Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:48

İsa Qəmbərin evində əşyalar siyahıya alındı [FOTO-VİDEO]


-

İ. QƏMBƏRİN EVİNDƏ 7 ƏŞYA SİYAHIYA ALINIB

Turqut Qəmbərin cəriməsinə görə, atasının evində 7 əşya siyahıya alınıb və akt tərtib edilib.

Qeydə alınan əşyaların siyahısı:

1 ədəd işlək olmayan musiqi mərkəzi
2 ədəd işlənmiş televizor
1 ədəd noutbook
1 ədəd kondisioner
1 ədəd köhnə çilçıraq
1 köhnə xalça

İsa Qəmbər siyahısı tutulan əşyaların hamısının ona məxsus olduğunu deyib və tərtib olunan akta icraçıların bu addımının qanunsuz olduğunu yazıb.

Turqut Qəmbərin cərimə olunması ilə bağlı iki məhkəmə qərarı var. Bu məhkəmə qərarlarından biri 12 yanvar, digəri isə 26 yanvar aksiyası ilə bağlıdır. İki aksiyaya görə o, ümumilikdə 3 min manat cərimə olunub.

TURQUT QƏMBƏRLƏ BAĞLI CƏRİMƏ QƏRARI İCRA OLUNUR

Fevralın 19-da Nəsimi rayonun icra məmurları NİDA hərəkatının üzvü, İsa Qəmbərin oğlu Turqut Qəmbər barəsində çıxarılan cərimə qərarının icrasına başlayıblar.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, İsa Qəmbər 7 icra məmurunu qarşılayıb, onlardan ikisini evə buraxıb. Hazırda icra məmurları evin əşyalarını siyahıya alır.

Turqut Qəmbər AzadlıqRadiosuna deyib ki, onun cəriməsi ilə bağlı atasının mülkündə əşyaların siyahıyaalınması düzgün deyil:

«Burada mənə aid heç bir əşya yoxdur. Hamısı atama məxsusdur. Bu səbəbdən də hesab edirəm ki, icraçılar belə bir addım atmaqla qanunu pozurlar».

Turqut Qəmbər yanvarın 12-də əsgər ölümünə etirazla bağlı aksiyaya görə 500, yanvarın 26-da İsmayıllı sakinlərinə həmrəylik aksiyası ilə bağlı isə 2500 manat cərimə olunub.

Həmin aksiyada saxlananlardan 20 nəfər 300 manatdan 2500 manata qədər cərimə olunub. 5 nəfər barəsində 13-15 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Onlardan 15 nəfəri cəriməni ödəyib, 5 nəfər imtina edib.

AKSİYA İŞTİRAKÇISININ ATA EVİNDƏN XALÇA MÜSADİRƏ OLUNDU

Bu arada yanvarın 12-də Bakıda əsgər ölümünə etiraz aksiyası ilə əlaqədar cərimə qərarlarının da icrasına başlanılıb.

Əbülfəz Qurbanlının ata evindən 2 xalça müsadirə olunur

Əbülfəz Qurbanlının ata evindən 2 xalça müsadirə olunur

​Mitinq cərimələri ilə bağlı əmlakı ilk siyahıya alınan Müsavat partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı olub. Ona kəsilən 600 manatlıq cərimə ilə əlaqədar icra məmurları bir televizor, 1 televizor altlığı, bir çilçıraq siyahıya alınıb.

Fevralın 19-da bu əşyalara həbs qoyulması ilə bağlı Nəsimi rayon məhkəməsində proses keçirilsə də, T. Abbaslıya bildiriş prosesə bir neçə saat əvvəl gəldiyindən o, məhkəmədə iştirak edə bilməyib. Proses təxirə salınıb.

T. Abbaslı 12 yanvar aksiyası ilə əlaqədar 600 manat cərimələnib.

***

Fevralın 15-də Nizami rayonunun icra məmurları Azad Gənclik təşkilatının sədri Ülvi Həsənlinin mobil telefonu və kompüterini müsadirə ediblər. O, 600 manat cərimə olunmuşdu.

Fevralın 18-də isə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının İmişlinin Xəlfəli kəndindəki ata evində əşyalar siyahıya alınıb. İcraçılar iki xalça müsadirə ediblər.

Yanvarın 12-də əsgər Ceyhun Qubatovun ölümünə etiraz olaraq, paytaxt Bakıda etiraz aksiyası keçirilib. Aksiya zamanı 27 nəfər cərimələnib. Onlardan 22 nəfəri cəriməni ödəyib, 5 nəfər imtina edib.

İki aksiyada ümumilikdə 10 nəfər cərimələri ödəməkdən imtina edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG