Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:23

İsa Qəmbər: “Əlimə silah alıb vətəndaş müharibəsi başlamaq fikrində olmamışam” [VIDEO]


Müsavat Partiyasının başqanı İsa Qəmbər payızda keçiriləcək prezident seçkisindən sonrakı mümkün ssenarilər haqqında fikirlərini açıqlayır.



-


Müsavat Partiyasının başqanı İsa Qəmbər AzadlıqRadiosuna müsahibəsində bildirir ki, “heç vaxt əlimə silah alıb Azərbaycanda vətəndaş müharibəsi başlamaq fikrində olmamışam, indi də o fikirdə deyiləm.”

Bunu yanvarın 7-də AzadlıqRadiosunun “İşdən Sonra” proqramına qonaq olan İsa Qəmbər Elçin Həsənov adlı dinləyicinin sualına cavabında söylədi.

Partiyasından payızda keçiriləcək prezident seçkisində namizəd irəli sürülmüş İsa Qəmbərə dinləyici sual verib ki, İlham Əliyevin hakimiyyəti dövründə azad və ədalətli seçkilərin keçirilməsi mümkündürmü? Mümkün deyilsə, onda tez-bazar seçkidə alternativ namizəd kimi iştirak etmək bu hakimiyyətin ömrünü uzatmağa xidmət etməzmi?

Suala İsa Qəmbərin cavabı:

- Belə bir rejim normal seçki keçirə bilməz. Tamamilə düzdür. Amma bizim təklifimiz odur ki, seçki kampaniyasına giririk, xalqı, cəmiyyəti fəallaşdırmağa çalışırıq.

Bir ehtimal odur ki, beynəlxalq birliyin də mövqeyi nəticəsində seçki məcəlləsini təkmilləşdirməyə məcbur edir, tərəflərə nisbətən bərabər imkanların yaradılmasına nail oluruq. Və seçkini udub, biz, yaxud, demokratik düşərgənin başqa bir namizədi xalqın iradəsi ilə hakimiyyətə gəlirik.

İkinci ehtimal ondan ibarətdir ki, biz mübarizəmizi aparırıq, seçkidə qalib gəlirik, hakimiyyət seçkini saxtalaşdırır. O zaman Ukraynada, Gürcüstanda olduğu kimi dinc ümumxalq etirazını təşkil edirik və hakimiyyətin dəyişməsinə nail oluruq. Bu iki ehtimal var.

Mənim üçün başqa bir ehtimal yoxdur. Mən heç vaxt əlimə silah alıb Azərbaycanda vətəndaş müharibəsi başlamaq fikrində olmamışam, indi də o fikirdə deyiləm.

Amma mənim dediyim bu iki variantdan başqa, kiminsə fikri varsa, desin, diqqətlə qulaq asmağa hazıram. Amma mənim dediyim iki variantdan başqa, alternativ yoxdursa, o zaman belə çıxır ki, bizim seçkidə iştirak qərarımızın alternativi əlimizi sallayıb gözləməkdir ki, rejim nə vaxt rəhmə gəlib xalqa öz hakimiyyətini seçmək imkanı verəcək. Mən də bilirəm ki, bu mümkün olmayacaq. Ancaq mən əlimizi sallayıb hər şeyi zamanın öhdəsinə buraxmağın tərəfdarı deyiləm.

İsa Qəmbər AzadlıqRadiosununda
İsa Qəmbər AzadlıqRadiosununda
İsa Qəmbərlə müsahibəni ətraflı burada izləyin:


- İsa bəy, Müsavat Partiyasının Məclisi qərar verdi ki, onların prezidentliyə namizədi Sizsiniz. Sizcə, bu qərarın zamanlaması nə qədər doğru idi?


- Fərqli yanaşmalar ola bilər. Kimsə hesab edə bilər ki, bir qədər tez verilmiş qərardır. Mən hesab edirəm ki, gecikmiş qərardır. Çünki seçkilərə 10 aydan az vaxt qalır. Əslinə qalsa, seçkilərə bir il vaxt qalmış partiyalar, siyasi qüvvələr öz namizədlərini müəyyənləşdirsəydilər, işin xeyrinə olardı. Sadəcə olaraq, heç kim hələlik ilk addımı atmır.

Hətta dövlət başçısı da bu günə qədər seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı fikir bildirməyib. Görünür, o, beynəlxalq birliyin təminatını almamış belə bir bəyanatla çıxış edə bilmir. Digər qüvvələr də hələ ki, düşüncələrdə, müzakirələrdədirlər. Mən onların mövqeyinə də hörmətlə yanaşıram.

Bizsə Müsavat Partiyası olaraq hesab etdik ki, zaman getdikcə daralır. Cəmiyyətdə hakimiyyətdən narazılıq pik nöqtədə olsa da, fəallıq arzuolunan səviyyədə deyil. Ölkədə ictimai fəallığı artırmaq üçün ən əsas resurslardan biri məhz seçkidə iştirak qərarıdır. O qərarı məsləhətləşdik partiya daxilində və qəbul etdik. Bu qərarın artıq ilk müsbət nəticələrini hiss etməkdəyik.

- Dediniz ki, hakim partiya beynəlxalq birliyin təminatını gözləyir ki, namizədini irəli sürsün. Belə çıxır ki, İlham Əliyev namizədliyini rəsmən elan edəndə, artıq o, beynəlxalq birliyin təminatını almış olacaq?

- Müəyyən mənada elə də düşünmək olar. Amma bitmiş bir proses kimi yox.

Hər halda, faktdır ki, adətən əvvəlki situasiyalarda daha tez dövlət başçısının qərarı bəlli olurdu. İndi isə bu günə kimi bu, bəlli olmayıb.

Burda təminat dedikdə, söhbət ondan gedir ki, biz seçkidə iştirak edəndə, xalqımızın səsinə, mövqeyinə əmin olub qərar qəbul edirik. Amma avtoritar bir rejimin lideri bilir ki, Azərbaycanda normal seçkilərdə səs almayacaq, seçkiyə girsə, seçkiləri saxtalaşdırmalı olacaq. Sonra da seçkinin saxtalaşdırılmasına etiraz edən dinc nümayişçilərə qarşı repressiyalar tətbiq etməli olacaq. Bu zaman da beynəlxalq birlik, xüsusən də azad dünya, Amerika, Qərb, Avropa buna necə reaksiya verəcək – bu, onun üçün önəmlidir.

Müəyyən legitimlik problemi var onunçün və dövlət başçısı bu legitimliyi təbii ki, ilk növbədə Qərbdən gözləyir. Ona görə də, o təminatı almağa çalışır. Mən düşünürəm ki, hələ ki, o təminatı almayıb. Qərar verəndən sonra, təbii ki, yenidən bu situasiyanı qiymətləndirmək lazım gələcək.

- Amma bu, həm də beynəlxalq birliyin ünvanına dolayısı ilə bir ittiham kimi səslənir. Belə çıxır ki, İlham Əliyev namizədliyini irəli sürürsə, bu artıq o deməkdir ki, beynəlxalq birlik ona təminat verib. Bununla belə Siz də seçkiyə gedirsiniz və...

- Əksinə. Pozitiv düşünmək lazımdır. Mən hesab edirəm ki, beynəlxalq birliyi təqdir etmək lazımdır ki, İlham Əliyevə saxta seçkilər üçün xalqın iradəsinə qarşı zor işlətməyə təminat verməyib. Yaşıl işıq yandırmayıb. Bunu müsbət qiymətləndirmək lazımdır.
- İndi...

- İndi.

- Amma bu tendensiyanın nə qədər davam edəcəyini düşünürsünüz?

- Prosesə baxacağıq. Qərar verəndə, onu yenidən qiymətləndirmək imkanımız olacaq.

- Dediniz ki, artıq müsbət nəticələr var. Nədir müsbət nəticələr?

- Canlanma var. Özü də təkcə Müsavat Partiyasının üzvlər arasında yox, xeyli insanlar əlaqə saxlayırlar. Azərbaycanın müxtəlif bölgələrindən, hətta Azərbaycandan xeyli kənarda yaşayan soydaşlarımızdan yüzlərlə müraciətlər var. Bu qərara müsbət münasibət bildirirlər. Bu prosesdə iştirak etmək fikrində olduqlarını bildirirlər. Dəstəklərini ifadə edirlər.

Bizim elə bu seçkidə iştirak etməyə qərar verməyimizin əsas motivlərindən biri ictimai fəallaşmaya nail olmaq idi. Bunu artıq biz görürük.

- Beynəlxalq birlik nə deyir?

- Beynəlxalq birlik hələ yəqin mövlud və Yeni il bayramlarını bitirməyib. Artıq «Anadolu» xəbər agentliyi məndən müsahibə alacağını mənimlə razılaşdırıb və Türkiyə mediasında bu yayımlanacaq.

- Bu nə deməkdir ki?

- Bu ilkin maraqdır, diqqətdir. Bu, beynəlxalq birliyin, beynəlxalq ictimaiyyətin ilkin diqqətidir. Hər halda, seçki ilə bağlı mənimlə danışıblar.

- Bu canlanma dediyiniz tendensiyaya müxalifət düşərgəsində incik notlar da daxildir?

- Mən düşünürəm ki, o da müsbət dəyərləndirilməlidir. Yəni, digər qüvvələr də ölçüb-biçib qərarlarını verəcəklər. Mən bunu yenə də müsbət bir proses kimi dəyərləndirirəm. Digər partiyaların da, ictimai təşkilatların da, ayrı-ayrı tanınmış insanların da bu məsələ ilə bağlı mövqelərini dəqiqləşdirmələri müsbət hadisə kimi qiymətləndirilməlidir.

- AXCP lideri Əli Kərimli belə hesab edir ki, Siz namizədliyə namizədsiniz...

- Sağ olsun. Bir problem yoxdur. Bu, İctimai Palatanın sənədlərindən, mövqeyindən yaranan bir yanaşmadır. İP KŞ sentyabr ayında bir seçki memorandumu qəbul etmişdi. Dekabrın 19-da da seçkilərlə bağlı qərar qəbul etdi.

Bu qərar İP-nin seçkilərdə iştirakla bağlı ilkin qərarı kimi dəyərləndirildi. Bu günlərdə bu qərar İP-nin sessiyası tərəfindən də təsdiq olundu. Həmin qərarda nəzərdə tutulub ki, indiki mərhələdə namizədlik irəli sürülməsi İP-nin hədəflərinə zidd deyil, əksinə, bu kontekstdədir. Və İP seçkilərdə iştirak etmək əzmindədir.

- Siz namizədliyinizin partiya məclisi tərəfindən irəli sürülməsini son qərar hesab edirsinizmi? Seçkinin sonuna qədər də namizəd olaraq qalmaq əzmindəsinizmi?

- Mən sona qədər iştirak etmək əzmindəyəm. Ancaq eyni zamanda biz siyasətçiyik və ölkədəki real prosesləri də diqqətlə izləyəcəyik. Prosesin gedişində həm digər namizədlər ortaya çıxdıqca, onlarla məsləhətləşmələrimiz, dəyərləndirmələrimiz olacaq.

Həm də seçki kampaniyası başlayanda, namizədin artıq siyasi qərar olaraq yox, hüquqi qərar olaraq irəli sürülməsi prosedurları var. Bu mərhələdə vəziyyəti bir daha dəyərləndirəcəyik. Eyni zamanda, seçki kampaniyasının gedişində də vəziyyəti dəyərləndirmək imkanımız olacaq.

- Güzəşt üçün yer varmı?

- Təbii. Bizim məqsədimiz vəzifə deyil axı. Məqsədimiz ölkədə köklü demokratik dəyişikliyə nail olmaqdır. Prosesin gedişində digər qərarlara da biz açığıq.

Prosesdə hansısa bir siyasətçi, hansısa bir namizəd bizdən daha şanslı, cəmiyyət üçün daha inandırıcı görünsə, ona güzəştə getməyə hazırıq. Eyni zamanda, hesab edirik ki, belə bir yanaşmanı da özümüzə aid gözləməyə haqqımız var...
AzadlıqRadiosu prezidentliyə başqa namizədlərə də efir vaxtı ayıracaq.
XS
SM
MD
LG