsləhət görüb, yazarlara, şairlərə ədəbiyyat dərsi keçmək niyyətinə düşüb. Burada isə haqsızdı".

Bunu sherg.az-a açıqlamasında şair Aqşin Yenisey deyib.

"Əli və Nino" mağazalar şəbəkəsinin müdiri Nigar Köçərli Azadlıq Radiosunun "Pen klub" proqramında yazıçı Şərif Ağayarın, eləcə də əksər Azərbaycan yazıçılarının əsərlərinin maraqsızdır deyə satılmadığını iddia edib.

A.Yeniseysə hesab edir ki, bu gün Şərif Ağayarın kitabını "Əli və Nino” kitab mağazasından alan yoxdursa, bu onun hələ pis yazar olduğu demək deyil.

- Məşhur alman filosofu Şopenhauerin ilk kitabı düz 16 il nəşriyyatın küncündə qalıb, heç kəs onu alıb oxumaq marağında olmayıb. Lakin həmin kitab bu gün əl-əl axtarılan kitablar arasındadır.

Bu mənada deyə bilərəm ki, kitab ticarətçisi olaraq Nigar Köçərli bir az "darqursaq”lıq edib. Bu gün Şərif Ağayarın, Qann Turalının, Seymur Baycanın kitablarına o qədər də tələbat yoxdursa, bu onların yazıçı olmadığı anlamına gəlmir. Belə çıxır ki, Qaraqan, Varis, yaxud da cürbəcür detektiv əsərlər yazan uşaqların kitabları satılırsa, onlar yaxşı yazıçıdır? Hesab edirəm ki, alverçi meyarını sözə, ədəbiyyata tətbiq etməkdə Nigar xanımın mövqeyi kökündən yanlışdır.

Ancaq tacir kimi öz düşüncələrində tamamilə haqlıdır, onu qınamıram. Mən də kitab satıcısı olsaydım, əsərləri oxunmayan, kitabları satılmayan yazıçıya deyərdim ki, qardaş, sən yaxşı yaza bilmirsən deyə, kitablarını alan yoxdur. Ona görə burada haqlı və haqsız tərəf yoxdur.

Yəni kitab taciri olan Nigar Köçərlinin yazarlara məsləhətindən belə çıxır ki, bizim yazdıqlarımızı o pula çevirə bilmirsə, onların bir qara qəpiklik dəyəri yoxdur. Biz də haqlı olaraq cavabında həmin xanıma deyirik ki, biz öz istedadımızı siz pula çevirəsiniz deyə, qələmə almırıq. Əgər xanım Şərif Ağayarın, Qan Turalının əsərlərini bəyənmirsə, onları satış üçün yararsız hesab edirsə, bəyəndiyi kitabları öz mağazasında satışa çıxarsın. Ağayarın kitablarını mağazalarından yığışdırsın. Əvəzində isə ona gəlir gətirən Varisin, Elxan Qaraqanın kitablarının sayını artırsın.

Bizim onun biznesinə mane olmaq fikrimiz yoxdur. O da bizim istedadımıza qarışmasın, məsləhətlər verməsin. Eybi yoxdur, qoy bizi oxumasınlar! Ancaq Nigar xanımın yazarlar haqqında rəy verməsinə, onların yaradıcılığını tənqid etməsinə ehtiyac yoxdur. Hər kəs öz işini görsə, daha yaxşı olar. Yəni, özünü etalon kimi ədəbiyyatın mərkəzində görməsi Nigar Köçərlinin səhvidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG