Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06
-

Gənc yazar Qismət Azərbaycan Yazıçılar Birliyindən istefa verdi. Bu, son günlərdə dalbadal 5-ci istefadır.

Qismətin "Oxu zalı"na göndərdiyi istefa bəyanatı:


Qara ilan ili və ya gülə-gülə AYB


Dəlili-cəhldir eşq əhlinə surətpərəst olmaq
Ki, aqil iftiraqi mümkün ilə ittisal etməz. ( Füzuli)

Bir, bir... iki,iki...

Yazmaq məsuliyyətli işdir, bəzənib-düzənib efir rejissorunun təlimatı ilə səsinin necəliyini yoxlamaq üçün mikrofona o an ağlına nə gəldi dediyintək yazmaq olmaz.
Amma mikrofonla yazanlar da var.
Yazmaq qəribə işdir, dünən yarımçıq saxlayıb yaddaşa verdiyin yazıya səhəri gün qayıdanda, yenidən sıfırdan başlamalı olursan, yəni yazı həmişə yenidən başlayır, yəni “davamını yazmaq” deyilən şey yoxdur.
Amma davamını yazanlar da var.

Yazmaq əzablı işdir, içindən keçəni yaza bilmirsənsə, səhv-düz, fərq etməz, fikrini içində boğursansa, sonra buna ad tapırsansa, təyinat bulursansa – çörək kəsmişik, abrıma qısılıram – demək sənə aid olanı, istedadını dili gödəkliyə vərdiş etdirirsən, demək içindəki həqiqətdən xali olan dipdiri bəni-adəm övladının qabağına hər dəfə yal atıb onu it yerinə qoyursan, yəni yazmırsan, yüksək səslə susursan.
Amma sükut çap etdirənlər də var.

***

Bilmirəm qara ilan ilidəndir, ya yox, amma dünya çox sürətlə qabıq verib dəyişir, silkinib canındakı bütün köhnə şeyləri atır.Bu qabıqdəyişmə, yeniləşmə prosesində kim öz köhnə-külüş qabığını bağrına basıb inadla qorumaq istəyirsə, o, bu çağa, bu çağın insanlarına aid deyil. Dünyanın belə vaxtında istedadlı adamlara özəl mülkiyyət kimi baxan,güzəran qayğıları ucbatından köşə yazarlığına sürgün olmuş qələm adamlarını dəstək adı altında nəzarətdə saxlamaq istəyən, demokratik prinsiplərlə qan düşmənçiliyi edən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündə qalmaq istəmirəm.

Əlbəttə, bu qərar barəsində min adam min şey düşünə bilər, məsələn, fərz edə bilərlər ki, bu demonstrativ, şou xarakterli addımdı, fikirləşə bilərlər ki, son günlər Türkiyədəki olayların təsirilə verilmiş qərardı, düşünərlər ki, Şərifin AYB-dən xaric edilməsinə etirazdır, Elnaz Eyvazlının, Babək Göyüşün, Mövlud Mövludun, Ayxan Ayvazın istefasına dəstəkdir. Tələsik, emosional verilmiş qərar sayanlar da ola bilər, dönüklük hesab edənlər də, yerində atılmış addımdı deyənlər də. Müsbət və ya mənfi sonsuzluğa qədər uzada biləcəyim bu düşüncələrin hamısı müəyyən qədər həm doğrudur, həm də yox. Bu çox uzun mətləbdir, indi bunları xırdalamağın heç bir anlamı yoxdur, doğrusu həvəsim də qalmayıb.

Kəsəsi, bu yazı ilə AYB üzvlüyündən çıxmağımı bəyan edirəm.
Qarşıda məni şükr elədiyim bir taleni reallaşdırmaq gözləyir: oxunmalı kitablar, yazılmalı yazılar. Bir-bir, iki-iki...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG