Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Cahangir Novruzov: «Mən buna görə də Azərbaycanda deyiləm»


Cahangir Novruzov
Cahangir Novruzov
-

«Hakimiyyət dediyin Azərbaycanı idarə etmək, yanlışları aradan qaldırmaq üçündür»

"Hörmətli nazirin özünə də söylədim ki, Azərbaycan teatrının dirçəlişi üçün sadəcə sizin imzanızın gücü yetməz".



Martın 27-si - Beynəlxalq Teatr Günüdür. 18 ildir ki, Azərbaycan səhnəsindən qıraq düşən, Türkiyədə işləyən, tələbə yetişdirən Cahangir Novruzovla əlaqə saxladıq.

- Cahangir müəllim, əvvəla bayramınız mübarək. İkincisi, uzun illərdir Azərbaycan səhnəsindən kənar düşmüsüz. Bu, bir yaradıcı adam kimi sizi incidirmi?

- Təbii ki incidir. Mən bütünlüklə Azərbaycan səhnəsinə, Azərbaycan teatrına məxsusam, onu yetirməsiyəm. Bu, sadəcə təhsildən gəlmir. Bu kökdən, babadan, anadan, atadan gəlir. Bu üzdən də Azərbaycan teatrından uzaqda olmaq təbii ki, mənim üçün rahat deyil.

- Azərbaycana qayıtmaq istəyirsizmi?

- Azərbaycan mənim vətənimdir. Orda mənim evim var, qızım var, nəvələrim var. Orda millətim var, dostlarım var, orası mənim canım-ciyərim. Amma mən burda ikinci yuva qurmuşam. Azərbaycanın 1990-cı illərdəki iqtisadi, siyasi vəziyyətini bilirsiz. Təbii ki, bu da insanların psixologiyasında çox böyük zədələr, yaralar açdı. Nə yazıq ki, sənətdir, bilimdir, bunlar iqtisadi böhranlarda ilk zərər görən sahələrdir. Mən o zaman – 1995-ci ildə Azərbaycandan getdim. Daha doğrusu, bura dəvət olundum. 18 ildir burda davam edirəm. Burda sənət anlamında uşaqlarım var. Azərbaycan seyrçisi Türkiyə seriallarını, filmlərini sevər, bir çoxu sevdiyi aktyorların mənim öyrəncim olmasından xəbərlərsizdir. 2011-ci ildə dövlət teatrlarının imtahanında 22 yerə mənim 7 tələbəm keçib. Böyük göstəricidir. O anlamda burda xoşbəxtəm.

- Bəs Azərbaycana sizi dəvət edirlərmi?

- Açığı, dəvət almadım. Zamanında bizim hörmətli nazirimizlə söhbətimiz olub, ancaq havada qaldı. Düzü, Azərbaycana gəlib bir teatrın və ya mədəniyyət ocağının başında olmağım üçün bir az başqa şərtlər gərəkdir. Məsəl üçün, bu gün Azərbaycan teatrının çalışan mexanizminin içində yer almaq istəmərəm. Hörmətli nazirin özünə də söylədim ki, Azərbaycan teatrının dirçəlişi üçün sadəcə sizin imzanızın gücü yetməz. Azərbaycan teatrının, bu teatrda çalışan aktyorların maddi və mənəvi baxımdan dəstəklənməsi üçün qərarlar alınmalıdır. Yəni, bu teatrda işləyən aktyorlar kənarda qazanc axtarmamalıdır.

- Sizcə, ilk növbədə neyləmək lazımdır?

- Böyük işlər görülməlidir. Mədəniyyət Nazirliyinin ən böyük yanlışı rejissor institutunun qaldırılmasıdır. Rejissorları teatrlardan uzaqlaşdırıblar. Bu da teatrın gələcəyinə böyük zərbə vuran, teatrda əlaqələrin kəsilməsinə gətirən qərardır. Yanlışdır! Bu insanlar işin özünü bilmirlər. Yəni, başqa ölkələrdə bu cür ediblər, biz də edək deyə, yola çıxıblar.

- Aktyorlara münasibət haqda nə düşünürsüz?

Azərbaycana gəlib bir teatrın başında olmağım üçün bir az başqa şərtlər gərəkdir

- Maddi imkanları məhdud olan aktyorlardan yüksək sənət gözləmək haqsızlıqdır. Teatrdakı insanlar maddi sıxıntı üzündən məclislərdə tamadalıq edirlərsə, bir qarın çörək üçün içmiş, sözünü bilməyən adamın əziyyətini çəkirlərsə, ətrafda 300 adam da bunu görürsə, orda hörmət düşür. Aktyorların maddi imkanını elə şəkildə qaldırmaq lazımdır ki, Azərbaycanın bugünkü siyasətini, düşüncəsini səhnədən söylədiyi zaman tamaşaçı deməsin: «Dünən Babəki oynayan oğlana filan qədər pul verdik tamada gəldi, yaxşı oğlandır». Buna səbəb də sənətin nə olduğunu bilməyənlərin aktyorları bu hala salmalarıdır.

