Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:16

Yusif Səmədoğlu. İlk dəfə idi atamı gözləri yaşarmış görürdüm (Xatirə)


Yusif Səmədoğlu

Yusif Səmədoğlu

-

- Bu kitabların hamısı sənin olacaq. Əgər bir gün sən bu otağa girib kitablardan birini varaqlamasan, onu bil ki, mən qəbirdə də bundan xəbər tutacağam...


Yusif Səmədoğlu

ATAM HAQQINDA XATİRƏ


Bizim evdə bir otaq var. Əvvəllər bu otağın axşam səkkizdən yanan işığı bəzən səhərə qədər sönmürdü. İndi isə artıq bir ilə yaxındır ki, o otağın pəncərələrindən işıq gəlmir.

Bu otaq - atamın kabinetidir.

Burada hər şey, - uzun və enli yazı stolu, stolun üstündəki qələm və kağızlar; divarlar boyu qoyulmuş şkafların rəflərindəki kitablar, hər şey, hər şey bizə son dərəcə əzizdir.

Atamın kitabxanası çox zəngindir: Marks, Lenin, Nizami, Puşkin, Sabir, Petefi, Vaqif, Bayron, Tolstoy, Axundov, Çexov, Molla Nəsrəddin, Turgenyev və s. və s. Onlarla müəlliflər, onlarla cildlər... Bu cildlərin hər birini atam dəfələrlə varaqlamış, hər birində atamın qeydləri var. Budur, A.S.Puşkinin 1907-ci ildə Sankt-Peterburqda nəşr edilmiş on iki cildliyi. "Yevgeni Onegin" çap olunmuş cildi rəfdən götürüb varaqlayıram. Səhifələr atamın qeydləri ilə doludur. Poemanın qurtaracağında, səhifənin təmiz hissəsində isə atam bu sözləri yazmışdır: "Eşq olsun belə sənətkara". ...Yaxud başqa bir kitab: Sabirin "Hophopnamə"si. Kitabın sonuna atam bu sözləri yazmışdır: "Sənə min rəhmət!" ...Bu misalların sayını istənilən qədər artırmaq mümkündür...

Atam çox oxuyurdu. Əlbəttə ki onun ən çox sevdiyi şeir kitabları idi. O özü son vaxtlar tez-tez etiraf edirdi ki, onun yaradıcılığının kamilləşməsində kitabların, məhz bədii ədəbiyyatın olduqca böyük rolu olmuşdur.

Yaxşı yadımdadır. Mən Moskvada tələbə ikən atam Moskvaya gəlmişdi. Mənim yaşadığım otaqda oturub çay içirdik. Birdən o məndən soruşdu:
- Son vaxtlar bədii ədəbiyyatdan təzə nə oxumusan?
Mən cavab verdim ki, başım imtahanlara yaman qarışıb, təzə əsərləri oxumağa vaxtım yoxdur. Atam nəlbəkini stolun üstünə qoydu, külqabıdan sönmüş papirosunu götürüb yandırdı, dərindən bir neçə dəfə sümürdü. O, gözlərini qıydı. Mən başa düşdüm ki, atam əsəbiləşmişdir. Çünki o həmişə əsəbiləşəndə gözlərini qıyırdı. Atam başını buladı.
- İyirmi yaşında bir cavan deyəndə ki, təzə əsərləri oxumağa vaxtım yoxdur, tüklərim ürpəşir, - dedi. - A bala, necə yanı vaxtım yoxdur? İnsanda arzu olsa, həmişə vaxt tapa bilər. Mən sənin yaşında olanda, əlimə nə keçirdisə oxuyurdum. Bəzən səhərə qədər yuxusuz qalırdım.. Qəribə sözdür, vaxtım yoxdur...
Səməd Vurğun

Səməd Vurğun

Mən üzr istəyib söz verdim ki, bir də belə sözləri deməyəcəm.

Sonralar atam hər dəfə Moskvaya gələndə mən ona, necə deyərlər, oxuduğum əsərlər haqqında hesabat verirdim...

Bir dəfə yenə də Moskvada mehmanxanada ədəbiyyatdan, kitablardan söhbət edirdik. Atam söhbətin sonunda dedi:
- Eh, deyirəm, adamın imkanı ola, ucqar bir yerə çəkilib səhərdən axşama qədər oxuya. Ömür keçir, amma cild-cild kitablardan insanın xəbəri olmur...

İndi mən hər dəfə atamın kabinetinə ayaq basanda onun kitablar və bədii ədəbiyyat haqqında dediyi sözləri qulaqlarımda səslənir: "Oxu, bacardıqca oxu, oxumaqdan hələ heç kəs zərər çəkməyib...", "Mən dünya ədəbiyyatını varaqlamışam, amma yadıma düşəndə ki, bir kitab var, onu oxuya bilməmişəm, min dəfə heyfsilənirəm...". "Bu kitablar olmasaydı, mən indiyətən yazdıqlarımın heç yarısını da yaza bilməzdim...".

Bir hadisə ömrüm boyu yadımdan çıxmayacaqdır. Bakıya yay tətillərinə gəlmişdim. Axşam saat on bir radələrində, bilmirəm nə iş üçünsə atamın yanına - kabinetinə girdim. Mənim ayaq səslərimi eşidib o, başını qaldırdı. Mən onun yaşarmış gözlərini gördüm. Sözün düzü, özümü itirdim. Hələ indiyə kimi heç vaxt atamı gözüyaşlı görməmişdim. O məni yanına çağırıb əlində tutduğu "Hophopnamə"ni stolun üstünə qoydu və kövrəlmiş bir səslə dedi:
- Deyirəm görəsən Sabir yüz il yaşasaydı, dünyanın beli qırılardı? Eh, namərd dünya!.. Sən Sabiri oxumusanmı?
Cavab verdim ki oxumuşam.
- Oxu, həmişə oxu. Yoldaşlarına da de ki oxusunlar, - deyə atam bir an susdu, sonra əlilə kitab şkaflarını göstərdi.
- Bax, mən dünyanı tutub durmayacağam... Bu kitabların hamısı sənin olacaq. Əgər bir gün sən bu otağa girib kitablardan birini varaqlamasan, onu bil ki, mən qəbirdə də bundan xəbər tutacağam...

12 may 1957-ci il.

Günün bütün mövzuları

XS
SM
MD
LG