Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:13

Xocalıya gecikən ədalət. Xocalılıların xilası üçün nə edilirdi? [Video]


26 fevral 1992-ci ildə baş verənlərin hüquqi qiymətini o zaman vermək olardımı? «Vətən müharibəsi əlilləri» Cəmiyyətinin sədri, Xocalı sakinlərinin xilası üçün əməliyyatlarda iştirak etmiş Firudin Məmmədov, Xocalı qırğını ilə bağlı istintaq komissiyasının rəhbəri olmuş keçmiş Baş prokuror Əli Ömərov və Qarabağ müharibəsi veteranı Elməddin Sərdar bu haqda danışırlar.

-


«XOCALIDA BAŞ VERƏNLƏR GÖZLƏNİLMƏZ DEYİLDİ»

Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Firudin Məmmədov deyir ki, Xocalı çoxdandır erməni ordusunun mühasirəsində idi, Xocalıdan əvvəl isə Kərkicahan kəndində bənzər hadisələr yaşanmışdı:

«Xocalı strateji mövqedə yerləşirdi, Xocalıda aeroport var idi. Xocalı şəhər statusu almışdı, buna görə də ermənilər üçün Xocalını işğal etmək əsas məsələyə çevrilmişdi. Həmin vaxtlar Azərbaycan ordusu yeni-yeni yaranmağa başlamışdı, nə lazımi sursat var idi, nə də nizami ordu. Ordumuz könüllülərdən təşkil olunmuşdu. Buna görə də, Azərbaycan ordusunun Əsgəranda yerləşən rus-erməni hərbi hissələrinə qarşı döyüşüb qalib gəlməsi real deyildi...».

Firudin Məmmədov deyir ki, bu qırğından əvvəl ermənilər Xocalı sakinləri arasında çaşqınlıq yaratmaq üçün bəzi yalanlar da uydurmuşdular:

«İnsanlar arasında dəhliz olması yalanını yayaraq, insanların daha çox o istiqamətə getməsini təşkil etmiş, orada da insanlara divan tutmuşdular...».

Firudin Məmmədov deyir ki, həmin vaxt faciə barədə xalqa da düzgün məlumat çatdırılmırdı. Xocalı faciəsinin baş verdiyi gecənin səhəri Dövlət Televiziyası Xocalıda cəmi 2 nəfərin öldüyü barədə xəbər yayırdı.

«QARABAĞ MÜHARİBƏSİ 1984-CÜ İLDƏ BAŞLAYIB»

Xocalı qətliamı ilə bağlı istintaq komissiyasının rəhbəri olmuş keçmiş Baş prokuror Əli Ömərov isə faciənin tarixçəsinin daha keçmişə getdiyini deyir:

«Biz Qarabağ hadisələrini 1988-ci ildən hesablayırıq, amma bu hadisələr 1984-cü ildən başlayıb. Stepanakert rayon Partiya Komitəsinin birinci katibi Qriqoryan və DQMV daxili işlər idarəsinin rəisi Ağacanyan Əsgəran rayonunun Pirənəçi kəndində insanları vəhşiliklə qırdılar, kəndi yerlə-yeksan etdilər. Bu hadisədən sonra onu törədənlər cəzalandırılmadı və heç bir tədbir görülmədi. Bu hadisədən sonra cəzalanmayan ermənilər rahatlaşaraq Topxana hadisələrini törətdilər».

Əli Ömərov baş verənlərin səbəbini Azərbaycana rəhbərlik edən şəxslərin məsuliyyətsizliyində görür:

«Azərbaycanlılar Ermənistandan köçürülən zaman erməniləri də Azərbaycandan öz ölkələrinə köçürmək lazım idi. Ermənilərin Azərbaycandan köçürülməsinin qarşısını Ə.Vəzirov aldı. Azərbaycanlıların Ermənistandan köçürülməsinin əsas səbəbkarı da Ə.Vəzirov oldu. Vəzirov imkan vermək istəmirdi ki, Ermənistandan köçürülmüş insanlarımız Xocalıda məskunlaşmasın, onları aran yerlərinə göndərirdilər».

«ÖLƏNLƏRİN SAYI DAHA ÇOX OLA BİLƏRDİ»

Xocalı qırğınına gəldikdə isə, keçmiş Baş prokuror bu məsələdə də ovaxtkı hakimiyyəti qınayır:

«Xocalı hadisəsindən bir gün öncə Tamerlan Qarayev prezidentə teleqram göndərmişdi. O, bu teleqramında Xocalıya kömək göndərilməsini, sabah bunun üçün gec olacağını bildirmişdi, amma yuxarıdakılar buna laqeyd yanaşdılar. Xocalı hadisələri zamanı Binədə 7 helikopter var idi, amma onlardan biri də Xocalıdan insanları xilas etmək üçün göndərilmədi».

Qarabağ döyüşçüsü Elməddin Sərdarın fikrincə, Xocalı qırğını baş verməmişdən əvvəl Azərbaycan ordusu Qaraqaya yüksəkliyini almasaydı, ölənlərin sayı daha çox olacaqdı:

«Ağdam özünümüdafiə batalyonları Əsgərana hücum etdi, Qaraqaya yüksəkliyi alındı. Həmin hadisədə Qaraqaya alınmasaydı, Xocalıdan sağ çıxan olmayacaqdı. Xocalıda mülki insanlar üçün koridor yaradılması isə yalandır. Xocalıda insanların ən çox qətlə yetirildiyi yer «koridor» adlanan həmin ərazi olub...».

Şərhləri göstər

XS
SM
MD
LG