- Siz «Pen klub»da dediniz ki, səhnə aynadır, o, müxalifətdir.

- Doğrudur. Biz aynaya niyə baxırıq? Əskikləri, düzgün olmayanları görmək üçün. Ayna müxalifətdir. Müxalifət düşmən anlamına gəlməz. Müxalifət bir toplumun yaxşılığı üçün ortaya fikir qoymalıdır, qarşıdakını yıxmaq üçün yox. Bunu həm iqtidara, həm də müxalifətə deyirəm. Mən Azərbaycan oğluyam. Sənət adamıyam. Mən düzünü söyləməliyəm. Mən heç kimə nə yaltaqlıq etməliyəm, nə də qarşı çıxmalıyam. Mən Azərbaycanın sabahı üçün hörmətli prezidentə də öz fikrimi söylərəm, müxalifətin başında durana da. Onların hər ikisinə eyni yaxınlıqdayam.
Müxalifət düşmən anlamına gəlməz... Mən heç kimə nə yaltaqlıq etməliyəm, nə də qarşı çıxmalıyam

Hər ikisi də Azərbaycan oğludur, kimsə kimsədən artıq azərbaycanlı deyil. Ona görə də biz sənətçilər doğrunu söyləməliyik, teatrın əsas işi budur.

- Azərbaycan teatrı bu gün ayna rolunu – müxalifət rolunu oynaya bilirmi?

- Vallah, son iki ildə Azərbaycan tamaşalarını görməmişəm. Amma televiziyadan baxdığım qədər keyfiyyət, aktyor oyunu baxımdan çox da istənilən səviyyədə olmadığını görürəm. Hər ölkədə yetənəkli yazar da var, yetənəksiz də, yaltaqlıq edəni də var, düz sözü deyəni də... Azərbaycan teatrı bundan artıq səviyyədə olmalıydı. Keyfiyyət çox düşüb aşağı.

- Azərbaycanı qıraqdan necə görürsüz?

- Nə qədər şikayət etsək də, Azərbaycan dəyişib. Ancaq əskikliklər var. Mənəvi anlamda, əxlaqi anlamda. Sovet sistemindən qalmış, alışqanlığa keçmiş, rəftarda, dövlətçilik zehniyyətində bir çox əskiklik var. Onlardan biri rüşvətdir. Onunla mübarizə aparmaq lazımdır.

- Bu günlərdə hakimiyyətə etiraz edən xeyli gənc saxlanıb. Düzdür, hakimiyyət onların saxlanma səbəbini başqa cür izah edir...


Dövlətçilik zehniyyətində bir çox əskiklik var. Onlardan biri də rüşvətdir

- Mən bunları izləyə bilmirəm, başım qarışıqdır. Amma insan haqları ilə bağlı xarici mətbuatda yazılanları görürəm. Onların nə qədər doğru olmasındansa xəbərim yoxdur. O tutulan adamın da, tutan adamın da neylədiyini mən bilmirəm. Mən bildiyim şeyi müdafiə edərəm. Bilsəm o adam haqlıdır, Allahdan başqa hər şeyi qarşıma alaram.

- Amma bütün bunlardan vətəndaş kimi kənarda qalmaq (sualı yarıda kəsir)...

- Mən kənarda qalmıram ki. Bildiyim işə qarışıram. Bir şey var - mənim Azərbaycanım. Ruhum da, düşüncəm də xalqıma, onun dövlətinin, müxalifətinin başında durana qurbandır. Mən Azərbaycan üçün doğru olanı edərəm, qarşımda kim olur olsun, doğrunu deyərəm. Elə o səbəbə də mən Azərbaycanda deyiləm. Mənim kimi insanları Azərbaycana dəvət edərlərsə, demək, yapdıqlarından qorxmamağa başlayıblar, həqiqətdən qorxmamağa başlayıblar. Bir şeyi deyim. Uzun zamandır, Azərbaycanda Sabirlə bağlı proqramlar yoxdur. Biz Sabirdən qorxuruqsa, demək düzəlməmişik, deməli, 150-200 il əvvəlki dərdlərimizlə qalmışıq.

- Sabir deyəndə, yadınıza hansı şeir düşür? Bugünkü Azərbaycanı təsvir etsəz.

- Millət necə tarac olur olsun, nə işim var, düşmənlərə möhtac olur olsun, nə işim var. Qoy mən tox olum... Bu gün nə yazıq ki, əli pula çatanlar belə düşünürlər. Böyük sərvət böyük mədəniyyət istər, o sərvətin sahibi çox adam var, amma onun gərəkdirdiyi mədəniyyət az adamda var... Hakimiyyət dediyin Azərbaycanı idarə etmək üçündür. Yanlışları aradan qaldırmaq üçündür.

- Sağ olun, Cahangir müəllim.

- Siz sağ olun. Azərbaycan hər zaman yaşasın, bayramlarımız üzügülər olsun...
XS
SM
MD
LG