Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36

Nazim Hikmət. Axı niyə mənim damarlarımda yəhudi qanı axmır? (10)


Nazim Hikmət

Nazim Hikmət

-

– Biz bir yazarın səs hüququndan məhrum olunmasını istəyirik. O burada türk ədəbiyyatını təmsil edir. Mən Nazim Hikməti deyirəm. Türk pasportu olmayan, bura Moskvanın pasportu ilə gəlmiş bir yazar türk ədəbiyyatının nümayəndəsi hesab oluna bilərmi?


Vera Tulyakova-Hikmət


NAZİMLƏ SON SÖHBƏTİMİZ

(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)


əvvəli

Yadındadı, altmışilliyindən bir neçə gün əvvəl səninlə Mərkəzi Univermaqdan suvenir almağa getmişdik: qərara gəlmişdik ki, Moskvadakı ad günləri ənənəsini pozaraq, özümüz dostlara xırım-xırda hədiyyələr eləyək, hədiyyələri masada salfetlərin altında gizləyək – qoy sürpriz olsun, yadlarında qalsın.

Sən dükanlara getməyi xoşlamırdın. Hərçənd düşünürdün ki, səfərdə olduğun bütün ölkələrin dükanları onların həyat tərzinin, zövqlərinin, problemlərinin göstəricisidir.

Amma bizim məzlum, həmişə adam əlindən tərpənməyin mümkün olmadığı dükanları gəzmək sənin üçün işgəncə idi.

Axı bizim lüt-üryan şəhərdə nəsə almaq da mümkün deyildi. Növbələrə qarşı ikrah hissi, qarışıqlıq, əsəbi, alçalmış adamlar – bütün bunların hamısı səni də güzəştə getməyə məcbur elədi.

Başqa imkan olmayanda, sən o illərdə Mərkəzi Univermaqda hökumət nümayəndələri və onların ailələrinə xidmət edən iki yüzüncü bölməyə gedirdin.

«Yuxarı»lar o bölmədə dəmir intizam yaratmışdılar. Alıcılar əvvəlcədən MK-nin əlaqədar bölməsi ilə razılaşaraq, vaxt müəyyən edərək, MK nümayəndəsinin müşayiəti ilə gəlməli və heç bir halda burda həmkarları ilə üz-üzə gəlməməli idilər.

Mərkəzi Univermağın həmin bölməsinə giriş Qızıl Meydan tərəfdən, az qala Lenin Mavzoleyinin qarşısından idi. Bölməni bu hissədə «gizlətmişdilər». Sol pəncərənin sağındakı düyməni basanda, pəncərə ikilaylı qapıya çevrilir və sizi oraya buraxırdılar. Qapının arxasında içərisində iki yazı masası (biri bölmə müdirinin, biri də onun müavininin masası idi), asılqan və mühafizəçlər üçün kətillər vardı. Alınan mallar burada qablaşdırılır, bükülür və hesabı burda ödənirdi. Ticarət məkanının özü isə ayaqqabılar və geyinib-soyunma üçün ayrıca hissələri olan nəhəng bir otaqdan ibarət idi. Divarlardakı rəflərdə hələm-hələm ələ düşməyən trikotaj malları, parçalar, bir qədər hazır paltarlar, suvenirlər, papaqlar olur, asılqanlarda şubalar görünürdü. Mallar çox olmasa da, keyfiyyətli olurdu. O vaxtlar bu bölmə üçün xüsusi olaraq xaricdən mallar gətirilmir, qiymətlər isə adi yerlərdəki kimi olurdu.

Sərt intizama baxmayaraq, «gizli dükan»ın alıcıları mal seçməyə çox vaxt sərf edirdilər. Biz bir neçə dəfə orada vacib xanımları görmüşdük. Yadımdadı, Monqolustan «hökmdar»ı Sedenbalın rus arvadı ona deyil, başqa vacib adamın arvadına satılan pərdədən ala bilmədiyinə görə necə ağlayırdı.

Orada mən saçları ağarmış Nina Petrovna Xruşşovanı da görmüşdüm. Bir dəfə o mənim yanımda metri yüz rublluq iki top əlvan hind parçası aldı. Dedi ki, onların ailəsində qadın çoxdu, hamıya da paltar tikdirmək lazımdır. Orada işləyən xoşsifət qadınlar səs çıxarmadan təəccüblənmişdilər:

- Necə yəni, Xruşşovun ailəsində bütün qadınlar eyni paltardan geyinəcək?!

Soviet Ittifaqı. ZIL-114 limuzini Qızıl meydanda, Moskva, 1968

Soviet Ittifaqı. ZIL-114 limuzini Qızıl meydanda, Moskva, 1968

Bir dəfə də orda Yekaterina Alekseyevna Furtsevanı görmüşdüm. Bir dəfə o paltar dəyişmə otağından, əynindəki gecəköynəyi ilə boylanaraq, mənə əl elədi ki, mavi kostyumun ona yaraşıb-yaraşmadığına baxım. Onun necə gözəl bədəni, açıq, təravətli dərisi vardı! O vaxt Furtseva hələ Politbüronun üzvü idi, onun mühafizəçisi – süd rəngli makintoş geyinmiş cavan kişi ipək pərdənin arxasında dayanmışdı. Bir dəfə də orda əlində dublyonka tutmuş Şoloxovu gördük. Bir dəfə isə hətta Leonid İlyiç Brejnevlə qarşılaşdıq...

Həmin dükanın müdiri gözəl qadın Marianna Mixaylovna idi. Sən onunla lap çoxdan, hələ mənimlə tanış olmamışdan əvvəl dostluq edirdin. Bir-birinizə olduqca dostyana, hörmət dolu münasibətiniz vardı. Məni də o sənin seçiminə ciddi və hörmətlə yanaşaraq qəbul eləmişdi.

Sənin dəfnindən sonra o mənə zəng edərək, dedi:

– Vera, yanıma gələrsən! Danışarıq. Nəsə lazım olsa, kömək edərik. Sabah gəl. Ağlama. Hərçənd, sənin göz yaşların da ona əzizdi. Heyif ki, indi görmür. Eh, Nazim!

Bilmirəm, niyə, amma indi də onu görmək (çox az-az görüşsək də) mənə çətindi, Nazim. Görəndə, ona sığınmaq, onun yanında ağlamaq istəyirəm. Hiss eləyirəm ki, o məni başa düşür, amma ona əlimi uzatmağa qorxuram, özümü ələ verəcəyimdən ehtiyat edirəm. O isə məni başa düşür, bizim gözəl, ağıllı Marianna Mixaylovnamız.

Onun özünün də dərdi var – əri bu yaxınlarda dünyasını dəyişdi. Qoca anası xəstədir. Amma özü elə həmənkidir – cəld, səliqəli, işgüzar, gözəl. Zəng eləyir, ora-bura qaçır, göstərişlər verir. Mənə yaxınlaşanda isə yaşıl gözlərində nəsə isti, yumşaq, aram bir şey görünür. Bilirəm: sənin həsrətin, sənin kədərindi bu.

Heç bilmirəm niyə, Asiya və Afrika yazıçılarının Qahirədəki konqresinə səfərimiz yadıma düşdü? Onda sən birinci və axırıncı dəfə Yazıçılar İttifaqından pul aldın. Sənin Misirdə qonorarın yox idi, bizi xirtdəyə qədər valyuta ilə təmin etməyə söz verən məmurlar 18 günlük səfər üçün 62 Misir funtu ayırmışdılar. Sən narahat idin, bu pulun səfər boyu çatıb-çatmayacağını soruşdun. Dedilər ki, artıqlaması ilə çatacaq. Biz Misirə çatdıq, sənin təzə sovet pasportunun sayəsində bizi sovet səfirliyindən olan yoldaşlar və bizim jurnalisrlər qarşıladılar. Bizi o dəqiqə amerikalıların tikdiyi dəbdəbəli “Hilton” otelində yerləşdirdilər.

Nazim Hikmət və Vera Tulyakova

Nazim Hikmət və Vera Tulyakova

Həmin gecə çox rahat, amma kifayət qədər sadə otaqda gecələdik. Səhəri günü təsadüfən kağızdakı qiymətlərə baxdım. Üstümüzdəki pul bu oteldə üç gün qalmağımıza çatırdı. Təbii ki, nahar və şam yeməyini hesaba almasaq. Sənin necə həyəcanlandığın indiki kimi yadımdadı, əsəbi halda səfirliyə zəng elədin, tez burdan daha ucuz otelə köçürülməyimizi, borca pul vermələrini xahiş elədin. İlahi, o nə imtahan idi! Səfir bizə kömək üçün iki diplomat göndərmişdi. Onlar təəssüf və təəccüblə soruşurdular:

- Axı necə ola bilər ki, sizi bura belə qəpik-quruşla göndərələr? Özü də on səkkiz günlüyə?

Sonra dedilər ki, səfirin pulu yoxdur, bizə də kasıbyana bir mehmanxana tapdılar: elektriki olmayan, lifti işləməyən, damın düz altında, taxtabiti ilə dolu bir otaq...
Səhər-səhər buyruqçu oğlan gözləri alnına çıxmış halda gələrək dedi ki, aşağıda sizi o qədər adam gözləyir ki, onlar «holla» yerləşmirlər. «Holl» əlbətə ki, şişirdilmiş söz idi. Sənin necə qışqırmağın yadımdadı:

- Mənim bu səfil, çirkli mehmanxanada yaşamaq haqqım yoxdur!

Sən yenə sovet səfirinə zəng eləyib, bizi təcili Moskvaya göndərməyini tələb elədin və ilk dəfə sovet pasportu ilə səfərə çıxanda necə təhqir olunduğunu dedin.

Amma səfirin elə bil qulaqları kar idi, elə hey deyirdi ki, səfirliyin pulu yoxdur, o xərclədiyi hər qəpiyə görə Moskvaya hesabat verməlidir.

Sən ona vəziyyəti izah elədiyin müddətdə, hansısa xüsusi xidmət orqanlarının səyi nəticəsində bu söhbət Misir prezidentinə çatmışdı. Mən əşyaları yığışdırandan bir neçə dəqiqə sonra, saraydan görkəmli bir məmur gəldi və Nazimə prezident Amal Abdül Nəsirin şəxsi dəvətini çatdırdı: alaqapıda bizi artıq maşın gözləyirdi ki, bizi dəvət olunduğumuz xüsusi iqamətgaha aparsın. Bizi aparmağa gələn cənab gizlədə bilmədiyi ikrah hissi ilə mehmanxananı süzərək, bura necə düşdüyümüzü soruşdu. Sənsə, Nazim, ona izah eləməyə çalışırdın ki, həmişə xalqa, sadə insanlara daha yaxın olmağı arzulamısan.

Köçəndə, bizi iki eskort – polislər və jurnalistlərdən ibarət – müşayiət edirdi. Səhər “Qizira palas”ın kuryeri bizə sovet səfirinin göndərdiyi zərfi gətirdi. Zərfdə pul yox idi. Həmin günlərdə Novosibirsk teatrının artistlərinin Qahirəyə nümayiş üçün gətirdikləri sənin «Məhəbbət əfsanəsi» baletinə dəvətnamə vardı…

Sonra sən bir jurnalistdən səni ərəb kəndinə aparmağını istədin. Bizi ərəb kəndinə apardılar. Qahirədən otuz kilometr uzaqda biz xışla yer sürən yekəpər bir kəndli gördük. Sən jurnalistlərdən maşını saxlamağı xahiş elədin. Cütçüyə yaxınlaşdıq. Onun qarabuğdayı, günəşdən yanmış üzü ayaqları altındakı cadar-cadar olmuş torpağa oxşayırdı. O bizi görüb, dayandı. Biz onunla əl görüşdük, Nazim isə əllərini onun alnına, dodaqlarına və ürəyinə yaxınlaşdırdı. Kəndli özünü itirmədi. Suallara ləyaqətlə cavab verdi. Onu torpaq, məhsul, quraqlıq narahat edirdi, o bütün bunlar barədə həvəslə danışırdı.

