Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56
-

- Sizi dəstəbazlıqda ittiham eləyənlər var. Deyirlər, Kamal Abdulla Slavyan Universitetində ikinci Yazıçılar Birliyi yaradıb.

- Bunların hamısı gülməli şeylərdi. Sadəcə olaraq mən...



“Ulduz” jurnalının 11-ci sayı yaxın günlərdə işıq üzü görəcək. “Ulduz”da yazıçı Kamal Abdulla ilə gedəcək bu müsahibənin bir hissəsini “Oxu zalı”na jurnalın budəfəki sayına məsul olan gənc yazar Kəramət Böyükçöl göndərib. K.Abdulla ilə də o söhbətləşib.


- “Yarımçıq əlyazma” romanınızın dilindən yazanlar deyirlər ki, sizin diliniz rəngarəng deyil. “Yarımçıq əlyazma”dakı dil potensialı guya zəifdir, zəngin deyil, əhvalat, macəra çox, müxtəliflik və rəngarənglik yox dərəcəsindədir.

Deyirlər ki, eyni sözləri və ifadələri müəllif az qala minib çapır, romanda xeyli sayda əhvalat və mühakimə təkrarlarına yol verilib. Mətndə işlədilən arxaizmlər orta məktəb dərsliyində nümunə kimi verilən sayı demək olar ki, keçə bilmir və s. və i.a. Bunları qüsur kimi İradə Musayeva bildirir.


- Eləmi? “Mənim dilim rəngarəng deyilmiş...” Amma, əzizim, sən bilirsənmi, o deyilən “rəngarənglik”dən mən məqsədli şəkildə qaçmışam?! Axı Dədə Qorqud dövründən, adamlarından danışan bir əsərdə o tarixi çərçivədən kənar olan dil ünsürü işlətmək gülünc olardı. Mən bunu şüurlu olaraq etməmişəm. Dastanın dil mövcudluğuna özündən sonrakı, illah da ki, bu günkü dilin “rəngarəngliyini,” o dövr üçün əttökən bər-bəzəyini aparmamışam. Məndən bunumu istəyirlər?! Əgər fikir vermisənsə, “Yarımçıq əlyazma”da hətta “ona elə gəldi...” tipli və ruhlu cümlə də yoxdur. Mən nə bilim, ona necə gəldi?! Dədə Qorqud yazırsa, gördüyünü yazır, görüb ki, xan gözünü qıyıb baxır, elə də yazıb. Daha onun “qəlbində baş verən tufandan, fırtınadan” yazmayıb. Bunu XX əsrdə başladılar yazmağa. Dədə Qorqud isə heç kimin qəlbinin içinə girməyi qarşısına məqsəd qoymayıb. Və deyəndə ki, “Dədə Qorqud” dili zəngin dildir, bu hökmü də son dərəcə ağıllı şəkildə anlamaq lazımdır. Bu, nadanların anladığı rəngarənglik “estetikası”nın zənginliyi deyil, bir başqa zənginlikdir.

Təkrarlara gələk. Bunu deyən adamlar “Kitabi-Dədə Qorqud”u bilmirlər. Mən tam ciddiyəm və bunu sübut edə bilərəm. Bəlkə oxuyublar, amma bilmirlər. Hadisələrin, olmuş əhvalatın müxtəlif yerlərdə təkrarı (özü də bir deyil, iki deyil!) dastanın poetik quruluşundan gəlir. Məsələn, xırda bir yadasalma. Dastanda Beyrəyin bəzirganları qarətçilərdən qurtarması, qılınc çalıb baş kəsməsi üç dəfə bütün “nanə-turşusu” ilə verilir. Dastan poetikası deyilən nəsnə də elə budur. İndi bunu bilməyən (əslində, “qanmayan” deməliydim!) bir adam qınayırsa ki, nə bilim romanda dil rəngarəngliyi yoxdur, nə bilim ifadələrin, əhvalatların təkrarı baş alıb gedir və s. və i.a. Beləsinə acımayasan, neyləyəsən?! “Dədə Qorqud” hər adam girən kol deyil.

- Bir başqa bucaqdan yanaşsaq, siz romanlarınızda sistemli və özəl dil konsepsiyası ilə çıxış edirsiniz. Hətta demək olar ki, Azərbaycan yox, Kamal Kəramət Böyükçöl

Kəramət Böyükçöl

ürkcəsində yazırsınız. Yenə də bəziləri, yenə də xüsusilə, qadın tənqidçilər bunu sizin dil qüsurunuz kimi qələmə verir.

- Mən bunu bir dəfə demişəm. Əzizim Kəramət, mən Azərbaycan dilində yazmıram, mən Azərbaycan dilinin potensialında yazıram. Azərbaycan dilində, ütülü, sığallı, lap elə nahamvar yazmaq mənim üçün maraqlı deyil. Mənim üçün maraqlı odur ki, hiss edəsən ki, cümlə içində bir addım da kənara atsan, bu, artıq azərbaycanca olmayacaq. Dilin imkanının ən son, axırıncı, üzüntü nöqtəsi! Mənim üçün maraqlı oradır, o sərhəd məkanıdır.

