Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:19

Parkı söküntüdən qoruyan erməni fəallar danışır


İctimai fəallar Yerevanın mərkəzində parkı mühafizə etmək üçün aksiya keçirən zaman (4 mart 2012)
İctimai fəallar Yerevanın mərkəzində parkı mühafizə etmək üçün aksiya keçirən zaman (4 mart 2012)
-
Ermənistanlı fəallar ötən il 3 ay ərzində - fevraldan-maya qədər Yerevanın mərkəzində Maştoça parkının sökülməsinə qarşı mübarizə aparıblar. Həmin vaxt şəhər meriyasının qərarı ilə parkda ticarət meydançası tikilməyə başlayıb. Ancaq fəalların sayəsində tikinti dayandırılıb və park yenidən Yerevan sakinlərinin ixtiyarına verilib. Əgər təbiətsevər fəallar soyuğa, şaxtaya baxmayaraq bu ərazi uğrunda 90 gün mübarizə aparmasaydılar parkın kommersiya meydançasına çevrilməsinə bir addım qalmışdı. Etirazlar, aclıq aksiyaları, polislə toqquşmalarla müşayiət olunan mübarizə gözlənilmədən həll olundu. Parlament seçkilərinə bir neçə gen qalmış prezident Serzh Sargsyan həmin parka gəldi və Yerevan meri Taron Marqaryanı köşkləri sökməyə çağırdı.
«Sən hər şeyi düz eləmisən, meriya çox yaxşı işləyir. Ancaq bir özün bax, bu, gözəl deyil. Yaxşı olardı ki, sən köşkləri sökməyin bir yolunu tapasan».
Prezidentin qəfil gəlişindən bir neçə gün sonra Maştoça parkına gətirilən köşklər yığışdırıldı. Həmin aksiyada iştirak edən təbiət mühafizəçilərindən Mariam Suxudyan deyir ki, bu qələbə tək onların deyil, həm də mübarizəyə qoşulan bütün vətəndaşlarındır:


«Aylarla etiraz aksiyalarında iştirak edən vətəndaşlar hökuməti məcbur elədi ki, tələblərini yerinə yetirsin. Əlbəttə, bu, vətəndaşların qələbəsidir. Bu, artıq mübarizə modelinə çevrilib, və bu gün bütün Ermənistana yayılıb, diaspora da həmçinin».
İNSANLARI BiRLƏŞDiRƏN ƏZMKARLIQ
Erməni fəal parkda ticarət mərkəzinin tikilməsinə etiraz edərkən
Erməni fəal parkda ticarət mərkəzinin tikilməsinə etiraz edərkən
Əlbəttə, mübarizəyə xeyli vətəndaş qoşulsa da, onları məhz təbiəti mühafizə edən qrup fəalları birləşdirib. Mariam Suxudyanın fikrincə, onların qətiyyəti çoxlarını Maştoça parkı uğrunda mübarizəyə dəstək verməyə vadar edib:
«Aramızda sonacan mübarizə aparmaq niyyətində olan insanlar var idi, ona görə də cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri bizə qoşulmuşdu. Biz parka gəldiyimiz ilk gün bəyan elədik ki, problemi həll etməyənədək burdan getməyəcəyik. İnsanlar da bu qətiyyəti görəndə, birinci gün bizə qoşulmasalar da, bir aydan sonra eşidəndə ki, park uğrunda mübarizə aparanlar gecə də gündüz də, şaxtada, soyuqda hələ də ordadır, onlar inanır və mübarizəyə qoşulmağa gəlirdilər. Hesab edirəm ki, insanları birləşdirən əzmkarlıqdır. Hamımız evimizdə oturub Ermənistanın yaxşı olmasını istəyirik, parkların tikinti meydanlarına çevrilməməsini, meşələrin kəsilməməsini... Ancaq heç kim mübarizəyə birinci başlamaq istəmir, ancaq sonradan hamı qoşulur».
PARKI XİLAS EDƏN FƏALLAR...
Park uğrunda mübarizə günlərində vətəndaşlar şəhərin müxtəlif yerlərindən gəlib, fəallara qoşulurdu. Onlar hər gün ağacların kəsilməsinə, parkların, meydanların kommersiya obyektlərinə çevrilməsinə etirazlarını bildirirdilər. Həmin aksiyada iştirak edən vətəndaşlardan biri:
«Mən şəhərin o biri başından gəlmişəm, çünki vicdanım yol vermir, sakitlik tapa bilmirəm. Uşaq yelləncəyə oturub sevinirsə, bunu uşaqdan nəyə görə məhrum edirlər? Ey mer, sən bunu görmürsən? Məgər parkda ağacları kəsmək, buranı alt-üst eləmək olar. Bəsdirin! İndiyə qədər kim görüb ki, ağacı kəsib, yerinə daş qoysunlar».
Bu gün Maştoça parkı artıq təmizlənib və düzəldilib – çoxlu sayda yeni skamya qoyulub, yaxınlıqda yerləşən evlərin sakinləri və doğum evində yatanları ziyarət edənlər üçün orada istirahət etmək imkanı yaranıb. Fəallardan biri xatırlayır ki, etiraz günlərində onları xəstəxanadakı analara və uşaqlara mane olmaqda ittiham edirdilər:
«Deyirdilər ki, guya biz hamilə və uşaqlara hörmət etmirik, özləri isə gecələr səs-küylü tikinti ilə məşğul idilər».
Mübarizənin ilkin məqsədi ekoloji olsa da, tədricən genişlənərək, ictimai maraq uğrunda mübarizəyə çevrilmişdi.
XS
SM
MD
LG