Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:27

Bu əlyazma Nizaminin türkcə yazdığını sübut edir


Sənan İbrahimov
Sənan İbrahimov
-

Nizami Qaramanlı gənc yaşlarında ölüb. Bu divan isə yaşlı adam tərəfindən qələmə alınmışdır…

Divan başdan-başa azəri ləhcəsinin Gəncə dialektində yazılmışdır…



Ötən həftənin sonu Azadlıq Radiosunun “Pen klub” proqramında qızğın debat oldu: “Nizami Gəncəvi kimindir?”

Debatın iştirakçılarından biri, professor Sənan İbrahimov, dos. Hacı Səbuhi ilə birgə bu məqalədə öz mövqelərini daha geniş formada anladırlar.


Prof. Sənan İbrahimov
Dos. Hacı Səbuhi



NİZAMİ GƏNCƏVİNİN ŞEİRLƏRİ NİZAMİ QARAMANLININ ŞEİRLƏRİNƏ QARIŞIB...

(Bu, hazırda çapa hazırlanan “Nizami Gəncəvi. Azərbaycanca yazmış olduğu divan” kitabının ön sözüdür. S.İbrahimovun icazəsi ilə çap edilir)


Çapa hazırladığımız bu divandakı şeirlərin əksəriyyəti 1974-cü ildə Türkiyədə Haluk İpekten tərəfindən Ankarada Nizami Qaramanlının divanında verilmişdir.

Haluk bəyin çapa hazırladığı həmin divan bir neçə əlyazma nüsxəsi əsasında hazırlanmış tənqidi mətndir.

Təəssüflər olsun ki, həmin əlyazma nüsxələri arasında bizim əldə etdiyimiz Misirin “Darül-kütub” kitabxanasının nüsxəsi yoxdur.

Elə bütün problemlər də buradan başlamış və Haluk bəy əlində olan bütün şeirlərin məhz 1440-cı ildə anadan olub, 1469-cu ildə vəfat etmiş Nizami Qaramanlının ədəbi irsi olduğu sanmışdır.

İlk dəfə bu əlyazmaların Nizami Gəncəviyə aid olmasını söyləyən Cənubi Azərbaycan alimi Sədyar Vəzifə (Eloğlu) olmuşdur.

O, Nizami Gəncəvinin divanını müasir dilə uyğunlaşdıraraq İranda əski əlifba ilə çap etmişdir. (Tehran , Əndişeyi Nv nəşriyyatı, 2002- birinci çap)

Eyni zamanda şairin avtoqraf mətnini də kitabında vermişdir.

Sədyar Vəzifə (Eloğlu) həm də kitabında onunla həmfikir olan Azadə Rüstəmova, Nizami Xudiyev, doktor Kərimi və İranda tanınmış etimoloq və luğətşünas alim İsmayıl Hadi kimi alimlərin rəylərini də kitabında vermişdir.

Onun bu iddiası sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yaradılmış komissiya tərəfindən müzakirə edildi və Komissiya Haluk bəyin çapını əsas götürüb Sədyar Vəzifənin (Eloğlunun) iddiasını rədd etdi. Baxmayaraq ki, bu iddia dərin elmi-tekstoloji təhlillər tələb edirdi.

Bizə elə gəlir ki, Haluk bəyin əlində Misirin “Darül-kütub” kitabxanasında olan nüsxə də olsaydı, onda anlayardı ki, çapa hazırladığı divan 29 yaşlı gəncin deyil, incə şeirləri ilə bütün dünyaya səs salan Nizami Gəncəvinindir.

Çünki həmin nüsxənin əvvəlində şeirlərin Nizami Gəncəviyə aid olması barədə qeydlər var. Əlbəttə, divanın Nizami Gəncəviyə aid olmasını təkcə həmin qeydlərlə əsaslandırmaq olmaz, çünki əlyazmaların üzünü köçürənlər səhv edə bilərlər.
Nizaminin "Xosrov və Şirin" poemasına illüstrasiya
Nizaminin "Xosrov və Şirin" poemasına illüstrasiya

Həmin mətnlərin məhz Nizami Gəncəviyə aid olmasını sübut edən faktlardan bəhs etməzdən əvvəl, Nizami Qaramanlı və onun divanından bəhs edək:

Nizami Qaramanlı 1435-1440-cı illər arasında Türkiyənin Koniya vilayətinin Qaraman adlı məntəqəsində anadan olmuşdur. Onun atası Molla Vəliyəddin Konyanın məşhur müəllimlərindən olmuşdur. Nizami Qaramanlıya ilk təhsili də elə atası vermişdir. Atası oğlu üçün Konyadakı təhsili uyğun görməmiş və onu İrana göndərmişdir. İranın hansı vilayətinə getməsi barədə indiyədək əlimizdə məlumat yoxdur.

Həmin vaxtda İran ərazisində Ağqoyunlu, Qaraqoyunlu və Teymurilər dövlətləri var idi. Onun bu dövlətlərdən hansının ərazisində tələbə olması məlum deyil, hətta İranda kimlərdən dərs alması da indiyədək məlum deyil. Onun İranda nə qədər qalması da məlum deyil.

Təqribən 1462-ci ildə Konyaya qayıdan Nizami Qaramanlı yerli hakim İbrahim bəyə mədhiyyələr yazır. İbrahim bəy 1464-cü ildə vəfat edir və onun yerinə qardaşı Pir Əhməd bəy keçir. Nizami Qaramanlı məhz onun dövründə tanınmış şair olur. Ona həsr etdiyi 53 beytlik qəsidəsində deyir:

Fərzi-əyn oldu bizə həmdi-xudavəndi-əhəd
Ki, oldu şah kişvəri-Keyxosrova, han Pir Əhməd.


1467-ci ildə Fateh Sultan Mehmet Qaraman sultanlığını ləğv edir. Qaraman sultanlığını qorumaq üçün Uzun Həsən qoşun göndərir. Qoşunlar Qaraman bəylərbəyinin məntəqələrini ələ keçirir. Həmin vaxtlar Rum Mehmet Paşanın və Fateh Sultan Mehmetin göstərişi ilə Konya və Larendadakı sənətkarlar İstanbula köçürülmüşdü. Başsız qalan əhali hara gəldi baş alıb gedirdi. Nizami Qaramanlı da həmin keşməkeşli illərdə yaşamış və hadisələri öz gözləri ilə görmüşdür.

Mənbələrdə göstərilir ki, Qaraman əhalisinin bir qismi İstanbula üz tutmuş, bir qismi isə dağlara çəkilmişdir.

Bu faciələrə Sədrəzəm Mahmud Paşa son qoyur və o bütün Qaramanı azad edir. Həmin vaxtlarda şairin Mahmud Paşa ilə ünsiyyətinin olması barədə əlimizdə heç bir məlumat yoxdur, ancaq tədqiqatçılar belə fərz edir ki, məhz Mahmud Paşa şairi Fateh Sultan Mehmetə təqdim etmişdir. Sonra Mahmud Paşanın özü də Fateh Sultan Mehmedin gözündən düşüb həbs edilir.

Mənbələrin verdiyi məlumata görə, Sultan Mehmet istedadlı şairləri saraya dəvət edirdi. O cümlədən Nizami Qaramanlını da saraya dəvət edir. Şair bu işlərlə məşğul olan Əhməd Paşaya hünərini göstərmək üçün ona “Qəsr, “Ləəl”,“Günəş” qəsidəsini həsr edir, eyni zamanda nəzirə yazdığı bəzi qəsidələri də ona təqdim edir.

Çox güman ki, həmin nəzirə qəsidələr sırasında Nizami Gəncəvinin “Nərgis” qəsidəsinə yazdığı nəzirə də olmuşdur. Ancaq şairin “Ləəl” və “Günəş” qəsidəsi hələ də əlimizdə yoxdur. “Nərgis” qəsidəsi barədə isə Haluk bəy yazır: “Fateh Sultan Mehmet adına yazılmış bir “Nergiz” kasidesi əlimizdədir. Fakat bu şeirdə də padşahın şairi İstanbula çağırdığına dair bir işarət yoxdur”

Sultan sarayında şairlik etmək məqsədi ilə yola çıxan şair yolda vəfat edir. Bütün mənbələr qeyd edir ki, gənc şair İstanbul yolunda 1469-cu ildə xəstələnib vəfat etmişdir. Təkcə Şahi Bəy özünün “Həşt behişt” təzkirəsində qeyd edir ki, o İranda təhsil alandan sonra doğulduğu şəhərə qayıdır və gənc yaşlarında orada vəfat edir.

Onun gənc yaşında ölməsi barədə Lətifinin “Təzkirə”sində qeydlər var. Həmin qeydlərdən məlum olur ki, şair bir şeyxin qızına vurulur və onlar bir-birlərini dərin məhəbbətlə sevirlər. Sonra hansısa səbəbdən qız başqasına ərə gedir. Bundan qəzəblənən şair həcviyyə yazır. Həcviyyə şeyxin qulağına çatır və qızının həcv olunmasından qəzəblənib bəd dua edir. Elə həmin duadan da şair gənc yaşında vəfat edir. Haluk bəy bu barədə də belə bir fikir söyləyir: “öte yandan bunun doğru olması da çok mümkündür”
Nizami Gəncəvinin xəyali portreti
Nizami Gəncəvinin xəyali portreti

Aşık Çələbi qeyd edir ki, gənc yaşlarında şairin ölümündən təsirlənən atası Molla Vəliyəddin oğlunun şeirlərindən məsciddə oxuyub ağlayar və camaatı da ağladarmış. Aşıq Çələbi də şairin 19 yaşında ölməsini qeyd edir. Bu faktı Gəlibolulu Əli də təsdiq edir. Həmin bu məlumatları nəzərə alan Haluk bəy də qeyd edir ki, “gerçekden on səkkizdə ölən bir insanın, o dövrün eşkiyalarla, min bir təhlükə və zorluqlarla dolu yollarından İrana gedib təhsil alması, ərəbcə və farscadan başqa “mötəbər elmləri” də öyrənərək vətənə dönməsi və bu yaşda bir cocuğun “bunca piranə məəniyi-gəri-bəyi” bulub yazması xeyli çox bir iştir”

Elə bu faktdan çıxış edərək, bu qənaətə gələ bilərik ki, ümumiyyətlə, az bir vaxtda bir gəncin İranda təhsil alıb Türkiyəyə qayıtması və ərəb-fars dilində gözəl şeirlər yazması, özü də həmin şeirlərin Azərbaycan dilində yazılması heç bir məntiqə sığmır. Deməli, Qaramanlı Nizaminin adı ilə çap olunmuş divanın dərin tekstoloji təhlili aparılmalı və orada olan şeirlərin əsil müəllifi tapılmalıdır.

Başqa bir fakt bundan ibarətdir ki, Nizami Qaramanlı ədəbiyyatda böyük nəzirəçi kimi tanınmışdır. Bu barədə Türkiyə alimi Faiq Rəşad özünün “Tarixi-ədəbiyyati-Osmaniyyə” kitabında yazır: “Nizami pek çox nəzirə yazmışdır. O qədər ki, Nizamini Ehmet Paşa ilə qarşılaşdıranda: Paşa hər nə söyləmişsə, hemen hepsini tanzir etmiş olduğundan, Ehmet Paşanın divanını okuyan Nizaminin de divanını okumuş olur”.

Eləcə də, Haluk bəy çap etdirdiyi həmin divan haqqında yazır: “Divanı meydana gətirən şeirlər aşağı-yuxarı üçdə biri nəzirədir - Divandakı 130 şeirdən 45-nin nəzirə olduğu təsbit edildi” Türkiyə alimləri Fuad Köprülü və Şihabəddin də Nizami Qaramanlının çoxlu nəzirələr yazmasını xüsusi qeyd edir

Bütün bu faktlar Nizami Qaramanlı adlı şairin şəxsiyyəti barədə obyektiv təsəvvür yaradır və həmin təsəvvürləri belə ümumiləşdirmək olar:

- gənc yaşlarında vəfat edən şairin sənətkarlığı lazımi səviyyədə olmamışdır;

- ərəb-fars dillərini yaxşı bilməmişdir;

- daha çox nəzirəçiliyə meyl etmiş və özünün orijinal şeirləri olduqca azdır;

- həyatının əsas dövrünü Konyada yaşadığından sırf osmanlı ləhcəsində şeirlər yazmış və türk dilinin azəri ləhcəsində əsər yazmağına dair güman yoxdur.


Əlimizdə olan divana bu kontekstə yanaşanda bir çox elmi həqiqətlər ortaya çıxır və həmin həqiqətləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- Divan yaşlı adam tərəfindən qələmə alınmışdır; bu barədə bəzi qeydlər var: saqqalın ağardı miskin dahi usanmazmısın!?

- Divanda ərəb-fars dilində şeirlər var və onlar yüksək peşəkarlıqla yazılmışdır. Məzmun etibarilə islam fəlsəfəsi ilə əlaqədardır. Belə təfsirləri isə orta əsrlərdə geniş təcrübəsi olan Şeyxlər verirdi;

- Divanda bir çox şeirlərin sonrakı nümunələrinə Haluk bəyin tərtibatında baxanda görürük ki, əlavələr, dəyişmələr olmuşdur;

- Divan başdan-başa azəri ləhcəsinin Gəncə dialektində yazılmışdır;

- Divanda işlənən bədii təsvir və ifadə vasitələri, məcazlar XIII əsrədək Şərq şeirinin poetik fiqurları əsasındadır. XV əsrdə artıq Firdovsi qəhrəmanlarından poetik fiqur kimi istifadə olunmurdu, hətta türkdilli şeirdə fars hökmdarlarını, fars mifologiyasından gəlmə mifik qəhrəmanların hünərini metafora kimi istifadə etmək nöqsan sayılırdı. XV əsrin poeziyasında artıq türkçülük poeziyanın mayası idi. Xüsusilə, türk şairinin fars qaynaqlarından istifadə etməsi riyakarlıq hesab edilir və şeirin estetik dəyərini aşağı salmaq kimi qiymətləndirilirdi.

- Divanda şairin işlətdiyi sözlər XIII əsrədək Azərbaycan dilində işlənən sözlərdir və onların yazılışı, tələffüzü “Kitabi-Dədə Qorqud” eposundakı kimidir.


Bütün bu elmi mühakimələrdən sonra divanın Nizami Gəncəviyə aid olması barədə faktlara nəzər salmaq lazımdır...

Nizami Gəncəvi hələ sağlığında çoxlu şeirlərinin başqalarının adından söylənildiyini yazırdı. Onun yazdığı şeirlər əruzun ən şirin bəhrlərində idi və yerli müğənnilərin dilindən düşmürdü. Həmin müğənnilər isə mahnılarını fars dilində deyil, doğma Azərbaycan dilində oxuyurdular. XII əsrin salnamələrində birmənalı olaraq göstərilir ki, Gəncə şəhərində əhali azərbaycanlı idi və əhali yalnız türk dilində danışırdı. Belə olduqda Nizami kimi bir dahi, nəyə görə qeyri dildə şeirlər yazmalıydı, halbuki həmin müğənni mahnılarını Azərbaycan dilində oxuyub, azərbaycanlıları feyzyab edirdi.

Bizə elə gəlir ki, Nizami Gəncəvi təkcə lirik şeirlərini deyil, hətta poemalarını belə ana dilində - türkcə yazmış, sonra həmin poemalar tərcümə olunmuşdur. Bunu poemaların dili də göstərir. Fars dilinin müxtəlif dialektləri var. Poemalar fars dilinin dəri ləhcəsində, Xorasan, Bəlx dialektində yazılmışdır. Şairin isə Xorasanda, indiki Əfqanıstanda olub həmin yerlərdə yaşayan farslarla ünsiyyətdə olmamışdır. Görünür həmin yerlərdən olan hansısa şair Nizaminin sağlığında, onun şəxsi sifarişi ilə poemaları fars dilinə tərcümə etmişdir. Çünki “Leyli və Məcnun” mövzusunu Nizamiyə sifariş verən Axsitan təkidlə qeyd edir ki, əfsanəni fars dilində qələmə alsın. “Türk dili yaraşmaz şah nəslimizə, türk dili əskiklik gətirər bizə” – deyə, hətta bu dilə olan həqarətini ifadə etmişdir. şübhəsiz bu sözdən inciyən Nizami Gəncəvi də milli ləyaqətinin təhqir olunmasından əsəbiləşir və “qulluq halqasına” keçməyi özü üçün təhqir hesab edir. Elə bu məntiqlə də Nizami şəxsiyyətinə və yaradıcılığına yanaşanda şairin ana dilində əsər yazmamağının qeyri-mümkün olması sübut olunur.
Bu məntiqlə Nizami Qaramanlı divanındakı lirik şeirlərə nəzər salanda bu qənaətə gəlirik ki, Nizami Gəncəviyə aid olmasını fərq etdiyimiz şeirlər sırf Gəncə dialektində yazılmışdır. Bütün şeirlərin ideyası, onun məzmunundan irəli gələn pafosu Nizami dühasının ifadəsidir. Şairin əlimizdə olan farsca lirik şeirlərinin pafosunu türk dilində olan şeirlərinin pafosu ilə müqayisə edəndə heç bir fərq görünmür.
Mətnlərin müəlliflərinin təyin edilməsi xüsusi bir elmdir və buna elmdə atribusiya deyirlər. Atribusiyanın isə sərt tələbləri var. Bunlar aşağıdakılardır:
Nizaminin İtaliyada heykəli
Nizaminin İtaliyada heykəli

- müəllifin yaradıcılıq əzmi;

- müəllifin leksikonu;

- müəllifin dili;

- əsərin ideyası;

- üslub;

- müvafiq sənədlər əsasında atribusiya.


Problemə bu kontekstə yanaşanda görürük ki, uzun müddət XV əsr türk şairi Nizami Qaramanlıya aid edilən lirik şeirlərin əksəriyyəti Nizami Gəncəvinin şeirləridir. Bir çox şeirlərdə Nizaminin bir neçə beyti sadəcə siqlət olunub, əksər şeirlərdə isə Nizamin dəsti-xətti tamamilə saxlanılıb. Bir çox şeirlərdə isə sözlər müasirləşdirilib, bəzi şeirlərdə sözlərin azərbaycanca deyil, osmanlı türkcəsi ilə variantı verilmişdir. Ancaq şeirin məzmunundan irəli gələn pafos, şairin yaradıcılıq əzmi, lirik duyğuları, bədii düşüncə, poetik çalarlar eynilə saxlanılmışdır. Nizami Gəncəviyə aid edilən şeirlərin dili osmanlı türkcəsi ilə deyil, sırf azəri türkcəsidir.

Nizami Qaramanlının həm də bir müddət Əcəmdə olması və fars dilini yaxşı bilməsi, heç də Azərbaycan dilinin Gəncə dialektini yaxşı bilməsi demək deyil. Olsun ki, Qaramanlı azəri türkü idi, ancaq Qaraman ləhcəsi heç də Gəncə ləhcəsi ilə eyni deyil.

Bütün bu elmi həqiqətləri nəzərə alıb, əlyazmanın üzərində yaraşıqlı xətlə “Nizami Gəncəvinin əlyazması” yazılan “Darül-kütub” kitabxanasından tapılan mətnlərin dərin tekstoloji təhlillərini aparmaq lazımdır. Yalnız bu yolla Nizami Qaramanlının divanında verilmiş şeirlərin hansının Nizami Gəncəviyə, hansınınsa Qaramanlıya aid olduğunu müəyyənləşdirmək olar.

Nizaminin Gəncəvinin poetikası sonrakı dövr poeziyamıza ciddi təsir göstərmişdir. Biz lirik şeirləri oxuduqca onlarda olan poetik fiqurların, obrazlı ifadələrin sonra poeziyamızda necə istifadə olunmasının şahidi olur, bir növü Nizaminin ədəbiyyatımız qarşısında xidmətlərinin yeni istiqaməti ortaya çıxır: o təkcə epik şeirimizin nadir nümunəsini deyil, həm də yüksək səviyyəli anadilli poeziyamızın nadir nümunələrini yaratmışdır. Onun lirik şeirlərini oxuduqca qarşımızda əsrlərə kölgə salan, öz dahiliyini nəzmi ilə sübut edən böyük dühanı görürük. Şairin özü də sağlığında həmişə uca səslə deyirdi ki, mənim misralarım həmişə deyəcək ki, “burdasan burda”. Bu həqiqət məhz ana dilində yazdığı şeirlərdə özünü büruzə verir.

Bu şeirlər Nizami Gəncəvinin mənəvi dünyası, poetik zövqü barədə müfəssəl təsəvvür yaradır. Hər bir şeiri oxuduqca, biz Nizami Gəncəvini bir daha kəşf edirik və anlayırıq ki, nəyə görə dahi şairə “Nizami” təxəllüsünü veriblər. o, təkcə Azərbaycan türklərinin deyil bütün türk dünyasının şairi idi və türkün poetik düşüncəsini lirik şeirləri ilə inkişaf etdirirdi. Türk dünyası qarşısında bu xidmətlərini, türk xaqanları da unutmurdu. Tarixdə Nizamidən sonra dövlət yaradan hər bir türk sultanı Nizami irsini özünün dövlət ideologiyasına çevirirdi.

XIV əsrdən bəri Osmanlı türkləri nəhəng imperiya yaratdılar. Bütün imperiyalar kimi, bu imperiyanın milli ideologiyası olmalı idi. Ona görə də, türklər özlərinin böyüklüyünü, ali millət olduqlarını dahiləri ilə sübut etməliydilər. Elə həmin vaxtda dahi Nizami yada düşüb və onun şeirləri sarayda daha çox mütaliə olunurdu, Nizaminin təsiri altına düşən şairlər onun təxəllüsünü özlərinə götürüb şeir yazırdılar. Osmanlı sultanlarının türk dünyası qarşısında böyük xidmətlərindən biri də bu olmuşdur ki, dahilərimizi tarixdə yaşatmış, onların əlyazmalarının üzünü köçürməyə kifayət qədər vəsait ayırmış və yüksək səviyyədə təbliğ etmişlər. Həmin şairlər siyahısında Nizaminin adı birinci idi.

Şairin türkcə divanı XII əsrdə olduğu kimi, XIV əsrdə də dillər əzbəri olduğundan şeirləri daha çox siqlət (plagiat) olunur, onlara nəzirələr yazılırdı. Osmanlı sarayında elə şairlər var idi ki, Nizami Gəncəvinin şeirlərini əzbər bilirdi. Sarayın müğənniləri müntəzəm olaraq şairin həzin, axıcı şeirlərini oxuyurdu. Nizaminin şeirlərindəki dərin lirizm sonrakı dövr türk poeziyasına güclü təsir göstərmişdir. Təsadüfi deyil ki, Nizami ədəbi məktəbinin nümayəndələrinin sayı yüzdən artıqdır. Olsun ki, Qaramanlı da Nizami Gəncəvinin fanatlarından olmuş və gənc yaşlarında onun türk dilində olan şeirlərini əzbər bilmişdi. Həqiqətən də, şairin şeirləri o qədər axıcıdır ki, bir dəfə oxumaqla yadda qalır. Elə bu xüsusiyyətinə görə də şairə “Nizami” təxəllüsünü vermişlər.

Nizaminin şeirlərini əzbər bilən Qaramanlı, həmin şeirlərin ahəngində öz şeirlərini yazmış və sonra tədqiqatçılar hər iki Nizaminin ədəbi irsini bir-birindən ayırmaqda çətinlik çəkmişlər. Ona görə də, Qaramanlının divanı kimi təqdim edilən şeirlərin içində Nizami Gəncəviyə aid olan şeirləri yeddi qrupa bölmək olar:

1. Nizami Gəncəvinin bir çox şeirlərini olduğu kimi saxlamış;

2. bəzi beytlər dəyişdirilmiş;

3. bəzi sözlər dəyişdirilmiş;

4. əksər beytlərə əlavələr edilmiş;

5. əlavə beytlər yazılmış;

6. bir çox sözlər osmanlıların başa düşdüyü şəklə salınaraq, dövr üçün sadələşdirilmiş;

7. bir çox sözlər dəyişdirilərək türk dilinin osmanlı ləhcəsində yazılmışdır, məlumdur ki, azərbaycanlılar və Türkiyə türkləri həmişə bir xalq olmuş və müxtəlif ləhcələrdə danışmışlar. Elə türk deyəndə də həmişə azərbaycanlılar nəzərdə tutulmuşdur. Türkiyə türklərinə həmişə “osmanlı” demişlər. Yalnız 1932-ci il Stalin siyasətindən sonra Şimali Azərbaycanda yaşayanlara azərbaycanlı demişlər. Cənubi Azərbaycanda isə bu ənənə hələ də qalır və onlar özlərini türk adlandırır. Azərbaycanlı – yalnız hansı məkandan olmanı bildirir. Bu mənada, elə misralar var ki, həmin sözlərin osmanlı ləhcəsinə keçirilməsi şeirin bəhrini pozduğundan, eynilə saxlanılmış, məsələn: yaxşı, o, ancaq və s.

Elə beytlər var ki, birbaşa Azərbaycan toponimləri ilə bağlıdır. Məsələn:

Firqətində, gözün üstündə görən qaşmı deyir,
Körpü kim yapdı, əcəb üstünə Nilü Arazın.


Eləcə də divanda toxunulmamış, eynilə saxlanılan variantlar var: bunlar ilk növbədə azərbaycanlılar tərəfindən işlədilən frazeoloji birləşmələr, atalar sözləri, zərbi-məsəllər, dialekt sözlər, bir çox ifadələrin azəri ləhcəsində ifadəsi və s. (“qapıdan qovur, pəncərədən girir”, “bəd əsildən arvad olmaz”. Bütün bunlara dair konkret faktlar şeirlərin hər birinin ayrıca təhlilində göstərilir.


Araşdırmaçı Sənan İbrahimovun Nizami Gəncəviyə aid etdiyi şeirlərdən

***

Ey gözüm, mən ölmədən ağlamağamı başladın?
Güş edib tapdın yenə, çağlağamı başladın?

Başladün fəryadə salmağa bəni sən ey sənəm,
Hamısın qıldın tamam aldatmağamı başladın?

Sən ki, vüslət yaylığıyla silmədin qanlı yaşım,
Hicr oduyla cigərim dağlamağamı başladın?

Hər gecə ötən kimi, yar işığın yandırıram,
Əlinə daş alıban daşlamağamı başladın?

Ey Nizami, hüsnünü yarın tamaşa qılmağa,
Şəhrə girdin girmədin, ağlamağamı başladın?

***

Mehrini mehr etmişəm canımda ol cananımın,
Şol saçı sünbül, yüzi gül, gözləri məstanımın.

Sürəti şəminə yandısa dili-şeyda nola?
Şama yanmaqdır işi hər kəndəsi pərvanənin.

Dolaşalı zülfünün bəndinə bu miskin könül,
Bildi kim, bağrı nədəndir parə-parə şanənin?

Fərrühü fərhündəvü aləmdə ağ olsun yüzi,
Göz qara qılıb, sənin eşqin oduna yanənin.

Yanmadın eşq oduna, bilməz Nizami ani kim,
Ehtiyat ilə degüldür cünbişi pərvanənin.

***

Gün yüzünü görməyəndən ki, günüm dün kimidir,
Mənə bir ilcə gəlir, gərçi sənə dün kimidir.

Rüzü şəb zülfü ruxun fikri ənisim olalı,
Nə gecəm gecəyə bənzər, nə günüm gün kimidir.

Şadmanəm ki, fərağın mənə məxsus deyil
Ki, demişlər qara gün illə dügün kimidir.

Sən zərü simlə seyid olduğunu eşidəli,
Gözlərim gümüşə döndi, yüzüm altun kimidir.

Yandırıb yaşımı töksə nə əcəb zülfü ruxun
Ki, biri atəşə bənzər, biri tütün kimidir.


Getsə gözümdən olar gözümə aləm qaralı,
Ol ki, anlı aya bənzər, yanağı gün kimidir.

Ey Nizami, ləbi üstündəki xal ol sənəmin,
Qüssədən aşiqi canındakı dügün kimidir.

***

Xətti-reyhan kim, dolanmışdı gülüstanı dürüst,
Halədir kim, dövr edibdir mahi-tabanı dürüst.

Danei- xali-siyahi yar göndəmgünmin,
Odlara yandırdı qəmdən xərməni-canı dürüst.

Qorxuram öldürməyə əhd etdigindən məni kim,
Bulmadım aləmdə bir əhdü peymanı dürüst.

Mürşid olmaz məshəfi-hüsnün rəvan etməzsə şeyx
Kim imam eylər onu bilməz çü Quranı dürüst?

Məh, nə laf eylər səninlə xan hüsn içində kim,
Qapu qoymaz gəzmədən bulunca bir nani dürüst.

Məni gördükcə səninlə mehr edib neylər rəqib,
Can verərkən kafirin Xuda olmaz imanı dürüst.

Xaneqah içində etsən astin əfşan səma,
Qalmaya bir xərqe əhlinin gəribanı dürüst.

Tiz edər şirin ləbinə şeyx dəndani-təmə ,
Gərçe kim, bir danə yox ağzında dəndani dürüst.

Könlünü yıxma Nizaminin ki, yaplimaz dəxi,
Şişə kim, üşəndi kimdir eyliyən ani dürüst.
XS
SM
MD
LG