Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08
-

...Pablo dəli oldu. Qarşısındakı iri boşqabı iki əli ilə kənara itələyərək ayağa qalxdı və ciddiyyətlə dedi:

– Getdik!

– Hara gedirik? – soruşdun. – Saata bax, on bir olub!

– Dedim ki, getdik, – hirsindən fısıldayan Pablo az qala əmr elədi: - Buna bax, Nazim Albertonu tanımır!..



Vera Tulyakova-Hikmət


NAZİMLƏ SON SÖHBƏTİMİZ

(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)


əvvəli burda

Yadındadı, qərar verib sənin yanına köçəndən bir neçə gün sonra gecə vaxtı bizə Pablo Neruda zəng elədi?

Moskvadan, “Natsional” mehmanxanasından zəng eləmişdi. Siz uzun-uzadı fransızca danışdınız.

Sonra sən mənə dedin:

– Pablo tələb eləyir, başa düşürsən, tələb eləyir ki, səhər saat onda səni ona göstərim. Mən ondan xahiş elədim ki, görüşü bir saat təxirə salsın, sən yata biləsən. Deyir, Parisdə o Araqonların evində olub və Elza Triole bütün gecə ona səndən danışıb.

– Elza Triole? – mən heyrətə gəldim. – Axı mən onu heç vaxt görməmişəm.

– Nə olsun? Mənim Verusyam, sənin adın artıq Avropanın ədəbi salonlarında hamının dilində dolaşır. Odur ki, belə şeylərə öyrəş, əzizim! – deyib, gülümsədin.

Səhər biz Pablo ilə görüşdük.

O mənimlə çox mehriban davranırdı. Elə o biri dəfə də, Moskvaya tək gələndə – o vaxt Matilda ilə nikahı hələ baş tutmamışdı – o hər axşam bizə gəlir, gecəyarısına qədər oturur, mənə Kuba romu, limon və çiliklənmiş buzdan çilisayağı içki düzəltməyi öyrədirdi. O vaxt yaxşı Kuba romunu bütün dükanlardan almaq olardı.

Siz Matildadan başqa hər şeydən danışır, amma heç vaxt mübahisə eləmirdiniz. Ucadan danışıb gülür, qəhqəhə çəkir, bir-birinizlə zarafat eləyirdiniz. Keçmişdə baş verən gülməli hadisələri yada salır, dost olduğunuz uzun illər ərzində baş verənləri uşaq kimi bir-birinizin sözünü kəsə-kəsə mənə nağıl eləyirdiniz.

Yadındadı, Pablo hər dəfə bizim evə girən kimi mis məftillərdən hazırlanmış yumru heykəltəraşlıq əsərini başına taxır, ağır ayaqlarını ləngərlə ata-ata otaqda gəzişir və qışqırırdı:

- Mən Aydan gəlmişəm, mən Aydan gəlmişəm!

Bununla o, sənə işarə vururdu – yəni niyə hər sənətkardan boş-boş şeyləri satın alırsan? Sənsə cavabında:

– Yeri gəlmişkən, Pablo, pulun var? Varsa sabah bir rəssamın yanına gedək, ondan bir şey al. O cavan oğlanın indi işləri pis gedir, heç nə alınmır. Kömək eləmək lazımdır.

Səhər biz birlikdə həmin rəssamın emalatxanasına yollandıq.

Yolboyu sən Pablo ilə dünyada baş verən yeniliklərdən danışırdın. O vaxt xarici rəssamlar, rəsm sənəti barədə kitablarımız yox idi, tapa bildiklərimizi isə gizlində saxlamalı idik.

Pablo Neruda

Pablo Neruda

Modilyanini, Van Qoqu, Pikassonu çox az adam tanıyırdı. Siz Pablo ilə özünüzlə yaxşı kitablar gətirir, o kitabları rəssamlara bağışlayır, onların müasir Qərb, Avropa incəsənəti barədə nəsə öyrənməsini istəyirdiniz.

Pablo da sənin kimi, həmişə rəssamların ən pis, heç kimin almayacağı əsərlərini alırdı, beləliklə də, bir az avam kimi görünərək, siz əslində cavan rəssamlara kömək eləyirdiniz.

Cavan rəssamlar da qəribə həyat yaşayırdılar. 1962-ci ildə şair Sergey Mixalkovun sənə zəng eləyib, cavan İlya Q.-a kömək etməyini xahiş eləməsi yadındadırmı?

