Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:50

Seyfəddin Hüseynli: "Kitab təbliğatı daha çox tərs nəticə verir"


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli
-

Kitabların bizim həyatımızdakı rolu hardasa bir qədər şişirdilmiş kimidir.

Bizim məşhur “kitabqurd”umuz Qismətə zəng vurdum ki, bəs “ov” üstünə düşmüşəm, gəl.

Bir neçə rayonun kitabxanasında adım borclular siyahısında var, bəlkə hələ də ümid edirlər ki, gətirib o kitabları qaytaracağam.

Erotikayla zəngin, ancaq ümumən tamam primitiv kitabı da çox yaxşı qonorar qarşılığında, canımı dişimə tutub tərcümə edərəm, həm də, qədeşlər demiş, necə lazımdı.


Publika.az-ın "Həyatımın kitabları" rubrikasında müsahibi esseist və tərcüməçi, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynlidir.


- Kitablar Seyfəddin Hüseynlinin həyatına nə vaxtdan daxil olub ?

- Kitabların həyatıma, ətrafıma gəlişi mənlik olmayıb. Evin sonbeşiyi olduğuma görə mən qanıb-qandırmağa başlayanda, oxumağı öyrənəndə artıq evdə xeyli kitab vardı. Özümdən neçə yaş böyük qardaşlarım orta məktəbin son siniflərində, sonralar ali məktəblərdə oxuduqları vaxt kitabların bizim evə bir axını olub.

Sonra mənim yaşım irəlilədikcə çox həris şəkildə onları özümünküləşdirməyə başladım. Qardaşlarımın artıq oxuyub bitirdiyi, loru dildə desək, “çırpışdırdığım” kitablardan ibarət balaca bir kitabxana düzəltmişdim özümə, hələ üstəlik də üstünə yazıb vurmuşdum ki, “Seyfəddinin şəxsi kitabxanası”.

Halbuki o kitabları ordan-burdan çırpışdırmışdım. O kitabların əksəriyyəti müxtəlif sahələrlə bağlı kitablar idi. Orda “İnsanın normal anatomiyası”ndan tutmuş “Rus dilinin tədris metodikası”na, “Üzümçünün stolüstü kitabı”na qədər, müxtəlif kitablar vardı. Qoruyub səliqəsini pozmaq istəmədiyim kitablar kəndimiz işğal olunanda evimizdə qalıb yandı. Amma o kitablar nüsxə şəklində orda qaldı, əslində çoxunun məzmunu beynimə hopmuşdu. O ilk kitabxana əlimdən çıxdı, amma yenə də kitab toplamağa başladım.

Etiraf edirəm ki, bir neçə rayonun kitabxanasında adım borclular siyahısında var, bəlkə hələ də ümid edirlər ki, gətirib o kitabları qaytaracağam. Çoxlu, fərqli kitablar götürmüşdüm o kitabxanalardan. Amma özümə ənənəvi bir fikirlə bəraət verirəm ki, axı kitab oğurluğu günah sayılmır.

- O dövrdə dəbdə olan imzalardan ən çox kimləri oxuyurdun?

- Qardaşlarımdan biri rus ədəbiyyatı üzrə təhsil aldığı üçün Moskvadan Bulqakovun təzə nəşr olunmuş kitablarını gətirirdi, onları çox böyük həvəslə oxuyurdum. O biri qardaşlarım da, lap xüsusi şəkildə olmasa da, hər halda kitaba maraqları vardı. 1985-də, ya bəlkə 86-da Yusif Səmədoğlunun "Qətl günü" romanı evdə əlimə keçdi və zövqlə oxuduğum, indi də gözümdə çox qiymətli qalan əsər oldu. Orta məktəbdə olimpiadalarda, bilik yarışmalarında yer tuturdum, mənə mükafat kimi kitablar verirdilər. Məsələn, Nizaminin “Yeddi gözəl”ini, Covanyolinin “Spartak”ını, onda çox dəbdə olan Vidadi Babanlının “Seçilmiş əsərləri”ni mükafat kimi qazanmışdım. O vaxt orta məktəbdə maraqlı bir ənənə var idi, bayramlarda qızl-oğlanlı bir-birimizə kitablar hədiyyə edirdik. Yadıma gəlir, o vaxt qızlardan biri mənə İsa İsmayılzadənin “Yelləncəkdə yellənən külək” kitabını, bir başqası Korney Çukovskinin əsərlərini mənə hədiyyə etmişdi. O dövrdə kitab sanki bizim bütün məişətimizə yerimişdi.


Seyfəddin Hüseynli, mərhum şair Zərdüşt Şəfi və yazar Qismət
Seyfəddin Hüseynli, mərhum şair Zərdüşt Şəfi və yazar Qismət


- Çoxdan axtardığın və qəfildən əldə etdiyin kitablar olubmu?

- İki il bundan əvvəl şəhərdə bir kitabxananın yanından keçəndə gördüm ki, bir xeyli köhnə sayılıb siyahıdan silinən, maklaturaya çevrilən kitabı qapının ağzına yığıblar. Hamısı da rusca. Bir az çətin olsa da, işçiləri yola gətirə bildim ki, bu kitablardan seçib götürüm. Əksəriyyəti rus dilində olan nəşrlər idi. Bizim məşhur “kitabqurd”umuz Qismətə zəng vurdum ki, bəs “ov” üstünə düşmüşəm, gəl. Biz ordan xeyli kitab seçdik. Təsəvvür elə, kimləri tapdıq ordan: Bodlerin, Eluarın şeirlər kitabları, Ərəb ölkələri ədəbiyyatından şeir-nəsr antologiyaları, rus, fransız, ingilis, Latın Amerikası ədəbiyyatından gözəl-gözəl kitablar vardı. Onların bir çoxunu almaq üçün xeyli pul xərcləmək lazım gələrdi, amma yox yerdən əlimizə düşdü. 90-cı illərin əvvəllərində təsadüfən Ağcabədi rayon kitabxanasına baş çəkəndə məlum oldu ki, kitabxananın müdiri şair Zəlimxan Yaqubun qrup yoldaşı olub. Bir az tanışlıq yaranandan sonra öyrəndim ki, burda sovet vaxtı nəşr olunan çoxlu kitab yığılıb qalıb, özü də çox ucuz, lap simvolik qiymətə. Bəlkə yüzə yaxın kitab seçib aldım ordan. Həmin kitablar da indi kitabxanamın çox gərəkli nüsxələridir.

- Həyatının kitabları hesab etdiyin kitablar varmı?

- Sözün açığı qorxuram ki, mənim kitab haqqında deyəcəklərim sizin bu layihənin tematikasına zidd ola. O mənada ki, kitabların bizim həyatımızdakı rolu hardasa bir qədər şişirdilmiş kimidir. Həyatımın kitabları deyəndə nəsə xüsusi mövqeyə qaldırır, əlahiddə status veririk kitablara. Amma elə məfhumlar, əşyalar var ki, əslində onların yaşayışımızdakı rolu kitabdan geri qalmır, bəlkə də onu üstələyir. Kitab elə bir fenomendir ki, bizi, yəni dünyanın azdan-çoxdan dini-mədəni dünyagörüşü təkmilləşmiş, sistemə salınmış xalqlarını doğulandan ölənə qədər, yəqin ki, inancımız üzrə, ondan da o yana, lap axıra qədər müşayiət edir. O məşhur sorğu-sual günü ki deyirlər, inanca görə, o məqamda belə bir çağırış olacaq: “İqrə kitabəkə”, yəni oxu öz kitabını, ya əməl dəftərini.

Ümumiyyətlə, bu kitab məsələsi qəliz, dolaşıq söhbətdir və görünür, biz heç vaxt bundan yaxamızı qurtara bilməyəcəyik. Sözsüz ki, insanı insanlaşdırması, öz mahiyyətinə bağlaması, daha da yüksəltməsi baxımından kitab çox əhəmiyyətlidir. Amma indiki halda, elə bilirəm, ümumilikdə kitab fetişləşdirilməməlidir, bu, yanlışdır. Sözsüz ki, müqəddəs kitablar başqadır, kitabın ümumən müqəddəsləşdirilməsi bir başqa. Amma bu dəqiqə biz kitabların həyatımızdakı rolunu ölçüb-biçəndə, mənə elə gəlir, ya ifrata varırıq, ya da həddən artıq kiçildirik onu. Hər işdə vacib olan tarazlıq, etidallı yanaşma burda da olmalıdır. Çünki biz həyatdan, kitabın həyatdakı rolundan danışırıq, həyat da ki, məlumdur, çox geniş məsələdir. Bir də bizdə kitab daha çox ədəbiyyatla bərabər tutulur. Məsələn, “kitab oxumaq” deyəndə mütləq belə başa düşülür ki, yəni ədəbiyyat oxumaqdan söhbət gedir. Amma əslində bu da oturuşmuş yanlış təsəvvürlərdən biridir. Bizim ədəbiyyatda gördüyümüz, yaratdığımız böhranın bir səbəbi də elə “kitab, ədəbiyyat” deyib öz içimizdə qaynamağımızdan meydana gəlir. Halbuki yaxşı ədəbiyyatın yaranması üçün bəlkə də bir xeyli yad sahələrə aid kitablar oxumaq lazımdır. Misal üçün, Nizaminin kitaba, oxumağa münasibəti çox maraqlı, həm də gərəklidir:

Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli

Dünyada nə qədər kitab var belə,
Arayıb-axtarıb, gətirdim ələ.
Oxudum, oxudum, məğzinə vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.


Onun tərcümeyi-halı ilə bağlı belə bir ehtimal vurğulanır ki, Nizami əsərlərinin mütaliə bazasını hazırlamaq üçün Gəncəylə Bərdə arasındakı hansısa məşhur alban məbədindəki zəngin bir kitabxanadakı nüsxələrdən bəhrələnib. Aylarla orda ən fərqli sahələrə - təbiət elmlərinə, fəlsəfəyə, mifologiyaya, tibbə, tarixə və sözsüz ki, ədəbiyyata aid kitablar oxuyub. Nizaminin əsərlərindəki o fundamentallığı təmin edən əsəas cəhətlərdən birinin bu olduğu çox inandırıcı görünür.

- Azərbaycanda bu gün kitab təbliğatını qənaətbəxş hesab etmək olarmı?

- Bu gün bizdə kitabın təbliğatı zahirən zəif deyil, geniş formada aparılır, amma əsasən tərs nəticə verir. Çünki adamlara kitabın, onu oxumağın, yazmağın həqiqətən uğur gətirdiyinə inandıra bilmirik. Gəlin baxaq, görək “kitab oxunsun, kitab oxunmur” sözləri ən çox kimlərin dilindən səslənir. Adam yazıçıdır, güzəranından gileylənir, sonra da deyir, kitab gözəldir, kitab oxuyun, sonra bir də təzədən qayıdır ki, vəziyyətimiz çox pisdir, bizə qiymət qoyan yoxdur.

Bu şəkildə kimi inandırmaq olar, kitabın faydasına, dəyərinə?! Axı adamlar, xüsusən indinin insanı işin bu tərəfinə daha çox fikir verir. Ən azı özümüzü elə apara, elə təqdim edə bilərik ki, barı vəziyyətimizin ağırlığının günahı kitabın üstünə düşməsin. Ya da özümüzü sındırmayaq, deyək, yox, şükür, vəziyyətimiz pis deyil. Ən azından bu görüntünü yaratmaq lazımdır ki, insanlarda kitaba maraq yaransın. Təsəvvür elə ərzaq satan deyir ki, mən bu ərzaqı yedim, doymadım, ya da zəhərləndim, amma gərək siz də yeyəsiniz. Bax bu yanaşma kitabın əleyhinə işləyir. Kitaba çağırış elə bir mövqedən səslənməlidir ki, cəlbedici olsun. Bu gün kitab təbliğatı boldur. Amma məqsədyönlü deyil. Kitab ətrafında yaranan bütün bu hay-küyün iki mənfi cəhəti var: birincisi, kitab adına bütün keyfiyyətsiz nəşrlərin də təbliğ olunması, ikincisi də, kitabın aclıq, yoxsulluq gətirən, amma mənəvi həyatı, əbədi yaşamı təmin edən vasitə kimi guya qabağa çəkilməsi. Bunların hər ikisi həm kitabı bədbəxt eləyir, həm də onu bədbəxtlik vasitəsi kimi tanıdır.

- Bu gün çox loru dildə yazılan şeirlər var. Ümumiyyətlə, gündəlik danışıq dili ilə şeir dili arasında bir fərq olmalıdırmı?

- Sözsüz ki, bəzən ədəbiyyat da hardasa adamlar formalaşdırır, amma ilkin halda ədəbiyyatı adamlar yaradırsa, deməli, ədəbiyyat özü də canlı bir sistemdir. Ona görə də adamların şüuru ilə bağlı bəzi proseslər mütləq ədəbiyyatda öz izlərini qoyur. Yoxsa ədəbiyyat canlılığından çıxa bilər. Bu son vaxtlar ən çox şeirə təsir edir. Açığı, mən şeirdəki bu sadələşməni, dediyin o lorulaşmanı normal sayıram, lap bəyənirəm də. Məsələn, şeirin dilinin çox möhtəşəm, bəzəkli, əlçatmaz olduğu vaxtlar olub, xüsusən də Şərq poeziyasında, belə deyək də, biz bunun kralını yaratmışıq. Amma indi şeirin adamların məişətinə, gündəlik həyatına çox yaxınlaşan, bu sürət dövrüylə ayaqlaşmalı vaxtıdır, belə də olmalıdır, yoxsa şeirin indi zəifləyən mövqeyi tamamən itə bilər. O mənada ki, böyük poeziya xəzinəsini görə-görə gəldikdən sonra o rəngarəliklə poetik çıxış etmək olmur, çox çətindir. İndi şeir o qədər rahatlaşmalıdır ki, bizimlə birlikdə irəliləsin, itib-batmasın. Gündəlik düşüncəmiz bəlkə elə şeirlə olmalıdır ki, şeir özü adiləşsin, artıq boyaları qalmasın. Mən buna yaxşı baxıram. Ənənəvi şeirin cazibəsindən, qəribə, sehrli haləsindən çıxmaq istəməyən adamlar bununla şeirin öləzidiyini düşünürlər, amma məncə, şeir bununla əslində yeni bir enerji qazanır.

Seyfəddin Hüseynli Azadlıq Radiosunun "Pen klub" proqramında
Seyfəddin Hüseynli Azadlıq Radiosunun "Pen klub" proqramında

- Elə bil indiki şeirlərdə duyğu çatışmır. Bu sənə də belə gəlmirmi?

- Hər yazılan şeir olmadığı kimi, hər duyğu da axı şeirə layiq duyğu deyil. Amma indi bu da təkcə şeirin forması və dili ilə bağlanmamalıdır. Əvvəla şeir, əsər yarananda Allah elə onun dilini də yetirir, bir-biri ilə uyğunlaşdırır. Bu, hardasa sırf buralarda yaranan vəhdət məsələsi deyil, elə əvvəldən olan vəhdətin təsiridir, məncə. Şeirin duyğusuz olmasının günahı da onunu forma və dili ilə bağlı deyil, bu şeiri yazanın özünün duyğusuzluqla bağlı problemidir. Şeirin formaca sərbəstləşməsinin belə bir cəhəti var ki, çox nöqsanı onun boynuna yükləmək olur. Amma qəribədir ki, son dərəcə mənasız olan, elə mənasızlığıyla da mənim beynimə hopmuş bir çox şeirlər var, forması, dili çox cazibəlidir, amma duyğusu, mənası, fikir yükü yoxdur. Yəni əruz kimi mükəmməl bir vəzndə, yaxud hecanın özündə o qədər səfeh misralar yığını oxumuşuq ki!

- Ədəbiyyata yeni bir nəsil gəlib. Bu gün onları izləyərkən onlardan hansılarının ədəbiyyatda qalacağını düşünürsən?

- Həyatda ən qorxulu, bəlkə də ən lazımsız şeylərdən biri zamanın əvəzinə hökm verməyə çalışmaqdır. Nə qədər şablon səslənsə də, doğrudan da, bu dediyin məsələ vaxtla bağlı, zamandan asılı məsələdir. Amma bəzi cizgilər, konturlar indidən görünür. O baxımdan düşünürəm ki, bizim ədəbiyyatda son beş ildə, ümumi götürülsə, bəlkə 50 il vaxt tələb olunan bir inkişaf prosesi gedib. Doğrudan da, çox böyük zaman tələb edən hadisələr bu son beş ilin içində gerçəkləşib. Bu prosesdə mühitin içindən seçilib, özü də yeni, həm də sağlam mühit yaradan imzalar yetişib. Dünyayla ayaqlaşmaq deyilən nəsə varsa, bax buna nail olan imzalar indi bizdə var. Məncə, bu imzaların fərqli istedadları, orijinal yaradıcılıqları bir yana, həm də onlar indiki dövrün, içərisində olduqları ədəbi prosesin əsl fədakarlarıdır. Yaş, nəsil fərqliliyi, yaradıcılıq yönünün müxtəlifliyi varsa da, əslində, bu dediyim cəhət onları bir yerdə sıralayır. Yəni eyni məqsədə yönələn işlər görürlər. Şeirdə də, nəsrdə də, tərcümədə də, essesitikada da, ədəbi tənqiddə, ədəbiyyatşünaslıqda da belədir. Birnəfəsə xeylisini saya bilərəm: Məsihağa Məhəmmədi, Cavanşir Yusifli, Səlim Babullaoğlu, Etimad Başkeçid, Şərif Ağayar, Nicat Məmmədov, Qismət, Nərmin Kamal, Fərid Hüseyn, Qan Turalı, Əli Novruzov, Cavidan, Feyziyyə, Sevinc Elsevər, Vüsalə Məmmədova, Namiq Hüseynli, Musa Əfəndi. Vallah, məncə, bunlar çox qiymətli imzalardır. Bunlar da, hələ qalan neçələri də var ki, onların hesabına gələcəkdə indiki ədəbi proses haqqında qibtəylə, nostaljiylə danışılacaq.

- Tərcüməçilər əslində kitabların gizli qəhrəmanlarıdır, amma çox vaxt kölgədə qalırlar. Maddi və mənəvi anlamda haqq etdiyin dəyəri almadığını hiss etdiyin anlar olurmu?

- Tərcümə doğrudan da, ağrılı yerimizdir. Tərcüməçi işinin əslində əziyyəti doğrultmayan, nanəcib bir iş olduğunu bu işə şüurlu yanaşan hər adam bilməlidir. Bizdə bu işin sistemi hələ təzə-təzə qurulur, ona görə də bir xeyli fəsadlar var. Amma bu mərhələni daha tez, daha fəsadzsız adlamaq da qazancımız olar. Bunun üçün də getdiyimiz yolda ayağımızın altına baxmaq, başqalarının təcrübəsini öyrənmək, mənimsəmək, tərcümələrdə ana dilimizin təəssübünü ədalətlə çəkmək lazımdır.

- Son vaxtlar erotik kitablar geniş yayılıb. Həm də çox oxunur. Belə bir əsərin tərcümə təklifi gəlsə, edərsənmi?

-Niyə də olmasın. Erotikayla zəngin, ancaq ümumən tamam primitiv kitabı da çox yaxşı qonorar qarşılığında, canımı dişimə tutub tərcümə edərəm, həm də, qədeşlər demiş, necə lazımdı. Üstəlik, bunu dəqiq bilirəm ki, bizim dilimiz istənilən bir erotik mətni normal, hətta gözəl tərcümə etməyə geniş imkanlar verir. Bu məsəldə dilimizin bir qram zəifliyi, korluğu yoxdur. Erotika rəfinə qoyulan, amma əslində dünya ədəbiyyatının yüksək səviyyəli nümunələri var ki, onlardan da, yeri düşsə, şərtlər imkan versə, qəşəng-qəşəng tərcümələr eləmək olar.

- Qayıdaq kitablar məsələsinə. Kitabxananda bir yanğın baş versə hansı əsərləri xilas edərdin?

- Düzü, kitablar bəzən adama əməlli-başlı mane olurlar. Yəni rahatlığı pozmaq sarıdan deyirəm. İş yerimdə masamın altında bir yeşik həmin bu “həyatımızın kitabları” qəbildən olan kitablar var. Amma sonra məlum oldu ki, o yeşik mənim həyatıma, rahatlığıma ziyan vurur. Rahat ola bilmirdim yerimdə, elə bilirdim ki, masanın altında kimsə oturub, mən ona mane oluram. Sürtə-sürtə şalvarlarımın dizini də aparırdı. Bir gün yeşiyi çıxardıb boşaltdım, kitabların bəzilərini elə işdəki rəflərə yığdım, bəzilərini evə apardım. Rahatlığa çıxdım. Yəni belə görürəm ki, kitabları arada özümüzdən, həyatımızdan uzaqlaşdırmaq lazımdı. Evdəki kitabxanam elə də geniş deyil, normal saymaq olar bəlkə. Deyim ki, kitablarım, allah göstərməsin, yanğında, seldə tələf olduğunu görsəm, onlardan ötrü qətiyyən təhlükəyə girmərəm. İmkan varsa, çıxardaram, yoxdursa, deməli, keçib o işdən. Düzdür, kitablarımın bir xeylisini də müəlliflərdən imzayla almışam, ya özləri avtoqrafla bağışlayıblar. Ancaq yəqin, onlar da istəməzdilər ki, kitaba görə özümü təhlükəyə atım.

Günel Musa
publika.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG