Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27
-
Azərbaycan prezidentinin sərəncamı ilə yerli və xarici QHT-lər üçün qrant müsabiqəsinə bütövlükdə 5 milyon manat vəsait ayrılıb. Yerli QHT-lərə həm fərqli mövzular, həm də fərqli qrant məbləğləri elan edilib- ayrıca QHT-yə 15 min manat, QHT koalisiyasına 50 min manat.
Autizmdən əziyyət çəkən uşaqlarla davamlı məşq aparsalar, onların danışıq qabiliyyəti, fiziki özəlliləri də irəliləyər. Ən azından, özləri sərbəst yeyər, yazar, yeriyərlər. Dünyada belə uşaqların tam sağalıb, normal həyata qayıtmasına o qədər misallar var ki.
Autik uşaqlar təlim və məşqlərə qatılmasalar, digər zəruri müalicə vasitələrindən yararlanmasalar, ömürlük susqun və hərəkətsiz qala bilərlər.
"XARİCƏ QHT-LƏRƏ QRANT AYRILMASI GÜLMƏLİDİR..."
«Autizm» Defektoloji və Psixoloji Yardım Mərkəzinin rəhbəri Çiçək Məmmədlinin fikrincə, Azərbaycanda autizmdən əziyyət çəkən uşaqlara dövlət də yardım etmir. Əsas səbəblərindən biri də maliyyə çatışmazlığıdır:
Çiçək Məmmədli

Çiçək Məmmədli

"Mən müxtəlif donor təşkilatlarına üz tutub 3-4 aylıq bir layihəyə maliyyə tapıram. Amma layihə başa çatandan sonra ofis icarəsini, müəllimlərin maaşını, digər zəruri xərcləri qarşılaya bilmirəm. Elə valideyn var ki, məşqlərə ara verməmək üçün ev əşyasını satıb müəllimlərin əməkhaqqını ödəyirlər. Minimum da olsa, uyğun vəsait tapılarsa, müəllimlərin maaşını ödəyər, 10-ca nəfər uşağı reablitasiyaya göndərər, yerli təlimçiləri inkişaf etdirməkdən ötrü xaricdən iki nəfər mütəxəssis gətirirəm. Üstəlik, valideynlərin də autizm xəstəliyi barədə maarifləndirilməsinə çalışaram. Bu xəstəliyin qarşısını ilkin vaxtlarda almaq daha asandır, amma valideynlərin məlumatsızlığı problemi düyünə salır. Azərbaycanda bu qədər problem, bu qədər çatışmazlıqlar ola-ola, xarici QHT-lərə qrant ayrılır. Gülməlidir, elə deyilmi?"
XARİCİ QHT-YƏ 100 MİN, BƏS YERLİ QHT-LƏRƏ NƏ QƏDƏR?
Çiçək Məmmədli Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsindən söz açır. Müsabiqənin şərtlərinə görə, 15 xarici ölkədən 5 mövzu üzrə təqdim olunacaq layihələrə maksimum 100 min manat ayrıla bilər. Çiçək Məmmədli bir neçə dəfə QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət etdiyini və bəzi layihələrinin maaliyyələşdirildiyini də söyləyir:
"Dövlət Dəstəyi Şurası mənim də layihəmə qrant ayrıb. Qrantın məbləği bilirsinizmi nə qədərdir? 3 min manat. Bu məbləğə, tutalım, mühasibin, psixoloqun, müəllimin, elə başqa işçilərin maaşı, buklet və kitabça nəşrlərin hazırlanması və çapı da daxildir. Elə təkcə məhdud tirajla maarifləndirici bukletlərin nəşri 600 manata başa gəlir. Bundan başqa rayonlara səfərə çıxırıq. Xarici QHT-lərə ayrılan vəsait bizə də ayrılsa, bir çox xərcimizi ödəyə bilərik. Belə olarsa, daha 60-70 uşağa da yüksək səviyyədə xidmət edərik".
15 ÖLKƏ... LAYİHƏLƏR ÜÇÜN MAKSİMUM 100 MİN MANAT...
QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lərə ünvanladığı müsabiqədə mövzular da göstərilib. Məsələn, təməl insan haqq və azadlıqları, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, sülh və regional münaqişələrin mənfi nəticələrinin (tutalım, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi nəticələrinin) azaldılması, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, Avropa və ABŞ-da Xocalı faciəsinin tanıdılması. Layihələrin icra müddəti 12 ayı aşa bilməz.
Azay Quliyev

Azay Quliyev

Mayın 20-dən iyunun 1-dək ilkin ideya və konsepsiyalar qəbul olunacaq. Müsabiqənin şərtlərinə uyğun gələn layihələr ikinci mərhələyə adlayacaq. İkinci mərhələyə keçən layihələrin tam qəbulu avqustun 19-da tamamlanacaq.
XARİCİ QHT-LƏRƏ NİYƏ QRANT AYRILIR?
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin sözlərinə görə, xarici QHT-lərə vəsait ayrılmasının əsas məqsədi milli maraqlar naminə xarici QHT-lərin potensialından yararlanmaq, onların imkanlarını səfərbər etməkdir:
"Məqsədimiz heç də xarici QHT-lərə maliyyə dəstəyi göstərmək deyil. Sadəcə, elan etdiyimiz mövzularla bağlı xarici QHT-lərin potensialından istifadə edib, işi qurmaq istəyirik. Son illər bir neçə ölkənin parlamenti Xocalı soyqırmını tanıyıb. Bu faciəni daha çox ölkə parlamentinin tanınması üçün QHT-lərin fəaliyyəti çox zəruridir. Yaxud bir başqa problemi götürək. 20 ildən çoxdur ki, ermənilər Azərbaycan ərazilərini işğal ediblər. Dünya ictiamiyyəti bunu pisləsə də, konkret addımlar atılmır. Biz Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə tanındılmasını istəyirik. Digər mövzularda da 15 ölkə QHT-lərinin fəaliyyətindən yararlanmaq istəyirik".
"AZƏRBAYCANDA PROBLEM HƏLL OLUNUBMU Kİ?"
Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Müsabiqəyə 15 ölkədən – Avstriya, Belçika, Çex Ruspublikası, Fransa, Almaniya, Macarıstan, Litva, Norveç, Rusiya, Türkiyə, Polşa, İsveç, Böyük Britianiya, Ukrayna və ABŞ-da rəsmi qeydiyyata alınan QHT-lər, eləcə də qeyri-kommersiya qurumları, universitet və kolleclər, müxtəlif elm mərkəzləri qatıla bilər. Qalib layihələr elə həmin ölkələrin özündə gerçəkləşdirilməlidir.
Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, Azərbaycan QHT-lərinin maliyyə, qeydiyyat və digər problemləri olmasaydı, vətəndaş cəmiyyəti təşkilatları istənilən səviyyəyə çatsa və demokratik cəmiyyət qurulsaydı, xarici QHT-lərə vəsait ayrılmasını adi qarşılamaq olardı:
"Vətəndaş cəmiyyəti institutlarının olduqca əziyyət çəkdiyi, demokratikləşmə uğrunda mübarizə apardığı, bir çox hallarda məhz hökumətin yaratdığı əngəllərlə üzləşdiyi Azərbaycanda xarici ölkə QHT-lərinə vəsait ayırması mənə aydın deyil. Bu hal ciddi təzad və ironiya yaradır. Azərbaycanda QHT problemi çox dərindir. Yaxşı olardı ki, xaricə ayrılan vəsait yerli QHT-lərə ayrılsın, çünki buna ciddi ehtiyac var. Digər tərəfdən Azərbaycan insan haqları və azadlıqları, ksenofobiya və islamofobiya təhlükəsi və başqa problemləri həll edibmi ki, tutalım, ABŞ, Norveç, İsveç, Böyük Britiniya kimi inkişaf etmiş ölkələrin QHT-lərinə vəsait ayırır?".
Ələsgər Məmmədlinin fikrincə, Azərbaycanda hər 10 min nəfərə 3 QHT-nin düşməsi, yerli QHT-lərin maliyyə mənbələrinin yetərsizliyi, hətta maliyyələşmə ilə bağlı əngəllər gözardı edilməməli və qrantlar məhz yerli QHT-lərə ayrılmalıdır.
«Autizm» Defektoloji və Psixoloji Yardım Mərkəzinin rəhbəri Çiçək Məmmədli yerli QHT-lər üçün müsabiqə elanında öz sahəsinə uyğun mövzu tapa bilməyib.
QHT-lərə Dövlət Dəstəyi Şurası 2008-ci ildə yaradılıb. İndiyədək təxminən 2 min yerli QHT-yə ümumilikdə 12 milyon manat məbləğində qrant ayrılıb. İlk dəfədir ki, xarici QHT-lər də qrant yarışmasına qatıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG