Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:32
-
İsmayıllı sakinlərinin rayona təyin olunan yeni başçıdan gözləntiləri çoxdur.

78 yaşlı Əhəd Heybətov deyir ki, rayona göndərilən yeni icra başçısına adamları dinləməyi, camaatın dərd-sərini dinləməyi tövsiyə edir:

«Biz dövlət başçısından gözləyirdik ki, köhnə icra başçısından niyə İsmayıllıda bu hadisələrin baş verdiyini soruşacaq. Ancaq bunu görmədik. Mənim 78 yaşım var. İsmayıllı batıb gedir. Burda köklü islahat aparılmalıdır. İsmayıllı camaatından fağır camaat respublikanın heç yerində yoxdur. Gör bu fağır camaatı nə yerə çatdırdılar ki, dözə bilmədi. Təzə icra başçısından camaatın qeydinə qalmasını gözləyirik».

Rayon sakini Cavanşir Sadıqov deyir ki, İsmayıllıya yeni icra başçısının təyin olunması camaat arasında ümid yaradıb. Axı yanvarın 23-də və 24-də rayonda keçirilən etiraz aksiyalarında əsas tələblərdən biri də keçmiş icra başçısı Nizami Ələkbərovun işdən çıxarılması idi. Yeni icra başçısı Mirdaməd Sadıqovun əslən İsmayıllıdan olması da ümidləri artırır:

«Yeni icra başçısı öz yerlimizdir. Yəqin, bizi başa düşər. Köhnə başçı bizim burada çox torpağımızı mənimsəyib. Ondan xahiş edirik ki, köhnə başçının özəlləşdirdiyi torpaqları camaata qaytarsın. Tutulanları da buraxsınlar».

HƏBSDƏ OLANLAR BURAXILSIN

Bir başqa sakinin - Əlsahab Əzizovun fikrincə, indi rayon sakinlərini daha çox həbsdə olanların taleyi düşündürür:

«Tək icra başçısı ilə vəziyyət dəyişən deyil. Mən ayrı-ayrı şəxslərdən heç nə gözləmirəm. Tutulanlar hələ buraxılmayıb. Birinci onlar buraxılmalıdır».

Digər sakin Füzuli Cəfərov deyir ki, yeni icra başçısının əməlini işləyəndən sonra görəcəklər:

«Bir başçını dəyişməklə deyil ki. Məncə, başqa vəzifəlilər də dəyişməlidir. Bu qədər torpaqlarımızı mənimsəyiblər. Torpaqlarımızı özümüzə qaytarsınlar. Görək, yeni icra başçısı nə edəcək».

İsmayıllı sakini Laləzar Niftəliyevanın iki oğlu var. Deyir ki, hər ikisi hərbi xidməti başa vurub. Ancaq ikisi də işsizdir:

«Hər kim gəlir-gəlsin, qanunla işləsin. Köhnə başçı bu yazıq camaat üçün heç nə eləmədi. İstəyirik ki, təzə gələn nəsə eləsin. İndiki başçıdan, birinci, tutulan gənclərimizi buraxmaya səy göstərməsini istəyirik. Çünki onlar günahsız tutulublar. Vəzifəyə gələndə deyirlər ki, heç kimin haqqı tapdanmayacaq. Bəs niyə bizim haqqımızı tapdaladılar? İkincisi, burada bir müəssisə açılsın. Camaat işsizdir. Gənclər işsizlikdən avara qalıblar».

«HAMI BİR-BİRİNİ TƏBRİK EDİRDİ»

Həbsdə olanların buraxılacağına tutulanların ailə üzvləri də ümidlidir. İki qardaşı yanvar aksiyalarına görə həbs edilən Heydər Ağamalıyev deyir ki, ikinci addım kimi həbsdə olanların buraxılmasını ​gözləyirlər:

«Dünən burada hamı bir-birini təbrik edirdi. Köhnə icra başçısının vəzifəsindən kənarlaşdırılmasını, yerinə İsmayıllının ən hörmətli adamlarından birinin gəlməsini biz alqışlayırıq. Uşaqlarımızın nə günahı vardı? Onlar söyüş söyənlərə qarşı çıxmışdılar».

İsmayıllı, 25 yanvar 2013

İsmayıllı, 25 yanvar 2013

Həbsdə olanlardan Vasif İbrahimovun vəkili Nəvaid Abbasov deyir ki, yanvar aksiyalarına görə tutulanların işində bir yenilik yoxdur. Yanvarın 24-dən bəri hər hansı istintaq hərəkəti aparılmır.

Rəsmi məlumata görə, yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir ediblər. Bu insident böyüyərək «Çıraq» otelinin və avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub.

Aksiyalara görə 14-dən çox İsmayıllı sakini haqqında həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.

Şərhləri göstər

XS
SM
MD
LG