(Böyük ehtimalla söhbət F. Dostoyevskinin əsərlərinə çəkdiyi illüstrasiyalarla məşhur olan rəssam İlya Qlazunovdan gedir – tərcüməçi).

Sən o dəqiqə rəssama zəng elədin, səhər saat onda biz onun emalatxanasına getdik.

Qapını üzümüzə rəssamın kədərli üzü olan cavan arvadı Nina açdı.

Emalatxana çox da böyük olmayan iki otaqdan ibarət idi.

Otaqlardan balacası qeyri-adi dərəcədə gözəl olan ikonalarla bəzənmişdi. Üzü divara çevrilmiş əsərlər divar boyu yerdən düzülüşdü.

– Sizə qəhvə hazırlamalı idim. – Nina dedi, – amma biz düz iki gündür ki, acıq. Pulumuz da yoxdur.

O bu sözləri deyəndə, İlya otaqdan çıxdı...

Sən tez soruşdun:

– Sizə necə kömək edə bilərəm?.

–Veranın portretini sifariş verin.

İlya otağa qayıtdı və o dəqiqə mənim portretimi işləməyə hazır oldu.

Sən:

– İşə nə vaxt başlaya bilərsiniz? – deyə soruşdun.

İlya o dəqiqə dedi:

– Elə indi.

Mən buna heç hazır deyildim, amma üzərimə düşən missiyaya hörmət əlamati olaraq, oturdum və bircə dəfə də tərpənmədim.

Bir saatdan sonra portret hazır idi, sənin də çox xoşuna gəldi. İlya portreti sonradan xırda düzəlişlər eləmək üçün bir gün emalatxanasında saxladı və işə görə 150 rubl istədi.

Səhər biz portreti ordan götürdük. Sən onu qonaq otağımızda, ən gözəgəlimli yerdən asdın.

Mismarı divara öz əllərinlə vurdun.

O portret hələ də o divarda, elə mismardan asılı qalıb.

Biz İlya barədə bütün tanışlarımıza danışırdıq, sən hamısından xahiş eləyirdin ki, bu kasıb, istedadlı rəssama kömək eləsinlər.

Səsimizə birinci səs verən gözəl dostumuz, məşhur teatr rejissoru Viktor Komissarjevski oldu.

Vera Tulyakova və Nazim Hikmət

Vera Tulyakova və Nazim Hikmət

İkinci qurbanın Pablo Neruda idi.

Amma mən İlyanın yanına Sonya Saytan-Komissarjevskaya və Pablonun arvadı Matilda Urutini aparanda hər dəfə eyni səhnə təkrarlanırdı.

Hər dəfə tanışlıqdan onra İlya otaqdan çıxır, həmişə qara paltarda olan kədərli Nina isə qəhvənin, pulun yoxluğundan və iki gün ac qalmaqlarından danışırdı.

Bunu sənə danışanda bərk qəzəbləndin, amma portreti divardan çıxarmadın.

Həmin illərdə sənin də, Pablonun da tələbələrə ehtiyacı vardı. Siz öz ehtiraslarınızı, zövqlərinizi başqalarına ötürmək istəyirdiniz. İkiniz də «öz» şairinizi ya rəssamınızı kiməsə sevdirmək istəyirdiniz.

Bir dəfə şam yeməyi yeyirdik – məclis uzandı. Biz masada üçlükdə oturmuşduq və sən Pabloya Balabandan, bu istedadlı kəndli gənclə bir kameraya düşməyindən, onun gözəl rəssam ola biləcəyini hiss edərək, ilk rəngkarlıq dərsləri verməyindən danışırdın...

Pablo sənə qulaq asandan sonra dedi:

–Alberto da eynən belə idi. O da axı əvvəllər çörəkbişirən olub.

– Hansı Alberto? – soruşdun.

– Nə danışırsan? Sən Albertonu tanımırsan?! –Pablo az qala qışqırdı. – Ciddi deyirsən?

– Axı o kimdi? – sən çaşıb qalmışdın.

Pablo dəli oldu. Qarşısındakı iri boşqabı iki əli ilə kənara itələyərək ayağa qalxdı və ciddiyyətlə dedi:

– Getdik!

– Hara gedirik? – soruşdun. – Saata bax, on bir olub!

