Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Tənzilə Rüstəmxanlı: «Mən Gülərin yalançısıyam»


Tənzilə Rüstəmxanlı (Foto:tenzilerustemhanli.az)

Tənzilə Rüstəmxanlı (Foto:tenzilerustemhanli.az)

-

Əvəz Zeynallı:
- Şahidlərdən gələn var?

Hakim:
- Qoy katibə gəlsin görək nə deyir?

Əvəz Zeynallı:
- Deputat gəlib?

Hakim:
- Hansı deputat?

Əvəz Zeynallı:
- Üzr istəyirəm, keçmiş deputat.

Hakim gülür.

Əvəz Zeynallı:
- Görün necə gülməlidirsə, hətta siz də gülürsünüz.

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə məhkəmə prosesi davam edib.

«GÜLƏR ƏHMƏDOVA GƏLMƏYİNCƏ...»

Bu vaxt şahid qismində məhkəməyə dəvət olunmuş Tənzilə Rüstəmxanlı məhkəmə zalına daxil olur. İfadə vermək üçün tribunaya keçərkən üzünü Əvəz Zeynallıya tutur:

- Çox darıxmışdın mənimçün, gəldim.

Hakim Tənzilə Rüstəmxanlıya ifadə verməyi təklif edir. Əvəz Zeynallı etiraz edir:

– Tənzilə xanım Gülər Əhmədovanın şahididir. Hesab edirəm ki, Gülər Əhmədova bura gəlib mənim suallarımı cavablandırmayana qədər onun şahidləri dindirilə bilməz.

Hakim Əvəz Zeynallının etirazlarına məhəl qoymayaraq Tənzilə Rüstəmxanlıya göstəriş verir ki, ifadə verməyə başlasın.

Əvəz Zeynallı məhkəmə zalında

Əvəz Zeynallı məhkəmə zalında

Tənzilə Rüstəmxanlı ifadəsində göstərdi ki, Gülər Əhmədova ona zəng vuraraq Əvəz Zeynallı tərəfindən şantaj olunduğunu bildirib. O da Gülər Əhmədovaya məsləhət görüb ki, hüquq-mühafizə orqanlarına müraciət etsin.

«GÜLƏR ƏHMƏDOVA MƏNİ BU İŞLƏRƏ QATIB»

– Mənim bu məsələ ilə əlaqəm bura qədərdir. Başqa mənlik bir şey yoxdur. Çox təəssüf edirəm və irad bildirirəm ki, Gülər Əhmədova məni belə işlərə qatıb. Mən heç vaxt çirkab içində olmamışam.

Əvəz Zeynallı:
– Siz Gülər Əhmədova ilə rəfiqə olmusunuz?

Tənzilə Rüstəmxanlı:
– Yox, rəfiqə olmamışam, sadəcə ikimiz də ictimai adamlarıq.

Əvəz Zeynallı:
– Ancaq ibtidai istintaqa verdiyiniz ifadədə yazmısınız ki, rəfiqəsiniz.

Tənzilə Rüstəmxanlı:
– Yazmışam da. Burda nə var ki. Ancaq rəfiqəm olmayıb.

«NƏ BİLƏYDİM Kİ, ADIMI ORA SALACAQ»

Əvəz Zeynallı:

- Mənim həbsə düşməyimin səbəblərindən biri də sizsiniz. İbtidai istintaqda əleyhimə «döşəmisiniz», indi isə gəlib burda deyirsiniz ki, mənlik bir iş yoxdur, nahaq yerə məni bu işlərə qatıblar. Bunu elə ibtidai istintaqda deyəydiniz də.

Tənzilə Rüstəmxanlı:

- Bir kəlmə telefonda Gülərə demişəm ki, «narahat edir, get şikayət elə, vəssalam». Mən nə biləydim ki, Gülər gedib prokurorluqda şikayət yazıb qoyanda mənim də adımı ora salacaq. Bir də zəng vurdular ki, gəl istintaqa. Gülər nahaq yerə məni belə işlərə qatıb. Mən Gülərin yalançısı olmuşam.

Əvəz Zeynallı:

- Tənzilə xanım, bu işlərin sifarişçisi Ramiz Mehdiyevdir, icraçısı isə Əli Həsənov. Gülər də Elşaddan aldığı pulları həmin Ramiz Mehdiyevin qızıyla sayan adamdır. Siz də gedib istintaqda Gülərin dediklərini təsdiqləmisiniz.

«DÖVLƏT ADAMLARININ ADLARINI HALLANDIRMAYIN»

Tənzilə Rüstəmxanlı:
- Xahiş edirəm dövlət qurumunda oturan adamların adlarını hallandırmayın.

Gülər Əhmədova

Gülər Əhmədova

Tənzilə Rüstəmxanlı Əvəz Zeynallının suallarını daha cavablandırmaq istəmədiyini bildirdi. Ancaq Əvəz Zeynallının təkidi ilə daha bir neçə suala cavab verdi.

Prokuror Tənzilə Rüstəmxanlıya sual vermədi:
- Hesab edirəm ki, şahid ifadəsində bütün hallara tam aydınlıq gətirdi, mənim sualım yoxdur.

Əvəz Zeynallı:
- Guya hakimlərin sualı olacaq ki? İndi onlar da deyəcəklər ki, Tənzilə xanıma sualımız yoxdur.

Belə də oldu. Tənzilə Rüstəmxanlı məhkəmə zalını tərk edəndən sonra hakim bildirdi ki, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovu gözləyirlər və 10 dəqiqəlik fasilə elan edib məhkəmə zalını tərk etdi. 10 dəqiqədən sonra məhkəmə zalına qayıdaraq Toğrul Əhmədovun məhkəməyə gələ bilməyəcəyini bildirdi və növbəti məhkəmə iclasını oktyabrın 31-nə təyin etdi.

Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Bu ittihamlar sübut olunsa, Əvəz Zeynallı əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Keçmiş millət vəkili Gülər Əhmədovanın özü də hazırda istintaq altındadır. Keçmiş universitet rektoru, hazırda Fransada mühaciərt həyatı yaşayan Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar rüşvət tələb etməkdə günahlandıran video yayandan sonra Gülər Əhmədova istintaqa mane olmamaq üçün deputat mandatından imtina edib. Bu işi də hazırda Bakı şəhər prokurorluğu araşdırır. Gülər Əhmədova da bu videonun montaj olduğunu deyir.

Şərhləri göstər

XS
SM
MD
LG