Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:18

Hökumətin hesabatı [Video]


İqtisadçı-ekspertlər Nazim Məmmədov və Oktay Haqverdiyev «Hökumətin hesabatı»nı müzakirə edirlər.

-


Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oktay Haqverdiyev deyir ki, onun vaxtında baş nazirin hesabatları azı 1 saat çəkirdi, amma bu il baş nazir cəmi 15 dəqiqə çıxış edib. Ekspertin fikrincə, nazirliklər hesabatlarını daha detallı şəkildə hazırlamalıdırlar:

«Hesabatda bildirilən məsələlər barədə prezident nazirlərdən daha əvvəl danışıb, ümumi məsələləri dilə gətirir. Nazirlər Kabineti isə bu məsələlər barədə daha dolğun danışmalıdır, yalnız prezidentin dediklərini deməklə kifayətlənməməlidir...» .

Oktay Haqverdiyev deyir ki, illik hesabatlar 1 günə təqdim olunub müzakirə olunası məsələlər deyil:

«Bu böyüklükdə hesabatı 1 gündə təqdim etmək məntiqə uyğun deyil...».

İqtisadçı-ekspert illik hesabatlarda bütün nazirliklərin iştirak etməsinin zəruri olduğunu bildirir:

«Düşünürəm ki, güc strukturları və Xarici İşlər Nazirliyi də hesabat verməlidir».

«MƏMURLARIN MAAŞI YÜKSƏLDİLMƏLİDİR»

Oktay Haqverdiyevin fikrincə, nazirlərin maaşları hal-hazırda kifayət qədər deyil, hökumət korrupsiyaya son qoymaq istəyirsə, nazirlərin maaşları artırılmalıdır.

Ekspert deyir ki, ağıllı hökumətlər dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirməli, vətəndaşların hökumətdən asılılığını azaltmalıdır. Azərbaycan hökuməti isə bunun yalnız imitasiyasını yaradır.

BÖYÜK KÖÇ

Nazim Məmmədov isə düşünür ki, Milli Məclisdə olan müzakirələrin strukturunu dəyişməyin zamanı çatıb:

«Ayrı-ayrı nazirlər hamısı çıxıb eyni bir məsələ ətrafında danışırlar. Zənnimcə, hər nazirliyin nümayəndəsi öz sahəsinə aid olan məsələlərdən danışmalıdır...».

Nazim Məmmədov ölkədə gedən urbanizasiya problemindən narahatlığını ifadə edib:

«Təxminən 2 milyona yaxın vətəndaşımız iqtisadi miqrasiya səbəbindən əyalətlərdən paytaxta köçüb. 2006-cı ildə prezident Gədəbəyə səfər edəndə də kəndlərdəki insanların köçməsi ilə bağlı problemə diqqət çəkmişdim. Bu vəziyyət tək Gədəbəydə deyil, bütün bölgələrdə gedir. Naxçıvanda olan avtomobil zavodunu ölkədə avtomobil istehsalının inkişafı kimi təqdim etmək məntiqə uyğun deyil. O maşınların bütün detalları xaricdən gətirilir, Naxçıvanda yalnız yığılma prosesi həyata keçirilir...».

NƏ, NEÇƏYƏ, NECƏ

Nazim Məmmədov qeyd edir ki, hökumətin hesabatında hər şey detallarla bildirilməlidir - ötən illərdən fərqli olaraq nə edildiyi, neçəyə edildiyi, necə edildiyinə dair suallara ətraflı cavab verilməlidir:

«Mən işsizliklə, yoxsulluqla bağlı səsləndirilən fikirlərin reallığa uyğun olmadığını sanıram. Mən bir iqtisadçı kimi bu inkişafı sosial sığortalarda, orta aylıq əməkhaqqının artımında görməliydim. Vergilərin həcmində və s. məsələlərdə görə bilərdim, amma görmədim. Görmədiyim üçün məndə suallar yarandı...».

Ekspert təkliflərini də dilə gətirib:

«Hökumət islahatları əhalini rifah səviyyəsinin qaldırılmasına, yeni iş yerlərinin yalnız dövlət hesabına deyil, özəl sektorlara da yönəltsə, Milli Məclisdən daha çox dəstək alar...».
XS
SM
MD
LG