Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:42

İsmayıllı hadisələrində ittiham olunan aclıq edir


Arxiv foto: "İsmayıllı hadisələri" zamanı polis etirazçıları saxlayır
Arxiv foto: "İsmayıllı hadisələri" zamanı polis etirazçıları saxlayır
-

İsmayıllı hadisələrinə görə ittiham olunan Xəyal Şaranov saxlanıldığı Bakı İstintaq Təcridxanasında aclıq elan edib.

Bu haqda AzadlıqRadiosuna Xəyal Şaranovun atası Sergey Şaranov məlumat verib:

«Tələbi odur ki, onları atıblar ora, heç kim də maraqlanmır. Nə müstəntiq gəlir, nə vəkil. Bir demirlər ki, sizin dərdiniz nədir, siz niyə burdasınız, günahınız nədir? Bu gün artıq dördüncü gündür aclıq edir, heç təcridxanadan da maraqlanmırlar ki, niyə aclıq edirsən?».

VƏKİLİ DEYİR Kİ, ACLIQ EDƏN İSTİNTAQDAN NARAZIDIR

Aprelin 16-da vəkili Eldar Qədimi Xəyal Şaranovla görüşüb: «Bu dəqiqə onunla görüşdən çıxdım. Xəyal istintaqdan narazı olduğu üçün aclıq aksiyası keçirir. Özünü günahsız sayır. Dediyinə görə, yanan evdən hamının nəsə daşıdığını görüncə, o da bir-iki şey götürüb, amma sonra götürdüklərini geri qaytarıb. İndi soyğunçuluq və dövlət orqanlarına tabe olmamaq da daxil, 4 maddə üzrə ittiham edirlər. İstintaqdan narazıdır. Özü də axsaya-axsaya gəzir. Bilmirəm əsəbdəndir, yoxsa aclığın nəticəsidir, deyir, ayağım da tutulub».

PENİTENSİAR XİDMƏT: «SƏHHƏTİNDƏ PROBLEM GÖRÜNSƏ, HƏKİM MÜDAXİLƏSİ OLACAQ»

Mehman Sadıqov
Mehman Sadıqov
Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, qanunvericiliyə görə, aclıq keçirən şəxs bu haqda cəzaçəkmə yerinin rəhbərliyini məlumatlandırandan sonra o, həkim nəzarətinə götürülür: «Atası deyir ki, onunla maraqlanmırlar, necə maraqlanmırlar? Onun hüquqları qorunur, səhhətində problemi görünərsə, həkim müdaxiləsi olacaq, ona kömək edəcəklər».

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, İsmayıllı hadisələri ilə bağlı
istintaq tədbirləri davam etdirilir: «Cinayət işinin istintaqının dayandırılması ilə bağlı səslənən fikirlər tamamilə əsassızdır. Həmin işlər üzrə istintaqın nəticələri barədə tərəfimizdən ictimaiyyətə əlavə informasiyalar veriləcək».

Bu il yanvarın 23-24-də İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbi ilə etiraz aksiyası keçirilmişdi. Etirazçılardan 18 nəfər həbs olunub. Onlar Cinayət Məcəlləsinin 186.2 (külli miqdarda əmlakı məhv etmə), 233 (kütləvi iğtişaşlar təşkil etmə və iştirak etmə) və 315.2 (polisə müqavimət) maddələri ilə ittiham olunurlar.
XS
SM
MD
LG