Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:35

Qonşu qonşu olsa...


Füzuli Əliyev
Füzuli Əliyev
-
«Bizim evlərimiz köhnə «fin» evləridir. Divar qonşum 3 otaqlı evini söküb, həyət qarışıq ümumi sahəsi 600 kv. metr olan ərazidə 5-mərtəbəli qeyri-yaşayış binası tikir. Binanı da mənim evimin divarına yapışdırır».

Bunu «Qaynar xətt»ə Cəlil Məmmədquluzadə küçəsindəki 85 saylı evin 205-ci mənzilində yaşayan Füzuli Əliyev deyir. Qonşusu Sahibə Səfərova bu ilin may ayından onların rahatlıqlarını pozub:

«Bu xanım mənim divar qonşuluğumdakı mənzili 3 il əvvəl alsa da, bircə gün də orada yaşamayıb. Onun barəsində heç bir məlumatımız yoxdur. Bu ilin may ayında həyətə ağır texnika, fəhlələr töküldü, başladılar evi sökməyə. Dedi ki, burda 5 -mərtəbəli bina tikdirirəm. Mən narazılıq etdim, bildirdim ki, ev köhnə tikilidir. Sən öz hissəndə özül qazanda, mənim evim başıma uçacaq. Gördüm vecinə deyil, söküntünü dayandırmır. Məhkəməyə müraciət etdim. Hakim qərardad çıxartdı ki, iş dərhal dayandırılsın. Belə də oldu».

«HAKİM QƏRARDAD ÇIXARTDI Kİ, TİKİNTİ DAVAM ETSİN»

Füzuli Əliyev deyir, bu sakitlik cəmi 20 gün davam edib. Hakim işin dayandırılması ilə bağlı qərardadı ləğv etdiyinə görə 20 gündən sonra əraziyə yenə fəhlələrlə ağır texnika gətirilib:

«Sahibə Səfərova mənim xeyrimə çıxan qərardaddan hakimə şikayət verdi. Hakim gəldi, əraziyə baxış keçirtdi, dedi, bina sökülüb, artıq gecdir. İşi dayandırmaq olmaz. Mən isə bildirdim ki, burda özül qazılsa, evim başıma uçacaq. Getdi, əvvəlki qərardadı ləğv etdi. Mən dərhal həmin ləğv qərardaddan apellyasiya şikayəti verdim. Bakı Apellyasiya Məhkəməsi hələ mənim şikayətimə baxıb qərar çıxartmayıb. Ərazidə isə iş dayandırılmayıb. Özül qazıldı, evimin divarları cırıq-cırıq oldu. Onlar işi sürətləndirdikcə, mənim evimin başımıza uçması təhlükəsi də artır».

ƏMLAK MƏNİMDİR, ÖZÜM BİLƏRƏM?

Sahibə Səfərova isə bildirir ki, qeyd olunan ünvandakı mənzil 2010-cu ilin oktyabr ayından ona məxsusdur. Mənzil sökülənə qədər orda yaşayıb. Qanun ona əmlakı ilə öz istədiyi kimi davranmaq, üzərində sərəncam vermək hüququ verir. O da öz mənzil şəraitini yaxşılaşdırmaq üçün mənzili söküb yerində yenisini tikmək qərarına gəlib. Buna görə lazımi orqanlara müraciət edib. Bu il aprelin 3-də Nəsimi rayon İcra Hakimiyyətindən sərəncam aldıqdan sonra evini söküb:
Vecinə deyil, söküntünü dayandırmır.
Vecinə deyil, söküntünü dayandırmır.

«Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ekspertləri ünvana baxış keçiriblər, ölçmələr aparıblar, müəyyən nümunələr götürüblər. Sonra da rəy tərtib ediblər».

Sahibə Səfərova hesab edir ki, öz torpağında apardığı tikintinin Füzuli Əliyevə heç bir zərəri yoxdur.

«EV UÇSA, 12 NƏFƏR ALTINDA QALACAQ»

Füzuli Əliyevin yaşadığı ünvanda da olduq. Köhnə tikilidir. Anası Fatma Əliyeva otaqların, mətbəxin divarlarındakı yarıqları göstərir:

«Görün nə hala salıblar evimizi... Yoldaşım müharibədən qayıdandan sonra bu evi ona hökumət vermişdi. Çox köhnə evdir. Burda 12 nəfərdən ibarət ailə yaşayır. Ev içəridən partlaq-partlaqdır. Qoca, xəstə adamam, yata bilmirəm. Orda qazdıqca, bizim evimiz titrəyir, elə bil, indicə başımıza uçacaq. Deyirlər, xoşunuz gəlmir, köçün gedin. Belə də dərəbəyilik olar? Elə bil, indicə başımıza uçacaq. Ev uçsa, 12 nəfər altında qalacaq».

Füzuli Əliyev apellyasiya şikayəti ilə bağlı qərar çıxarılanadək ərazidə işin dayandırılmasını tələb edir. Nəsimi rayon İcra Hakimiyyəti isə tikinti işlərinin dayandırılması üçün tikinti sahibinə xəbərdarlıq olunduğunu deyir.

Hüquqşünas Namizəd Səfərov deyir ki, qanunvericilikdəki «əmlak üzərindəki hüquqlardan istifadə» başqasının əmlakına zərər vurmamaqla həyata keçirilməlidir.
XS
SM
MD
LG