Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:03

Abbas Cavadi. Nizami üzərində «mülkiyyət haqqı» kimə aiddir?


Abbas Cavadi
Abbas Cavadi
-

"Nizaminin əsli barədə dəqiq və şübhəsiz məlumat yoxdur...

Ata-babasının da haradan, Gəncənin özündən, ya da kənardan gəldiyini qəti demək olmur".


Ötən həftənin sonu Azadlıq Radiosunun “Pen klub” proqramında qızğın debat oldu: “Nizami Gəncəvi kimindir?”

Debatın iştirakçılarından biri, İran Azərbaycanından olan Dr. Abbas Cavadi bu məqaləsində öz mövqeyini daha geniş formada anladır.


Abbas Cavadi


NİZAMİ ÜZƏRİNDƏ “MÜLKİYYƏT HAQQI” KİMƏ AİDDİR?

(Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir)


Hərdən bir hay-küy qopur: Axırda Nizami Gəncəvi üzərində «mülkiyyət haqqı» kimə aiddir? İrana, ya Azərbaycana? İranlıydı, yoxsa azərbaycanlı? Türk idi, ya fars?

Bunlar elə söz-söhbətlərdir ki, nə yazıq Nizaminin ondan xəbəri var idi, nə də onun Xaqani Şirvani və ya Zülfiqar Şirvani kimi müasirləri və digərlərinin.

ƏVVƏLA DİL
Nizaminin "Leyli və Məcnun"una illüstrasiya
Nizaminin "Leyli və Məcnun"una illüstrasiya

Birincisi, dil mövzusudur. Samanilərdən və Qəznəvilərdən ta 20-ci əsrə kimi bugünkü Orta Asiya, Əfqanıstan, İran və Qafqaz müsəlmanları arasında çıxan şairlərin böyük əksəriyyəti, hətta 15-ci, 16-cı əsrdən sonra türkləşənlərin çoxu da, ana dillərindən asılı olmayaraq, fars dilində şeir yazıblar. Türk dilində isə çox az şer deyiblər. Şah İsmail Xətai və ya Mirzə Şəfi Vazeh kimi türkcə yazanlar da olub, amma onların sayı və yazdıqlarının həcmi çox olmayıb.

Osmanlı və hətta Hindistandaki Baburi sultanları, o cümlədən Möhtəşəm və ya Qanuni Sultan Süleyman və Əkbər Şahın fars dilində divanları olub. Bu məntəqədə təqribən min il fars dili, şeir və ədəbiyyatda hakim dil idi. Qafqaz müsəlmanları arasında bu vəziyyət hətta 20-ci əsrə kimi davam edib. Elmi və dini əsərlərin çoxu isə ərəb dilində yazılırdı.

Abbasqulu Ağa Bakıxanovun (1794-1847) özü “Gülüstan-i İrəm” kitabında Xaqani Şirvanini «Hisan-ül Əcəm» adlandırır. Hisan Hz. Peyğəmbər zamanında ən məşhur ərəb şairi olub. Bakıxanovun demək istədiyi odur ki, Xaqani iranlılar arasında Hisan səviyyəli şair idi. Son Bakı xanının övladı olan Bakıxanovun özünün 10 kitabı var. Onlardan sadəcə, biri türkcə. başqa birisi ərəbcə, qalan səkkizi isə farscadir. Hətta “Gülüstan-i İrəm” də fars dilində yazılıb.

Bəs Nizaminin türkcə şeri olmayıb? Xeyr, bildiyimiz qədəriylə, Nizaminin türkcə şeiri yoxdur. Nizami Gəncəviyə aid olduğu iddia edilən və 20-ci əsrdə Qahirə kitabxanalarından birində tapılan türkcə divanın Nizami Gəncəviyə yox, ondan 200 il sonra Quniyyə (Konya) şəhərində yaşayan osmanlı şairi Nizami Quniyəviyə aid olduğu təqribən dəqiqdir və bu fərq həm şeirlərin səbkindən, həm də dilindən aydın olur.

O cümlədən orada «Sultan Məhəmməd Xan»a bir mədhiyyədə deyilir:

Rəzmi Bəhram ilə yunan təxtini fəth eyləyib // Qəsri Keyxosroda Dara beygi tutdi Cam-i Cəm.
Nizami Gəncəvi
Nizami Gəncəvi

«Yunan fəthi» aydındır ki, Nizami Gəncəvi zamanında Atabəy Məhəmməd Cahan Pəhləvanla yox, 200 il sonra Nizami Quniyyəvi zamanı Osmanlı Fatih Sultan Məhəmmədlə bağlıdır.

Yəni sadəcə dil meyarıyla baxsaq, Nizami şubhəsiz fars dili və ədəbiyyatına aiddir.

İRANLI, YA AZƏRBAYCANLI?

Amma bu deməkdirmi ki, Nizami iranlı idi?

O vaxt İran adında bir dövlət yox idi. Azərbaycan adlı bir dövlət isə hələ heç yox idi. Azərbaycan da Xorasan, Rey, Təbəristan kimi bir vilayətin adıydı ancaq.

Nizaminin yaşadığı dövr Azərbayan Atabəyləri dövrüdür ki, Böyük Səlcuqi (və ya İran Səlcuqilərinin) hakimiyyətinin sonunda Aran, Azərbaycan, Həmədan və hətta Rey və gah da İsfahan ve Şiraza hökm ediblər. Atabəylər əslində türk kölələri olublar. Səlcuqi padşahlar onları alıb əmir kimi tərbiyələndirib ordu və dövlət vəzifələrini onlara tapşırıblar. Onlar isə Səlcuqilərin zəvalı zamanı hakimiyyəti de fakto öz əllərine alıblar.

Xususiylə Səlcuqilər hökuməti dağılandan sonra mərkəzi hakimiyyət dağılır və yerlərdə qısa ömürlü hökumətlər yaranır. İran adında rəsmi bir ölkə yoxdu, amma «mədəni fəza» kimi İran düşüncəsi var idi. Bu ideya İran tarixindən, mədəniyyətindən qalmışdı ve ələlxüsus Samanilərdən və Qəznəvilərdən sonra daha da güclənmişdi – necə ki, Nizaminin bu şeirindən və Xaqaninin “Eyvan-e Mədaen”indən də aydın olur:

همه عالم تن است و ایران دل // نیست گوینده زاین قیاس خجل (هفت پیکر، بهرام نامه)

«Bütün aləm bədəndir, İran isə ürək / Bunu deyən belə müqayisədən utanmaz» (Nizami, Həft Peykər/Bəhram-Namə)


Səlcuqilərin də, Atabəylərin də hökm sürdükləri ərazilər ümumilikdə bugünkü İran coğrafiyasıdır. Ələlxüsus Gəncə, Şirvan, Qarabağ kimi vilayətlər tarixən İran torpaqları olublar ve İslamdan sonra bütün bu ərazilər xəlifəliyə tabe edilsə də, Səfəvilərlə İran dirçəldikdən sonra yenidən İran sərhədlərinə qayıtmış və ancaq 19-cu əsrdə İran-rus müharibələrindən sonra ondan ayrılmışdır.

Habelə, görünür Nizaminin Gəncədə doğulduğı və orada yaşayıb vəfat etdiyi haqda şübhə yoxdur. Ancaq İqbalnamə-nin bəzi əlyazma nüsxələrindən belə çıxır ki, Nizami, öz əslinin Qum şəhərinin Qəhistan kəndindən olduğunu deyir:

گرچه در بحر گنجه گمم // ولی از قهستان شهر قمم

Nizaminin Gəncədəki məqbərəsi
Nizaminin Gəncədəki məqbərəsi
«Hər nə qədər də Gəncə dəryasında itmiş olsam da // Qum şəhərinin Qəhistanındanam»

Ancaq bəzi alimlər deyirlər ki. ehtimal bu beyt sonralar İqbalnaməyə əlavə edilmiş ola bilər. Onların fikrincə, Nizaminin əsli İraq-i Əcəmdəndir (Həmədan, Qəzvin, Rey, İsfahan).

Belə çıxır ki, Nizaminin əsli barədə dəqiq və şübhəsiz məlumat yoxdur.

Amma rahatlıqla demək olar ki, Nizami Gəncədə doğulduğuna və Gəncənin də bugün Azərbaycan Respublikasında olduğuna görə, azərbaycanlı, habelə dil, siyasi tarix və mədəniyyət tarixinə görə, eyni zamanda da iranlı sayıla bilər.

TÜRK, YA FARS?

Nizaminin bugünkü təbirlə desək etnik tabeiyyətini dəqiq olaraq demək imkansızdır. Ata-babasının da haradan, Gəncənin özündən, ya da kənardan gəldiyini qəti demək olmur. Ancaq bəzi təxminlər irəli sürmək olar.

Bir şeirindən belə nəticə çıxarılır ki, anası kürd olub:

گر مادر من رئیسه کُرد // مادر صفتانه پیش من مُرد (لیلی و مجنون)

Mənim anam, kürd əşrafındansa // Mənim yanımda ana kimi öldü (Leyli və Məcnun)


Bu ancaq Nizaminin valideyninin bir tərəfi, yəni anası haqqında bir ehtimaldır.

Bir də o dövrün tarixi əsasıda bəzi təxminlər irəli sürülə bilər.

O vaxtlar Arazın şimalı və cənubunda müsəlman xalqın əksəriyyəti hələ tam türkləşməmişdi. Orta Asiyadan köçüb gələn türk-dilli qəbilələrin köç və yerləşməsi prosesi hələ təzə, 200 il idi ki. başlamişdı. Rum məmləkətində, yəni Anadoluda da belə idi və oraların, habelə Azərbaycan, Gəncə və Şirvanın yerli xalqının gəlmə qəbilələrlə qaynayıb qarışması və türkdilliləşməsi 15-ci, 16-cı əsrə kimi davam etməli idi.

Nizaminin fars dilini gözəl bildiyi əsərlərindən aydındır. Türkcə bildiyini sübut edən hər hansı bir dəlil isə yoxdur. İki qrup arasında onun Leyli və Məcnun əsərindəki bir şeri haqqında fikir ayrılığı var:

ترکی صفت وفای ما نیست // ترکانه سخن سزای ما نیست

«Türki bizim vəfamıza uyğun bir sifət deyil / Türklər kimi danışmaq bizə yaraşmaz»


Bu şeirə əsaslanaraq bir qrup Nizaminin türkcə bilmədiyini, hətta bu dili xoşlamadığını deyir. Digər qrup isə, əksinə, türkcə bildiyini, amma Atabəylərə tabe olan yerli hakimlərin onu fars dilində yazmağa məcbur etdiyini söyləyir. Amma bu iddiaların heç birini sübut edəcək dəlil yoxdur.

BƏS ONDA?

O vaxtlar şeir və ədəbiyyat bir parça torpaq və ya hər hansı bir dil və qövmə məxsus deyildi. Vətəndaşlıq, pasport, fars-türk davası da yox idi çünki hər kəs özünü birinci olaraq müsəlman kimi tanıyırdı.

Mənim şəxsən çıxardığım ümumi nəticə budur ki, Nizami gəncəli, azərbaycanlı və iranlıdır. Onun əsərləri İran-fars ədəbiyyatına aiddir. O, dünya ədəbiyyatına və bəşəri mədəniyyətə aiddir və hər kəs, iranlı da, azərbaycanlı da, fars da, türk də, kürd də, erməni də. alman da onu oxuyub faydalansa yaxşı olar. Kim istəsə, Nizami ilə fəxr də edə bilər. Ancaq «Nizami kimindir?» sualından çox, onun əsərlərini oxumaq və yaşadığı dövrü kəşf etmək daha maraqlıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG