Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:59

Baş nazir Milli Məclisdə hesabat verdi


İqbal Ağazadə
İqbal Ağazadə

Milli Məclisdə Azərbaycan hökumətinin 2012-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi başa çatıb. Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul olunub. Səsvermə zamanı 104 millət vəkili hesabatın lehinə səs verib.

-
İQBAL AĞAZADƏ: «HÖKUMƏTİN HESABATINI QEYRİ-QƏNAƏTBƏXŞ HESAB EDİRƏM»

İclasda çıxış edən İqbal Ağazadə hökumətin hesabatına münasibət bildirib:

«Hesabatda ölkənin 42 faizinin bölgədə yaşadığı deyilir. Buna baxmayaraq, bölgələrə ayrılan vəsait olduqca aşağıdır. Gəlin, Azərbaycan insanının rasionuna baxaq. Gündəlik bir insana 8 qram ət düşür. Hesabatda hökumətə dəxli olmayan məsələlər var. Hansısa şirkət nə qədər məhsul istehsal edib və s. Ad çəkməyəcəm, reklam olar. Filan şirkət filan qədər mebel satıb, ondan sənə nə? Hökumətin bu işlərə nə dəxli var? Hökumətin hesabatını qeyri-qənaətbəxş hesab edirəm. Azərbaycan yeni iqtisadi doktrina qəbul etməlidir. Əks təqdirdə, dünyada baş verən kataklizmlər Azərbaycan əhalisini pis vəziyyətdə qoyacaq».

«HEÇ OLMASA, PREZİDENTİN BLOKNOTUNA QEYD ETDİYİ MƏSƏLƏLƏRƏ ƏMƏL OLUNSUN»

Fazil Mustafa deputatların əvvəllər qaldırdığı məsələlərin hesabata əlavə olunduğuna görə baş nazirə təşəkkür edib. Ancaq o, hökumətin 2012-ci illə bağlı hesabatında əhalinin sosial vəziyyətinin yaxşılaşması ilə bağlı qeyd edilən fikirlərlə razılaşmadığını bildirib:

«Hesab edirəm ki, burada nə qədər tərifləsək də, ilbəil vəziyyət ağırlaşır. Adamlar arasında sorğu keçirsək, onların həyatında yaxşılığa doğru dəyişikliyin az olduğunu görərik. Məncə, prezidentin müşavirədə qeyd dəftərinə əlavə etməklə dediyi məsələlərlə bağlı işlər görülsə, çox şey düzələr.
Fazil Mustafa
Fazil Mustafa
Amma baxaq görək o müşavirədən sonra nə dəyişib. Yenə də sahibkarlardan pullar yığılır və s. Heç olmasa, prezidentin göstərişlərini yerinə yetirməklə insanların içindəki o gərginliyi aradan qaldırmaq olar».

ZAHİD ORUC: «BİZ ADAMLARIN ÜZƏRİNƏ EKSKAVATORLA GETMƏLİ DEYİLİK»

Zahid Oruc çıxış edərək bildirib ki, yalnız uğurları qeyd edərək problemlərin üstündən keçmək olmaz. O, prezidentin fevralın 12-də müşavirədə dediklərini xatırladaq bunun nəzərə alınmasının vacib olduğunu deyib:

«Prezident müşavirədə öz nümunəsini hər kəsə təqdim etdi. Hökumət üzvləri bunu nəzərə almalıdır. Müşavirənin qərarlarını rəhbər tutmaqla insanlara yaxın olmaq, sosial problemləri başqa qüvvələrin qaldırmasına imkan vermək olmaz».

Zahid Oruc daha sonra rəsmiləşdirilməyən 450 mindən artıq qanunsuz tikililərin olduğunu vurğulayıb:
Zahid Oruc
Zahid Oruc

«Böyük bir insan ordusudur. Ola bilər işıq-qaz pulunu verir, amma bir çox hüquqi məsələlərdən kənardırlar. Xahiş edirəm, baş nazir bu məsələnin ciddiliyini bir daha prezidentə məruzə etsin. On illərlə həmin yerlərdə yaşayanların üzərinə ekskavatorla getməli deyilik».

Deputat Dövlət Neft Fondunun vəsaitləri ilə bağlı da təklif səsləndirib:

«Bu vəsaitlər Azərbaycan vətəndaşlarına kredit kimi verilə bilər. Kəndlərdə bəlkə də əhalinin yarısının banklara kredit borcu var. Amerikada ola bilər ki, hər kəs ayaqqabını da kreditlə alır. Biz bunu Azərbaycanda da tətbiq etmək istəyiriksə, onda kredit faizlərini aşağı salmaq lazımdır».

«NAZİRLİYİN SƏLAHİYYƏTLƏRİ ARTIRILMALIDIR»
Musa Qasımlı
Musa Qasımlı

Deputat Musa Qasımlı bayramöncəsi məmurları bazara çıxmağa çağırıb.

O, orduda əsgər ölümlərinin bütün dünyada olduğunu da bildirib:

«Keçirilən aksiyanın dərin səbəbləri var. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində bəzi xarici mərkəzlər SSRİ-yə qarşı strategiya cızmışdılar. Ordunun xalqın gözündən salınması, xalq ilə hakimiyyət arasında uçurum yaradılması, dövlətin zəiflədilməsi məqsədləri güdülürdü. İndiki proseslər 25-30 il əvvəl cızılmış məlum ssenarini xatırladır. Ordudakı əsgər ölümlərinin üzərindən sükutla keçə bilmərik. Müvafiq nazirliyin səlahiyyətləri artırılmalıdır».

«NAXÇIVANDAN AVTOMOBİL ALINA BİLƏR»

Deputat Qüdrət Həsənquliyev paytaxtdakı tıxaclara toxunub və regionlardan Bakıya gələn insan axınını önləyəcək tədbirlər görülməsini təklif edib:

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev
«Bakıda sahibkarlar üçün vergi güzəştləri elan olundu. Bundan sonra regionlardan olan sahibkarlar Bakıya axışacaq. Əksinə, elə güzəştlər regionlarda edilməli idi. Bununla bağlı bir neçə dəfə müraciət etmişəm, amma hələ də əsaslı cavab ala bilməmişəm. Regionların inkişafı üçün dövlət proqramları qəbul edilsə də, əsaslı addım atılmır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillər üçün Naxçıvanda istehsal olunan avtomobilləri almışdı. Amma digər dövlət ehtiyacları üçün də Naxçıvandan avtomobil alına bilər. Gəncəni texnika istehsalı mərkəzinə çevirə bilərik. Başa düşürəm ki, yüksəkvəzifəli şəxslər üçün o avtomobillər standartlara cavab vermir, ancaq orta məmurlar üçün normaldır».

PULLAR SƏMƏRƏLİ XƏRCLƏNSƏ, «HƏTTA TORPAQLARIMIZI AZAD EDƏ BİLƏRİK»

Q. Həsənquliyev məcburi köçkünlərin mənzillə təminatı məsələsinə də toxunub. O, bu mənzillərin tikintisini bəyənib:

«Mənim adımdan yazın ki, Qəbələ RLS-in boşaldılması hökumətin uğurlarından biri idi. Hökumət böyük işlər görə bilər.
Tahir Rzayev
Tahir Rzayev
Böyük maliyyə resurslarından daha səmərəli istifadə olunarsa, hər nazirlik öz üzərinə düşən işi, ictimaiyyəti narahat edən problemləri qısa müddətdə həll edə bilər. ​Hətta torpaqlarımızı işğaldan azad edə bilərik».

Deputat Tahir Rzayev Azərbaycan xalqının icazəsiz küçə yürüşlərinin əleyhinə olduğunu deyib:

«Niyə aksiyanı keçirirlər, amma məhkəməyə çıxanda, narazılıq edirlər? Qanundankənar tədbirin keçirilməsinə, qarşıdurmalara aparan hərəkətlərə yol vermək olmaz».

HÖKUMƏT MİLLİ MƏCLİSDƏ HESABAT VERİR

Milli Məclisin növbəti plenar iclası bu gün öz işinə başlayıb.

Parlamentin iclası spiker Oqtay Əsədovun təklifi ilə ötən günlərdə avtomobil qəzasında həlak olan deputat Hikmət Atayevin xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlayıb.

Artur Rəsizadə
Artur Rəsizadə
Daha sonra gündəlikdə hökumətin 2012-ci ilə dair hesabatının olduğunu bildirib.

Oktay Əsədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatında baş verən dinamik inkişaf hökumətin parlamentə təqdim etdiyi hesabatda əksini tapıb.

Daha sonra Artur Rəsizadə hökumətin ötənilki fəaliyyəti haqqında hesabat verib.

Hesabata görə, ÜDM-in istehsalında 2,2 faiz, qeyri-neft sektorunda 9,7 faiz artım olub:

Bütövlükdə 25,8 milyard ABŞ dolları olan maliyyənin 75 faizi qeyri-neft sektorunu payına düşür. Strateji valyuta ehtiyatları 46 milyard dollara çatıb. Dövlət büdcəsinin gəlirləri bankların maliyyə dayanıqlığını təmin edib. Kredit borcları 27,8 faiz azalıb. Əmanətçilərə 550 milyon manat vəsait ödənilib. Proses bu il başa çatdırılacaq. Orta aylıq əməkhsaqqı 8,7 faiz artıb, pensiyaların orta məbləği 152 manata çatdırılıb. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 2011-ci ildəkindən 2,2 dəfə artıq maliyyə xərclənib. 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilib. Ümumilikdə, köçkünlərə 600 milyon manatdan artıq vəsait sərf edilib. Bu, 2011-ci illə müqayisədə 5,5 faiz çoxdur. 2012-ci ilin sonunda yoxsulluq səviyyəsi 6 faizə enib.

A. Rəsizadə onu da bildirib ki, ötən ilin mayında Zaqatala-Balakən zonasına zəlzələ nəticəsində dəyən ziyanı aradan qaldırmaq üçün bir sıra işlər görülüb. 2974 ev, 19 məktəb və digər obyektlər istifadəyə verilib. 3 mindən çox ailəyə evlərin bərpası üçün maliyyə yardımı edilib. Azərbaycan ordusunun vəziyyəti həm xaricdən alınan, həm də daxildə istehsal olunan silah hesabına xeyli yaxşılaşdırılıb. Baş nazir bildirib ki, 2003-2012-ci illərdə 1 milyondan çox iş yeri açılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG