Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:15

Ağdaşda ana 6 aylıq körpəsinin ölümünə görə həkimləri günahlandırır...


Gülnar Qasımova
Gülnar Qasımova
-
Aprelin 25-də Ağdaş rayonunda 6 aylıq körpələri vəfat edən Qasımovlar ailəsi həkimlərdən narazılıq edir. 6 aylıq Bayram Qasımov Ağdaş rayon Mərkəzi Xəstəxanasında ölüb.

Gecə saatlarında normal qidalana bilməyən Aşağı Ləki sakini Bayram Qasımov səhər saatlarında Ağdaş rayon Mərkəzi Xəstəxanasına gətirilib və elə 10 dəqiqə müddətində oradaca keçinib. Ana Gülnar Qasımova AzadlıqRadiosuna bunları deyib:

«Oğlum tam normal uşaq olub. Sadəcə, uşağın dodağı qabıq verdiyindən tam qidalana bilməyib. Ona görə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışıq, qaynanamla birlikdə. İlk öncə uşağın dodaqlarını «zelyonka» ilə silən pediatr Nüşabə Əsgərova uşağın rənginin dəyişməsini görüb, ona 10 dəqiqə ərzində 6-ya yaxın probsuz iynə vurub. Elə həmin andan uşağımın vəziyyətinin tam dəyişdiyini görən həkim, hava balonları gətirilsə də, uşağı xilas edə bilmədi. Uşağın ölməyini görən həkim sonradan uşağım Bayram Qasımovun asma xəstəsi olduğunu bildirib. Biz bunla razılaşmırıq, uşağımın heç vaxt boğulması olmayıb».

«VURDUĞUMUZ İYNƏLƏRİN ƏKS TƏSİR ETMƏSİ MÜMKÜN DEYİL»

Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nüşabə Əsgərova isə müsahibəsində ittihamlara belə cavab verir:

«Uşaq xəstəxanaya gətirilərkən vəziyyətinin ağır olduğunu bildirdi. Bayram Qasımov ilk öncə təcili tibbi yardıma gətirilib və mənə təcili tibbi yardımdan zəng vurub xəstəni qəbul etməyimi bildiriblər. Uşağı reanimasiya şöbəsinə apardım və cəmi 20 dəqiqə uşağa yardım edə bildim. Ağır ağciyər çatışmazlığı ilə daxil olub. Bunu valideynlərinə də demişdim. Vurduğumuz iynələrin isə heç bir əks təsir etməsi mümkün deyil. Hava balonları qoşsaq da, cəmi 20 dəqiqədən sonra bioloji ölüm vəziyyətin alıb».

Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimi isə hələlik ölümün səbəbləri haqda heç nə deyə bilməyəcəyini, araşdırmanın aparıldığını deyir.

Fakt üzrə Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir. Ölümün dəqiq səbəbləri tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Bu, son bir ay ərzində Ağdaş rayon Mərkəzi Xəstəxanasında baş verən ikinci uşaq ölümüdür.
XS
SM
MD
LG