– Siz radioya qulaq asırsınız? Qəzet oxuyursunuz? – sən ondan soruşurdun.

– Mən oxumaq-yazmaq bilmirəm, müəllim yanına getməyə vaxtım olmayıb. Səhərdən axşama qədər işləyirəm. Ailəm böyükdür. Uşaqlar da böyüdükcə daha çox yeyirlər…

Biz onunla sağollaşanda, kəndli sənin əlini uzun müddət əlində saxladı:

– Bu axşam mən oğullarıma deyəcəm ki, əkin yerində yaxşı bir adamla danışdım. Onlar sənin hardan gəldiyini soruşacaqlar. Sən müsəlmansan, arvadın kimi gavur deyilsən, eləmi?

– Mən yazıçıyam. Nazim Hikmətəm. Türkiyədənəm.

Kəndlinn sifəti tutuldu.

– Heyif, – dedi.

– Niyə? – sən çaşdın. – Mən türkəm. İstanbuldan. bu şəhər barədə nəsə eşitmisən?

Kəndli əlini yellədi.

– Sən yaxşı adama oxşayırsan. – o sözünü bir də təkrarladı – türklər isə pis adamdılar.

– Niyə? – sən az qala qışqırdın. – Türklər niyə pis adamdılar ki?

– Onlar İsraillə dostluq eləyirlər. Əgər siz yəhudilərlə dostsunuzsa, deməli bizə düşmənsiniz. Heyif.

O arıq, qabırğaları sananan atını dəhmərlədi, bizi toza basaraq, üzümüzə də baxmadan ötüb getdi.

– Buna bax... – sən çaşmışdın. – Ömrü boyu bir nəfər də olsun, yəhudi görməyib, savadsızın biridi, amma gör onlara necə nifrət eləyir?!

Sovet markası

Sovet markası

Qahirədə biz vəkil Şaxotanın ailəsi ilə tanış olduq. Belə alındı ki, biz Misir hökumətinin hesabına qaldığımız otelin restoranında deyil, yeni dostlarımızın evində nahar elədik. Sən iclas arası onların evinə gedir və iki saat onlarda dincəlirdin. Nazim, sənin xoşuna gələn adamların evində özünü rahat hiss eləmək kimi gözəl bir xasiyyətin vardı.

Sən onlara yoldakı hadisədən danışdın. Şaxota və arvadı sakitcə qulaq asırdılar.
Sən soruşdun:

– Bu barədə nə deyə bilərsiniz?

– Bu yerdə nə demək olar, –Şaxota kədərlə dedi. – Ana! – o qoca anasını çağırdı. – Ana! Bura zəhmət çək.

Balacaboy, geyim-kecimli bir qadın içəri girib, gözlərini geniş açaraq oğluna baxdı.

– Ana, Nazimə de, ailəniz neçə ildi Misirdə yaşayır?

– Demək olar ki, dörd yüz ildi, – qadın bir az düşünəndən sonra dedi.

– Az qala dörd yüz ildi! Ulu babalarımızdan heç kimin burdan köçüb getmək fikri olmayıb. Onlar özlərini ərəb bilirdilər. Bizim başqa ənənələrimiz, fərqimiz yoxdur – biz onlardan heç nə ilə fərqlənmirik. Amma indi biz burdan köçüb getməliyik. Axı mənim torpağım, vətənim buradır! Mən Misiri sevirəm, mən Misirli balasıyam!Mən nə etməliyəm, Nazim Hikmət? İşimiz çətinləşib. Mən yəhudiyəm – indi buna görə insanlar məndən qaçır. Onlar daha mənə inanmırlar. Qızları məktəbdə incidirlər. Mən bunun səbəbini onlara başa sala bilmirəm. Başa sala bilmirəm ki, qonşuluqda balaca bir ölkə var - İsrail... Bax, belə, Nazim.

– Axı niyə mənim damarlarımda yəhudi qanı axmır? – sən bunu səmimi deyirdin. – Damarlarımda turk qanı var, polyak qanı, fransız, alman qanı var, hətta gürcü qanı da var, amma yəhudi qanı yoxdur. Mən onların taleyini bölüşmək istəyirəm. Bu xalqın başı nələr çəkir?!

1962-ci ilin fevral ayının 12-də konqresin ilk günü idi. Fərruxun adına olan zal nümayəndələrlə dolmuşdu– bu, qara və sarı adamlardan ibarət insan dənizi idi. İlk dəfə idi ki, belə tədbirdə idim, özüm də yarırəsmi şəkildə. Mən uzaqdan sənin kürəyini və boynunun arxasını görürdüm. Konqres rəyasət heyəti seçəndə, birdən Çindən gələn nümayəndə ayağa qalxıb, dedi:

– Biz bir yazarın səs hüququndan məhrum olunmasını istəyirik. O burada türk ədəbiyyatını təmsil edir. Mən Nazim Hikməti deyirəm. Türk pasportu olmayan, bura Moskvanın pasportu ilə gəlmiş bir yazar türk ədəbiyyatının nümayəndəsi hesab oluna bilərmi? Biz onun nümayəndə mandatının əlindən alınmasını tələb edirik.

Zala sükut çökdü. Bir neçə dəqiqədən sonra sən orta sıralardan qalxıb, qabağa gəldin, aramla tribunaya çıxaraq, azad, açıq gözlərlə hamının üzünə, bəzilərinin gözlərinə baxdın. Üzündə bir damcı da həyəcan hiss olunmurdu. Sonra sakitcə dedin:

– Düşünürəm ki, mənim burada, Asiya və Afrika yazıçılarının konfransında türk ədəbiyyatını təmsil etmək hüququm var. Çünki öz xalqının dilində yazan hər bir yazar öz ölkəsinin ədəbiyyatını təmsil etmək hüququna sahibdir. Düşünürəm ki, buradakılar polis yox, yazıçıdırlar. Təəssüf ki, mənim vətənimdə, Türkiyədə məndən yaxşı şair yoxdu. Amma hamısı bu deyil. Məncə burda, bu zalda əyləşənlərin arasında da məndən yaxşı şair yoxdu.

Alqışlar səsləndi.

– Əgər düz demirəmsə, qoy özünü məndən yaxşı şair hesab eləyən kəs qalxıb, bura gəlsin, mən məmnuniyyətlə onun əlini sıxaram.

Adamlar nəfəslərini çəkib, oturmuşdular. Heç kim yerindən tərpənmədi.

– Belə oldusa, hörmətli yazıçı yoldaşlar, deməli siz nəinki məni səsdən məhrum etməyəcəksiz, hətta elə indicə rəyasət heyətinə seçəcəksiz. Kim «hə» deyirsə, əlini qaldırsın.

Yuxarı qalxan əllər meşə kimi sıx idi, Nazim! Sən rəyasət heyətində oturdun, insanlarsa hələ də əllərini endirmirdilər.

Zahirən sən sakit idin. Amma mən başa düşürdüm ki, bu qələbə sənə nəyin bahasına başa gəlib. Moskvada gənc oğlanlar bizim evimizə gələndə əllərini sənə uzadıb, «mən şair filankəsəm» deyəndə, sən kinayəli təbəssümünü gizlədə bilmirdin, sonra da təəccüblə mənə deyirdin:

- Mən ömrüb boyu şeir yazmışam, özü də çox vaxt yaxşı yazmışam, amma hələ də özüm barədə «mən şairəm» deyə bilmirəm. Bizim Şərqdə insanın özü barəsində «mən şairəm» deməsi, təxminən «mən yaxşı adamam» deməsi kimi bir şeydir.

Biz həvəslə Qahirəni gəzirdik. Heyrətlənirdim, necə olurdu ki, sadə insanlar Nazimin müsəlman, mənimsə özləri demişkən «gavur» olduğumu o dəqiqə bilirdilər. Sən burada, Misirdə İstanbuldakı adətləri, öz xalqının cizgilərini görəndə çox sevinirdin. Tez-tez deyirdin:

– Bax, bizdə də belədir. Bizim qadınlar da belə gəzir.

ARDI

Günün bütün mövzuları

XS
SM
MD
LG