Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:17

Vəkil Bəhruz Bayramovdan Gömrük Komitəsinin sədrinə bənzərsiz hədiyyə


Azerbaijan -- Customs service in Baku, 18Nov2011

Azerbaijan -- Customs service in Baku, 18Nov2011

Vəkil Bəhruz Bayramov dövlət rüsumundan əlavə pul istənildiyi üçün Gürcüstandan gətirdiyi avtomobildən imtina etdiyini deyir. O, AzadlıqRadiosuna bildirir ki, Komitədə ondan rüşvət tələb edilir, hətta vəkil kimi hüquqlarını qoruya bilmədiyindən maşını Komitənin sədri Aydın Əliyevə peşkəş etmək qərarına gəlib:

“Mən avtomobili Güncüstandan 15 min dollara almışam. 2009-cu ilin maşınıdı, bir az əzilib. Motorun gücü 3500 kub m.dir. Gömrük tarifləri kalkulyatoru ilə hesabladım 7326 manat edir. Amma məndən 10 min manat istəyirlər. Deyirəm sənəd verin, mən məhkəməyə müraciət edim, vermirlər. Mənim də imkanım yoxdur o pulu verməyə. Dövlət Gömrük Komitəsinin sədrinə teleqram vurdum ki, mənə şəxsiyyət vəsiqəniz barədə məlumatları göndərin istənilən pulu ödəyə bilmədiyim üçün avtomobili sizin adınıza keçirməklə bağışlayım. Mətbuat konfransı keçirib bunu rəsmi bəyan edəcəm”.

Vəkil üzləşdiyi halla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinə də teleqram vurduğunu deyir:

“Bu açıq rüşvətdir. Heç kimdən çəkinmirlər, deyirlər bu qədər verməlisən, vəssalam. Mən müxtəlif yerlərə müraciət edəndən sonra zəng edib deyirlər ki, get avtomobilini götür, amma mən onu götürmək fikrində deyiləm. Maşını Gömrük Komitəsinin sədrinə bağışlayacam. Biz əgər vəkil kimi öz hüquqlarını müdafiə edə bilmiriksə adi vətəndaşlar nə etməlidir mən bilmirəm.

Gürcüstanda 1000 dollar qeydiyyatına pul vermişəm qəbzlər də əlimdə. Bütün proses 20 dəqiqə çəkib”.

Vəkilinin iddiaların Dövlət Gömrük Komitəsindən hər hansı reaksiya almaq mümkün olmayıb. Amma komitə rəsmiləri dəfələrlə avtomobilin görük rəsmiləşdirilməsində rüşvət alınması barədə yerli mediada gedən məlumatları rədd edirlər. Komitədən adətən bu cür iddiaların vətəndaşların öz hüquqları barədə yanlış məlumatlarının olması ilə izah edirlər.

Keçən ilin əvvəlində prezidentin göstərişi ilə ölkədə kütləvi anti-korrupsiya tədbirləri həyata keçiriləndə dövlət başçısı gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında fərman da imzalamışdı.

Həmin fərmanla gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi komitə işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilir. Həmçinin ölkəyə gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsi, digər bütün qeydiyyat prosesi “bir pəncərə” prinsipi əsasında sadələşdirilməli, gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmalıdır.

Buna baxmayaraq, Azərbaycana gətirilən avtomobillərdən əlavə haqq alınmasına dair iddiaların ardı-arası kəsilmir.

Şərhləri göstər

XS
SM
MD
LG