Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:46

C. Novruzov : «Azərbaycanı mənə qardaş edən bir ananı itirmişəm»


Nəsibə Zeynalova oğlu Cahangir Novruzovla
Aprelin 20-si (1916) görkəmli satira ustası, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Nəsibə Zeynalovanın doğum günüdür.

Bu münasibətlə onun oğlu, hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışan və Azərbaycan tamaşaçısı üçün həmişə darıxdığını deyən Cahangir Novruzovla bir söhbət edəsi olduq.

- Cahangir müəllim, aprelin 20-si Nəsibə xanımın - Azərbaycanın «qaynana»sının, sizin ananızın doğum günüdür. Təbrik etdinizmi?

- Nəsibə xanımı ürəkdən, ruhumla təbrik edirəm. Bakıda deyiləm. Amma qızım mənim adımdan bir çiçək qoyacaq onun məzarına.

- Azərbaycan xalqı Nəsibə Zeynalova adlı boşluğu filmlərə, lent yazılarına baxmaqla doldurur. Bəs Siz necə təsəlli tapırsınız?


- Mən necə təsəlli tapa bilərəm. Dünyanın ən böyük, ən dəyərli varlığı olan, «Qurani-Kərim»də, «İncil»də və «Tövrat»da adı baş üzərində tutulan insanı-ananı itirmişəm. Onun boşluğunu doldurmaq təbii ki, mümkün deyil. Azərbaycanı mənə qardaş edən bir ananı. Onun gözəl bir sözü vardı: Tez-tez deyərdi ki, mən dünyanın ən xoşbəxt qadınıyam. Çünki mənim Azərbaycan dolusu bir oğlum və bir qızım var. Bu elə bir ana idi. 5 ildən sonra Nəsibə xanımın 100 yaşı olacaq. Hətta 100 yaşında belə onu itirmiş olsaydım, yenə də heç zaman heç bir şeylə onun yerini, boşluğunu doldura bilməzdim.

- Sizin mənsub olduğunuz xalqa həmişə gülüş, xoş ovqat, gələcəyə ümid bəxş edən sənətkar sonda belə çıxmırmı ki, dünyanın ən böyük kədərini sizə bağışladı?

- Bu, labüd bir şeydir. İnsanlığın, həyatın qanunudur. Hamımız o yolun yolçusuyuq. Önəmli olan bu həyatda düzgün yaşamaqdır. Düzdür, bir insanın 80-90 il yaşayıb həyatı daha gözəl anladığı, daha düzgün yaşamağa hazır olduğu bir dönəmdə dünyasını dəyişməsini mən bir az məntiqsizlik kimi qəbul edirəm. Amma Allah böyükdür. Mən elə bilirəm ki, biz bu dünyada yaşamaqla başqa bir həyat üçün hazırlanır, imtahan veririk. İndi Nəsibə xanım başqa bir dünyada yaşayır, bəlkə də orada da yaradır. O, missiyasını davam etdirir. Allah bizə də elə bir şey qismət eləsin.

- 1944-cü il aprelin 20-də Azərbaycanın böyük sənətkarı Cabbar Qaryağdıoğlu vəfat edib. Yəni, Nəsibə xanım Cabbar vəfat edən gündə dünyaya gəlib. Necə düşünürsünüz, indiki mühit Nəsibə xanımın vəfatı günü doğulanların gələcəkdə böyük sənətkar olmasına imkan verir?

- (Gülür) Bir qanun var ki, bu təbiətdə heç bir şeyin yeri boş qalmır. Qışda hər şeyi yatırdıb, yaxud yox edən təbiət, baharda mütləq yenə də hər şeyi var edər. Bəlkə də Cabbar Qaryağdı kimi bir vokal, xanəndəlik fenomeninin vəfat etdiyi gün Nəsibə xanımın doğulması bəlkə də təbiətin boşluğu doldurmaq qanunauyğunluğudur.

- Biz Nəsibə xanımın çəkildiyi bütün filmlərdən çox böyük zövq alırıq. Amma hansı filmi Sizin üçün bəlkə digərlərindən bir az daha yaxındır, fərqlidir ?

- Nəsibə xanımın bütün filmlərində böyük bir məna var. Mən elə bilirəm ki, Nəsibə xanımın zamanında onun böyüklükdə rejissorun olmamasının, yaxud zəmanəsinin rejissorlarının onun istedadının geniş yelpazəsini kəşf etməməsi, dramatik, traqik yönünü görməməsi, ondan istifadə edilməməsi Azərbaycan teatr və kino sənəti üçün böyük bir itki, böyük bir boşluqdur. Çünki onun dramatik tərəfi də çox güclü idi. Konkret sualınıza gəlincə, Nəsibə xanımın son filmlərindən biri olan «Yuxu» mənim üçün bir qədər daha əzizdir. Çünki o filmin xatirələri mənə daha sıcaqdır. Çünki atamı itirdikdə keçirdiyi psixoloji və sağlıq böhranından sonra o film ona bir az məlhəm kimi oldu. Və o filmdə Nəsibə xanım elə bilirəm ki, nənəliyinin, analığının bütün gözəl tərəflərini göstərə bilmişdi.

- Cahangir müəllim, bu söhbətdən sonra Fəxri Xiyabana Nəsibə xanımı ziyarət etməyə gedəcəm. Sizin adınızdan nə deyim?

- Bir fatihə oxuyun. Mənim yerimə qızım çiçək qoyacaq. İmkanınız varsa, bir qızılgül qoyun... Adətən mən həmişə gəlib onun ayağının altında oturardım... Salam söyləyin... Bir zaman görüşəcəyik....

Nəsibə Zeynalova 2004-cü il martın 10-da vəfat edib.

Şərhləri göstər

XS
SM
MD
LG