Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:22

Səməd Vurğunun bir əyləncəsi vardı: futbol


Səməd Vurğun
Səməd Vurğun
-

"Onun üçün xüsusi idman kuboku almışam. O buna layiqdir. Üstünü yazdırıb bağışlayacağam".


İmran Qasımov


VURĞUNUN KUBOKU


Bu nə etrusk vazası, nə Roma imperatorunun yataq otağında qoyulmuş şamdan, nə də ki Azərbaycanın mahir misgərlərinin hazırladıqları qab deyildir.

Bu hər bir idman malları mağazasında satılan adi kubokdur.

Onun xüsusiyyəti yalnız bundan ibarətdir ki, bu kubok unudulmaz Səməd Vurğuna məxsus olmuşdur. Mən kuboka baxıram, hafizəmdə isə xatirələr canlanır...

Səməd Vurğun, əlli illiyini qarşılamağa hazırlaşarkən geniş şöhrət qazanmış və hamının hörmət etdiyi bir şair idi; onun vaxtından taz ağarmış saçları, gənclik həvəsi ilə döyünən qəlbi, çoxlu yaradıcılıq və ictimai işi, dövlət qayğısı və bir əyləncəsi var idi – futbol...

Vurğun təkcə azarkeş deyildi: o, futbolu bir növ incəsənət hesab edir və hər dəfə onda yeni-yeni gözəl xüsusiyyətlər aşkara çıxarırdı.

Bir dəfə, bürkülü bir yay günündə biz S.Vurğun ilə birlikdə Moskvanın “Dinamo” stadionuna yola düşdük. Bu paytaxt komandasının heyətində həmyerlimiz Ələkbər Məmmədovun ilk oyunlarından biri olmalı idi və buna görə də biz onun əvəzinə hədsiz həyəcan keçirirdik; lakin o, oyunda öz ağlını, istedadını göstərdi. Vurğun çox sevinirdi.

Oyundan sonra biz həyəcanımız hələ də keçib getmədiyi bir vəziyyətdə oğlanlardan və qızlardan ibarət böyük bir dəstənin içərisində addımlayırdıq. Onların gülüşü, söhbətləri, görünür, Vurğunun könlünə yatmışdı. O, ağarmış başını dik tutaraq cavanlar kimi şux addımlarla metro stansiyasına doğru irəlilədi.

Qəflətən yaxınlığımda taksi maşını gördüm. Dərhal maşına minib Səmədi səslədim. O, dəstədən həvəssiz ayrılıb “Pobeda”ya yaxınlaşdı, qabaq qapını yavaşca açdı.

- Nəyə lazımdır? – deyə qaşlarını çatdı.
Ələkbər Məmmədov
Ələkbər Məmmədov

Mən dodaqaltı izah etdim ki, basırıqdır, taksidə mehmanxanaya daha tez çatarıq. Şair cavab vermədi. Köksünü ötürdü və ağır-ağır maşına oturdu. Yolda bir kəlmə də danışmadı, dərin fikrə dalmışdı.

Görünür, sürücü tələsirdi, sürəti artırırdı.

- Mən tələsmirəm – deyə Səməd söz atdı.

Sürücü onun sözlərinə məhəl qoymadı.

- Mən tələsmirəm, - deyə Vurğun bir az da ucadan təkrar etdi.

Sürücü gülümsündü, lakin sürəti azaltmadı.

- Bura bax, - deyə Səməd kəskin surətdə ona sarı döndü, - Mən heç yana tələsmirəm, başa düşürsən? Tezliklə əlli yaşım tamam olacaqdır!

Bir azdan sonra o, kürəyini söykənəcəyə dayadı, gözlərində təbəssüm cilvələndi:

Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən...
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!


Təqribən il yarımdan sonra mən Kislovodskdakı sanatoriyaya Səməd Vurğunu görməyə getmişdim.

Vurğun artırmada oturmuşdu; buradan bütün kurortun mənzərəsi açılırdı. O özünü yaxşı hiss etmirdi, lakin məni görəndə canlandı. Şübhəsiz ki futboldan da söhbət düşdü.

- Bilirsənmi, mən Ələkbər Məmmədov üçün xüsusi idman kuboku almışam. O buna layiqdir. Üstünü yazdırıb bağışlayacağam. Nə gözəl hücumçudur! Yadındadır, necə oynayırdı... Bir də... yadındadırdmı: oyundan sonra basırıq, cavanlar, taksi? Elə isə qulaq as:

Demə ki yorğunam, ya qocalmışam,
Mən hələ dünyadan nə zövq almışam?
Nə şadlıq səyirtsin atını, nə qəm
Heç yana, heç yerə mən tələsmirəm!


Sonralar K.Simonov bu şeiri rus dilinə çox gözəl tərcümə etdi, şeir dillərə düşdü.
İllər keçdi. Mənsə xoşbəxtlikdən şahidi olduğum poetik ilham anlarını unuda bilmirəm.
Bəs kubok? O, sahibinə çatmadı: tezliklə şairin qəlbi dayandı...

“Bakı” qəzeti, 5 aprel 1967-ci il
“Qalacaqdır dünyada” (Səməd Vurğun haqda xatirələr) kitabından. Bakı, 1972

Ələkbər Məmmədovun oyunu

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG