Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:48

Dövlətdən 1.2 milyon dollar qrant alan 31 QHT-ni tanıyan yoxdur


Arxiv foto: Ermənistan dramı
Arxiv foto: Ermənistan dramı
-
HEÇ KİMİN TANIMADIĞI 31 QHT 1.2 MİLYONA NECƏ SAHİB OLDU?

Ermənistanda adı olan, reallıqda isə mövcud olmayan 31 qeyri-hökumət təşkilatına (QHT) 2010-2012-ci illərdə dövlət büdcəsindən 1.2 milyon dollar qrant verilməsi barədə sənədlər üzə çıxıb.

İnformasiya Azadlığı üzrə Yerevan Mərkəzi bu sənədləri Ermənistanın Maliyyə Nazirliyindən əldə edib.

Amma işin maraqlı tərəfi bu təşkilatların həmin qrantı necə almasında deyil. Möcüzə odur ki, qrant almış QHT-lərin bəziləri qrantları almazdan cəmi bir-iki həftə əvvəl dövlət qeydiyyatından keçiblər. Onların 6-nın təsisçisi isə eyni adamdır.

AzadlıqRadiosunun Yerevandakı əməkdaşı Anush Martirosian yazır ki, məsələn, «Təhsilli Nəsil» adlı qeyri-hökumət təşkilatı paytaxt Yerevanda mənzillərdən birində qeydiyyatdadır. Amma həmin mənzildə heç kim yaşamır, boşdur.

Qonşulardan soruşanda ki, «Təhsilli Nəsil» adlı təşkilatı tanıyırlarmı, hamı birinci dəfə belə ad eşitdiyini deyib çiyini çəkir.

Eyni küçənin bir az aşağısında da dövlətdən qrant almış qurumlardan daha ikisi – «Arbanyak» və «Gənclər Ölkəsi» təşkilatları qeydiyyatdadır. Amma bu ünvanda da heç kim yoxdur. Ofisin meneceri AzadlıqRadiosuna deyib ki, bu təşkilatların adını birinci dəfədir eşidir.

QRANT ALANLAR SIRASINDA PREZİDENTİN KEÇMİŞ KÖMƏKÇİSİ DƏ VAR

«İnkişaf və İnteqrasiya» adlı qeyri-hökumət təşkilatı dövlətdən ən çox qrant alan qurumdur. O, 183 min dollar qranta sahib olub. Ədliyyə Nazirliyinin məlumatına görə, bu təşkilatın təsisçilərindən biri hökumətyönlü millət vəkili Levon Martirosian-dır. O, 2012-ci ilin parlament seçkilərinə qədər prezident Serzh Sarkisian-ın yardımçısı olub.

Qurumun internet saytında qeyd edilir ki, onlar daha çox dövlət qrantlarının başqa ictimai təşkilatlar arasında paylanması sahəsində çalışırlar.

Maliyyə Nazirliyindən əldə edilən siyahıdakı başqa QHT-lər də şübhə doğurur. Məsələn, həmin təşkilatlardan 6-nın təsisçiləri sırasında eyni adamın – Suren Barseghian-ın adı var. Bu adamın özünü tapıb qaranlıq suallara aydınlıq gətirmək mümkün olmayıb.

Ermənistanda tanınmış qeyri-hökumət təşkilatları əsasən Qərb qurumlarından aldıqları qrantlar hesabına fəaliyyət göstərirlər.

Prezidentin sözçüsü AzadlıqRadiosunun erməni xidmətinin suallarına yazılı cavabında bildirir ki, dövlətdən alınan qrantlara isə Prezident Administrasiyası və bəzi «tərəfdaş təşkilatlar»ın nümayəndələrindən ibarət xüsusi monitorinq qrupu nəzarət edir. Amma həmin yazılı cavabda adı hallanan «tərəfdaş təşkilatlar»ın hansılar olması dəqiqləşdirilmir.

Yuxarıda qeyd olunan «İnkişaf və İnteqrasiya» adlı təşkilat isə özünü məhz elə Prezident Administrasiyasının tərəfdaşlarından biri kimi təqdim edir.

«Transparency International» təşkilatının 2012-ci ilə dair hesabatına görə, Ermənistan korrupsiyanın səviyyəsinə görə 176 ölkə arasında 105-ci yerdədir.
XS
SM
MD
LG