– Dedim ki, getdik, – hirsindən fısıldayan Pablo az qala əmr elədi: - Buna bax, Nazim Albertonu tanımır!

Sən evin içində o baş-bu başa qaça-qara nəsə başa düşməyə və onu fikrindən daşındırmağa çalşdığın müddətdə Pablo mənim gödəkçəmi geyindirdi və çiyinlərimi qucaqlayaraq, qapıya tərəf apardı. Küçədən taksi saxlayıb, oturduq və qəfildən məlum oldu ki, Pablo Albertonun yaşadığı küçənin adını unudub.

– Eybi yoxdu, – o dedi, mənsə hiss elədim ki, bü həngamə artıq sənin xoşuna gəlməyə başlayır – Narahat olma, biz onun evini tapacağıq.

– Ay qardaş, sən dəli olmusan?! Saatdan xəbərin var?! Camaat çoxdan yatıb.

Pablo bir az düşünəndən sonra sürücüyə dedi ki, bizi şampan şərabı satılan bir dükana aparsın. Sürücü bizi Yeliseyevskə gətirdi, amma bura artıq bağlanmışdı.

Pablo ilə sən nəhəng pəncərələrdən içəri boylandınız və içəridə hələ işıqların yandığını, bir neçə qadının isə öz piştaxtalarını təmizlədiyini gördünüz.

Pəncərələri döyməyə başladınız. Amma Yeliseyevskin vitrinləri çox qalındır deyə, qadınlar heç nə eşitmədilər.

İşi belə görən Pablo pəncərə altlığına çıxaraq, tısbağa kimi vitrinə yayxandı.

Axır ki, qadınlar onu gördülər. Onlar əvvəlcə qorxdular, sonra da yaxınlaşıb, qorxa-qorxa qapını açdılar.

Pablo ilə sən bir-birinizin sözünü kəsə-kəsə, diliniz dolaşa-dolaşa və utana-utana iki şüşə şampan şərabı istədiniz.

Satıcılar əvvəlcə qarşılarındakı adamların adi əyyaşlar olduğunu düşünərək, qəzəbləndilər, amma şampan istəyənlərin kim olduğunu biləndə bizə qızılı başlıqlı qara şüşələri gətirdilər.

Sonra əzablı axtarışlar başladı – Albertonun yaşadığı evi heç cür tapa bilmirdik. Leninqrad prospektinə getməli olduğumuzu bilənə qədər saysız-hesabsız məhəllələrdən keçdik.

Axırda Pablo doğrudan da Albertonun evini tapdı. Biz həyətə girəndə, zülmət qaranlıq idi.

Nazim Hikmət. Saman sarısı (Vera Tulyakovaya dərin sayqılarımla)


Divarın dibində ərzaq dükanından götürülmüş boş yeşiklər qalaqlanmışdı. Sən yeşiklərdən birinin üstündə oturub, saatına baxdın; gecə saat iki idi. dimdikli papağını başının axasına sürüşdürərək, gülə-gülə Pabloya baxdın, son dəfə onun ağlını başına gətirməyə çalışdın amma Pablo artıq alaqapıdan içəri girmişdi.

Biz də onun ardınca qalxdıq. Liftə minib, üçüncü, ya dördüncü mərtəbəyə qalxdıq. Pablo qapının zəngini çaldı.

Bir müdət sonra qapı açıldı, biz qarşımızda gecəköynəyinin üstündən atığı qara şala bürünmüş arıq, balacaboy, yuxulu bir qadın gördük..

– Pablo!.. – qadın heyrət və sevinclə qışqırdı. – Pablo...

Bu, Albertonun arvadı Klara idi – o bizi içəri dəvət elədi, uşaqların yatdığı otağın qapısını örtərək, bizi qonaq otağına keçirdi.

İçəri keçdik. Dar, uzunsov otaq çox işıqlı idi, üzbəüz divara söykənmiş bozumtul-yaşıl divanda sadə, amma əməlli-başlı geyinmiş, yaşlı, üzdən dinc quşa oxşayan bir adam oturmuşdu.

Hiss olunurdu ki, o, yuxudan təzəcə durmayıb, o heç yatmağa da hazırlaşmırmış. Onun üzündə bir damcı da təəccüb ifadəsi yox idi. Elə bil ki, bizi gözləyirmiş. Sakitcə və tələsmədən, gülümsəyərək əllərimizi sıxdı. O, Pablonun atmacalarına sakit-sakit cavablar verirdi.

Sən Albertoya nəsə dedin, amma o, ispan dilində cavab verdi.

– Siz rusca danışa bilmirsiz? – sən bərk təəccübləndin.

– Yox, Alberto ancaq ispanca danışır, – Klara «r» hərfini ağzında əzə-əzə dedi.

–SSRİ-yə təzə gəlmisiz?

– Yox, nə danışırsınız, –Klara dedi, – Biz 1938-ci ildən, Vətəndaş Müharibəsindən bəri burdayıq.

Sən heyrətə gəldin, Pabloya baxaraq, soruşdun:

– Onun başı xarabdı?

– Yox, –Pablo güldü. – O – dahidi. İndi görərsən! Eşidirsən, Alberto, Nazim soruşur ki, sənin başın xarabdı?

– Yox, –Alberto gülərək dedi. – Sadəcə mən hələ də İspaniyada yaşayıram.

– Görürsən, o, Miro, Salvador Dali, ya da Pikasso kimi Parisdə yaşamağı seçmədi. Özü də o – müasir ispan heykəltəraşlığının banisi, xalqının fəxridir. Yeri gəlmişkən, bilirsən, Pikasso babat xəsis adamdı. Amma o həmişə bayram piroqunun yarısını xüsusi yaxınlıq və doğmalıq əlaməti olaraq Albertoya göndərirmiş. Hər şeyi onunla bölüşmək istəyirmiş! Onun üçün Albertonun sözü vacib idi. buna görə o həmişə öz əsərlərini, reproduksiyalarını, kitablarını Albertoya göndərir və həyəcanla onun nə deyəcəyini gözləyirdi.

Klara şampan şərabı üçün hazırladığı qədəhləri salfetlə sildiyi, Alberto isə gecə vernisajı üçün postament hazırladığı müddətdə Pablo pıçıltı ilə bunları sənə danışırdı.

Tələsmədən, dəqiqəbədəqiqə artan heyrətlə biz Albertonun bir ucdan hardansa peyda olan əsərlərinə baxırdıq. İspaniyanın, İnqilabın, Rusiyanın obrazları bu balaca, uzunsov otaqda peyda olurdu. Müxtəlif ölçülü İberiya öküzləri, kastiliyalı qadınlar, əlində xoruz tutmuş rus qadını...

Yadıma gəlir, Nazim, qırmızı bayrağı yuxarı qaldırmış qadın fiquru sənin çox xoşuna gəldi. Bu balaca – boyu bir metrdən də az olan heykəl idi – amma o, gələcəkdəki böyük bir dünyanın obrazı idi.

– Siz bu heykəli harda qoymaq istərdiniz?– sən Albertodan soruşdun.

– Faşizmin olmadığı istənilən bir şəhərin əsas meydanında. Məsələn, Madriddə, Moskvada... Məsələn, Manejin yanında əla meydan var... Mən Moskvanı çox sevirəm.

– Bu heykəl çox böyük olmalıdır, eləmi?

– İyirmi metr, –Alberto dedi. – Mən bayrağımızın ideyasını açmaq istəmişəm, Nazim.

– Gözəl düşünmüsünüz. Onu mütləq qoyacaqlar, görəcəksiniz. Müxtəlif şəhərlərdə, müxtəlif ölkələrdə...

Bir az susandan sonra sən Albertodan soruşdun:

- Siz İspaniyaya qayıdacağınıza inanırsınız?

– Hə, –Alberto əminliklə dedi. – Amma mən vətənimə əliboş qayıda bilmərəm. Mən çox işləməliyəm, ora qayıdanda ölkəm görsün ki, mən həmişə işləmişəm və həmişə ispan heykəltəraşı olaraq qalmışam. Başa düşürsünüz?

– Hə, qardaş. Mən sizi çox gözəl başa düşürəm! Heyif ki, biz sizinlə daha tez tanış olmamışıq...

Nazim, bağışla. Mən sənə deyə bilmədim ki, o sənin ölümündən yarım il əvvəl Moskvada dünyasını dəyişdi... O öz vətəninə səndən tez qayıtdı. Məyus olma, bu pis şey deyil. İspanlar onun adına muzey tikiblər. Xalq həmişə sevginin əvəzini sevgi ilə ödəyir.

ARDI

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG