Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:02

Demokratlar və Respublikaçılar: amerikalılara kim nə vəd edir?


Namizədlər Mitt Romney (sağda) və Barack Obama

Namizədlər Mitt Romney (sağda) və Barack Obama

-


Kimin qələbəsini arzulayırsan və niyə?
Sentyabrın 4-də Şimali Karolinada Demokratların noyabrın 6-da keçiriləcək prezident seçkiləri öncəsi qurultayı başladı. 3 günlük qurultayda Demokratların növbəti seçki dövründə vədləri və ABŞ prezidenti və vitse-prezidenti vəzifələrinə namizədləri rəsmiləşəcək.

Demokratların namizədi olan Barack Obamanı dəstəkləyən ən səs-küylü çıxışı xanımı Michelle Obama edib.

Michelle ərindən danışanda “güvənə biləcəyimiz adam” ifadəsini işlədib. Və Barack Obamanın səhiyyə, sığorta, təhsil və iqtisadiyyatla bağlı bütün islahatları həyata keçirərkən sıravi amerikalıları düşündüyünü deyib:

“Barak ailədə çətinliyin nə olduğunu yaxşı bilir. O, uşağına, yaxud nəvənə daha çox şey vermək istəyini gözəl başa düşür. Barack Amerikan arzusunu anlayır – çünki, eyni şeyi yaşayıb. Və istəyir ki, ölkədəki hər kəs - kimliyindən, haradan gəlməsindən, görünüşündən və nəyi sevməsindən asılı olmayaraq – hər kəs eyni şansa sahib olsun”.

Seçkiönü qurultayda Demokrat partiyası artıq platformasını da təsdiqləyib.

Onlar 4 il əvvəl başlanan və iqtisadi durğunluqda olan ölkədə 4.5 milyon yeni iş yerinin açılması ilə nəticələnən iqtisadi islahatları davam etdirəcəkləri, vergi islahatları, daxili və xarici siyasətlə bağlı öhdəliklər götürüblər.

VERGİLƏR

ABŞ-da gündəmdə olan əsas məsələ vergilərə yanaşmadır. Obama söz verir ki, yenidən seçilərsə ABŞ əhalisinin 98 faizini təşkil edən yoxsul və orta sinfin vergi mükəlləfiyyətlərini aşağı salacaq, əvəzində ildə 250 min dollardan çox qazanan varlı amerikalılar və iri korporasiyaların vergilərini artıracaq.

Müqayisə üçün Respublikaçılar vergilərdə bu cür ayrı-seçkiliyiə qarşı çıxır, az gəlirli vətəndaşlar üçün başqa güzəştlər təklif edirlər.

ABORT

Respublikaçılar və Demokratların tam zidd olduğu məsələlər arasında abort və eyni cinslilərin, cinsi azlıqların nikahına münasibətdir.

Demokrat partiyası birmənalı olaraq abortun qadının müstəsna haqqı olduğuna inanır və qərara heç bir halda siyasətçilərin və hökumətin müdaxiləsini qəbul etmir.

Respublikaçılar partiyasının platformasında isə abort bütün hallarda qadağan olunur: hətta zorlama və ananın həyatı təhlükədə olduqda belə. Respublikaçıların fikrincə, doğulmamış uşağın da digərləri kimi yaşamaq hüququ var.

CİNSİ AZLIQLARIN NİKAHI

Demokrat partiyası eynicinslilərin nikahı məsələsində bərabər hüquqlar vəd verir. Ancaq platformada deyilir ki, bununla yanaşı, kilsələr və dini qurumların bu cür nikahları bağlayıb-bağlamamaq qərarında da azadlığını tanıyırlar.

Respublikaçılar partiyası isə homoseksualların nikahını tanımamaq məsələsini ştat və federal hökumətlərin öhdəsinə buraxır. Bu zaman konstitusiyaya istinad edərək, nikahın bir kişi və qadının birliyi olmasını əsas gətirirlər.

MÜHACİRLƏR – İMMİQRASİYA

Demokratlar öz platformalarında mühacirət qanunvericiliyində islahat vəd edirlər. Onlar qanunsuz mühacirləri də bu islahatla gün işığına çıxartmağa söz verirlər, ingilis dilini öyrənmələri və vergi ödəmələri şərti ilə vətəndaşlıq ala biləcəklərini bildirirlər.

Respublikaçılar isə ölkə qanunlarını pozan mühacirlərə qarşı hər hansı bir amnistiyanı qəbul etmir, onların qanuniləşdirilməsinə qarşı çıxır və bunun qanuni yolla vergilər ödəyən və proseduralara riayət edənlərə təhqir olduğunu düşünürlər.

Respublikaçılar qanunsuz mühacirlərə tələbə kreditləri və güzəştləri verən Universitetlərə dövlət yardımının dayandırılmasını, mühacirət qaydalarını pozanlara göz yuman idarələrə qarşı cinayət təqibinin davam etdirilməsini və ingilis dilinin məcburi milli dil statusunda olmasını istəyirlər.

TİBBİ SIĞORTA

Demokratlar Barack Obamanın zamanında qəbul edilən bu yeni tibbi sığorta planının davamını vəd edir. Respublikaçılar isə bu sistemin dövlətə həddən artıq baha başa gəldiyini, problemin vergi ödəyicilərinin hesabına yox, sektorun inkişafı hesabına həllini təklif edir. Respublikaçı namizəd Romney hakimiyyətə gələn kimi bu qanunu dəyişdirəcəyinə söz verib.

XARİCİ SİYASƏT

Demokratlar hərbi sahədə əldə edilən uğurlardan danışıb, Talibanın zəiflədilməsi, Osama bin Ladenin öldürülməsi və İraqdan qoşunların çıxarılmasını vurğulayırlar.

Demokratlar vəd edirlər ki, 2014-cü ilin sonuna qədər qoşunlar Əfqanıstandan da çıxarılacaq, İrana isə nüvə silahı əldə etməyə imkan verilməyəcək və ordunun gücünü qorumaqla yanaşı hərbi xərcləri də azaldacaqlar.

Respublikaçılar isə Obama administrasiyasını İran, Şimali Koreya və Çinə qarşı yetərincə sərt olmamaqda və ordunu zəiflətməkdə ittiham edirlər.

Hətta Obamanın platformasının açıqlanmasından sonra Respublikaçılar bu sənədin İsraillə bağlı hissəsinə görə də demokratları tənqid ediblər.

Sənəddə demokratlar tərəfindən “İsrailin təhlükəsizliyinin qorunması öhdəliyinin danılmazlığı” vurğulanır. Amma Respublikaçıların namizədi Mitt Romney isə deyir ki, platformada Qüdsün (Yerusalem) İsrailin paytaxtı kimi qeyd olunmamağını Obama tərəfindən utancverici sayırlar.
XS
SM
MD
LG