Sən düz deyirsən, mənə dil dərsi vermək istəyənlər tapılır. Hətta mənim cümləmi düzəldib – əyib hansısa əndazəyə salmaq cəhdində bulunanlar da var. Nə deyim, vallah?! Ciddi söhbət deyil. Deyirsən, daha çox qadın tənqidçilər bunu edir? Ola bilər. Bilirsən, bu, məni son zamanlar çox düşündürən bir məsələni mənim üçün bir az da əyani etdi. Bunu ilk dəfə sənə deyirəm. Düşünürdüm ki, bizim dilimizin iki variantı var: Azərbaycan dilinin qadın variantı var və Azərbaycan dilinin kişi variantı var. Bizdə Azərbaycan dilinin kişi variantında yazan bir yeganə xanım yazıçımız var və o da hələ ki mənim dilimi tənqid etməyib. Deməli, sən dediyin xanım “ədəbiyyatçılar” – “tənqidçilər” Azərbaycan dilinin kişi variantını ya anlamırlar, ya da həzm edə bilmirlər.

- Kimdir Azərbaycan dilinin kişi variantında yazan yeganə xanım yazıçı?

- Afaq Məsud.

“Təəssüf ki son zamanlar az oxuyuram”

- Slavyan Universitetində bir ədəbi mühit formalaşıb. Buna görə sizi dəstəbazlıqda ittiham eləyənlər var. Deyirlər, Kamal Abdulla ikinci Yazıçılar Birliyi yaradıb.

- Bunların hamısı gülməli şeylərdi. Sadəcə olaraq mən inandığım adamlarla işləyirəm. İnandığım adamları öz ətrafıma dəvət eləyirəm, öz yanıma yığıram. Daha doğrusu, onları Salamla, Etimadla bir yerdə yığırıq. Onlarla bir yerdə müəyyən işin qulpundan yapışırıq. Bunlar istedadlı adamlardır. Salam Sarvanı, Etimadı dedim, Rüstəm Kamalı, Aqşini, Fərid Hüseyni, Əsəd Qaraqaplanı da istedadına, iş bacarığına görə çağırmışam yanıma. Ədəbi zövqümüz, ədəbi düşüncələrimiz də eynidi, yaradıcılıqlarından da xoşum gəlib. İndi mən neyləməliyəm? Mən istedadsız adamları yığmalıyam ətrafıma? İstedadlı adamları yığıram və yığacağam. Nəylə məşğuldurlar bu adamlar?! “Dünya ədəbiyyatı” seriyasından əsərlər çapa hazırlayır, Yaradıcılıq fakültəsində öyrəncilərlə çalışır, onlarla ünsiyyətə və təmasa girir, maraqlı görüşlər, müzakirələr təşkil edirlər. Bu ədəbi mühitdə tələbələr də udur, onlar da udurlar. Dəstədisə – dəstədi, heyətdisə – heyətdi, qüvvədisə – qüvvədi. Amma hər nədirsə, Yazıçılar Birliyi deyil. (gülümsəyir). Qıraqdan ağız büzənlər isə, biz birlikdə belə qənaətə gəlmişik ki, bizim qüvvəmizə paxıllıq edənlərdir. Onları başa düşmək olar.

- Son zamanlar yazılan əsərləri oxuyursunuzmu?

- Təəssüf ki son zamanlar az oxuyuram. İlk iki cümləni oxuyuram. Üçüncü cümləsi ilə məni öz arxasınca aparıb hər şeyi unutduran əsər... belə deyim, azdı.

- Azərbaycanda qiymətləndirdiyiniz yazarlardan kimlər var?

- Bayaq adını çəkdiyim Salam Sarvan, Etimad Başkeçid, Aqşin, Fərid Hüseyn... Təbii ki, oxuduqlarım içində rəhmətlik Rafiq Tağı var. Nahaqdan biz öz “Məqamlar” kitabımızı - Salam, Etimad və mən - Rafiq Tağının xatirəsinə həsr eləməmişik. Şərif Ağayar var. Murad Köhnəqala var. Orxan Fikrətoğlu, Zahir Əzəmət, Qan Turalı var. Aysel Əlizadə, Mövlud, Qismət var. Əlimə keçdikcə oxuyuram. Ancaq gənclərin arasında biri var ki, onu xüsusilə ayırmaq istərdim. Mənim üçün onun xüsusi çəkisi var.

- Adını çəkdiklərinizin çoxu Slavyan Universitetinin əməkdaşları oldu. Rafiq Tağı isə dünyasını dəyişib. Bu heç... O bir nəfərin isə adını çəkmədiniz. Demədiniz, qocadı, cavandı, hansı janrda yazır.

- Kifayət qədər cavandı. Və kifayət qədər cavanlıqdan uzaqlaşmaqda olan bir adamdı. Ona baxıb deyə bilmirsən ki, bu cavandı, ya yaşlıdı. Yazıçının yaşı olmur. Bax, o adam da yaşsızdı. Çox qəribə bir istedaddı. Adını çəkməyəcəyəm. Amma onda həqiqi istedad, parlaq bir nasir istedadı, nasir nəfəsi və potensialı var. Dağ çayıdı, seldi, nədi, axıb gəlir, yolundakı maneələri dağıdır.

- Bəs niyə demirsiniz, kimdi o?

- Nəsə ürəyim belə istədi. Ad heç nəyi dəyişmir. Amma, həqiqətən, o adamın əsl Azərbaycan nasirləri arasında yeri var...

Müsahibəni bütöv halda “Ulduz” jurnalında oxuya biləcəksiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG