Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:29

“Dədə Qorqud”a kol kimi girmək olmaz... (Kamal Abdullaya cavab)


İradə Musayeva
İradə Musayeva
-

İradə Musayeva


KAMAL ABDULLA HANSI DİLDƏ YAZIR?

(Bu, quş dilidir, bunu Süleyman bilir ancaq!...)

K.Abdullanın Azadlıq radiosunun "Oxu zalı"nda gedən
("Ulduz" jurnalına istinadla)
“Mən Azərbaycan dilində yazmıram”
başlıqlı müsahibəsindən təsirlənərək...


Folklorşünas, tənqidçi, dilçi, yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, ədəbiyyatşünas pedaqoq və nəhayət, Nobel gözləyicisi Kamal Abdulla müəllimin müsahibəsindən doğan məntiq mənim müəllif haqqındakı tənqidlərimə haqq qazandırdı.

Onun yaradıcılığında bəzi məsələlər vardı ki, “bu dayazlıqdandı, ya dərinlikdən?”- deyə tərəddüd edirdim. Yazarın bu müsahibəsindən sonra həmin incə tərəddüd də aradan qalxdı və əmin-arxayın əlimi üzüb, Nobeldən gözümü çəkdim...

Nobel oyuncaq deyil, Nobel komissiyası da BSU- nun əməkdaşları... Çin yazıçısı Mo Yan hələ də Herta Müllerin əlindən qurtara bilmir...

Bu məqamda bir sual da məni düşündürdü: Niyə Kamal Abdullanın, Aqil Abbasın haqqındakı tənqidlərə müəlliflərin özlərindən başqa ətrafları da cavab verir, etiraz edir, ədəbi vicdan məhbusu ola bilmədiklərini bəyan edir, Qan Turalı, Aqşin Yenisey, Sevinc el Sevər və başqa gənc, əslində daha istedadlı müəlliflərin haqqındakı tənqidlərə isə göz yumur, susurlar? Harasa, kiməsə söykənməmiş söz demək o qədərmi çətindir?

Qaldı, Kamal Abdullanın romanları (“Yarımçıq əlyazma”, “Unutmağa kimsə yox”) haqqında mənim məqalələrimə, əslində mən “Yarımçıq əlyazma” əsərinin təhlilində hardasa 60-70 % müsbət fikir söyləmişəm. Qalan 30 %- in nöqsanları da konkret faktlarla göstərilib.

“Unutmağa kimsə yox” romanını isə çox zəif və qüsurlarla dolu bir əsər hesab edirəm. Əlli adam tribunalarda səcdəyə dayanıb bu əsər haqqında saatlarla deklamasiya söyləsə də, qənaətim dəyişməz...

Kamal Abdullanın son romanı olan "Unutmağa kimsə yox"
Kamal Abdullanın son romanı olan "Unutmağa kimsə yox"
Müsahibədə birinci əsər haqqındakı 30%-in 3%-ini Kəramət Böyükçöl müsahibinin diqqətinə çatdıranda böyük yazıçı hətta heyrətlənir: “- Eləmi, mənim dilim rəngarəng deyilmiş?... Təkrarlara gələk. Bunu deyən adamlar “Kitabi Dədə Qorqud”u bilmirlər. Mən tam ciddiyəm və bunu sübut edə bilərəm. Bəlkə oxuyublar, amma bilmirlər. Hadisələrin, olmuş əhvalatın müxtəlif yerlərdə təkrarı (özü də bir deyil, iki deyil!) dastanın poetik quruluşundan gəlir. Məsələn, xırda bir yadasalma. Dastanda Beyrəyin bəzirganları qarətçilərdən qurtarması, qılınc çalıb baş kəsməsi üç dəfə bütün “nanə turşusu” ilə verilir. Dastan poetikası deyilən nəsnə də elə budur. Indi bunu bilməyən (əslində “qanmayan” deməliydim!) bir adam qınayırsa ki, nə bilim romanda dil rəngarəngliyi yoxdur, nə bilim ifadələrin, əhvalatların təkrarı baş alıb gedir və s. və i.a. Beləsinə acımayasan, neyləyəsən?! "Dədə Qorqud” hər adam girən kol deyil”.

Elə biz də bunu deyirik. Məqalədə mənim obyektim Kamal Abdulla və onun mətnidir, romanda Kamal Abdullanın istinad yeri, istifadə etdiyi mətn “Kitabi Dədə Qorqud”dur. “Dədə Qorqud”a kol kimi girmək olmaz... Müəllifin işlətdiyi “qanmayan” ifadəsi oxucuların bir çoxunda təəccüb və qıcıq yaratsa da mən onu mənə qarşı yox, Kamal Abdullanın özunə hörmətsizliyi kimi qəbul etdim. Hər halda yazıçı-tənqidçi münasibətində qeyri-etik bir ifadədir və həmin ifadə söyləyənin mədəniyyət etiketi-yarlığı kimi əks olunur...

“-... siz romanlarınızda sistemli və özəl dil konsepsiyası ilə çıxış edirsiniz. Hətta demək olar ki, Azərbaycan yox, Kamal türkcəsində yazırsınız. Yenə də bəziləri, yenə də xüsusilə qadın tənqidçilər bunu sizin dil qüsurunuz kimi qələmə verir.

-... Bilirsən, bu məni son zamanlar çox düşündürən bir məsələni mənimçün bir az da əyani etdi. Bunu ilk dəfə sənə deyirəm. Düşünürdüm ki, bizim dilimizin iki variantı var: Azərbaycan dilinin qadın variantı var və Azərbaycan dilinin kişi variantı var”

Ədəbiyyatın və hətta dilin cins bölgüsü ideoloqu Kamal Abdullaya bircə bu məqamda deməyə söz tapmadım - “Azərbaycan dilinin qadın variantı”...

Kamal Abdulla hansı dildə yazır? Onun dilini bilən həqiqəti aça bilərmi?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG