Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Bakıda ən çox nə oxunur


Bakılılar ən çox hansı yazıçıları oxuyurlar? (Kitab dükanlarından reportaj)
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Bakılılar ən çox hansı yazıçıları oxuyurlar? (Kitab dükanlarından reportaj)

-
19 yaşlı Fatma Həsənova əsasən bədii ədəbiyyat oxuyur. Deyir ki, xüsusilə yay tətilində universitetdən qrup yoldaşları ilə birlikdə kitabları növbə ilə oxuyurlar. Onunla «Akadem Kitab» mağazasında rastlaşdım. İyul ayından bəri 6 kitab oxuduğunu deyir:

«Mən əsasən yerli yazıçılardan Elxan Elatlının kitablarını oxuyuram. İndi Çingiz Abdullayevin kitablarını oxumağa hazırlaşıram. Biz qrup yoldaşlarımızla birlikdə bir yazıçını seçirik, onun bir neçə kitabını alıb, növbə ilə oxuyuruq».

Fatma riyaziyyat-mexanika fakültəsində təhsil alır. Amma deyir ki, vaxtları olanda bədii ədəbiyyat oxuyub, qrup yoldaşları ilə müzakirə edirlər. Fatmadan fərqli olaraq nişanlısı Fəqan Süleymanov axırıncı dəfə 3 il əvvəl əlinə kitab alıb. Deyir ki, kitab oxumaq istəyir, amma vaxtı yoxdur:

«Axırıncı dəfə 3 il əvvəl kitab oxumuşam. Yəni, əslində kitaba marağım var. Sadəcə oxumağa vaxt yoxdur. Elə ətrafımdakı dostlarım da mənim kimidir. Vaxt qıtlığından kitab oxuya bilmirik».

10 KİTABI BİR İLƏ SATIB QURTARA BİLMİRİK

Foto: Arxiv. «10 ədəd kitabı 1 ilə satıb qurtara bilmirik»
Foto: Arxiv. «10 ədəd kitabı 1 ilə satıb qurtara bilmirik»
«Akadem kitab» evinin direktoru Ramiz Əsgərovun otağında yer olmadığından kitabları pəncərələrin qabağına, döşəməyə yığıb. Üst-üstə yığılmış kitabları göstərib deyir ki, kitab alan yoxdur deyə, mağazada kitabları yığmağa yer tapılmır:

«Kitaba çox ögey münasibət yaranıb. Əvvəl 50 ədəd kitab gəlirdi. Bilirdik ki, bu 50 kitab 1-2 aya satılacaq. Amma indi 10 ədəd kitabı 1 ilə satıb qurtara bilmirik. Bizim klassikləri soruşan olanda mən sevinirəm. Məsələn, Nizami Gəncəvini soruşan olanda mən sevinirəm ki, kimsə Nizaminin «Xəmsə»sini oxuyur. Yəni, bizim oxucular arasında ciddi ədəbiyyat oxuyanlar çox azdır».

Ramiz Əsgərov iş stolunun üzərində aylıq qeydiyyat dəftərini göstərir. Orada bir günə orta hesabla 6-7 kitab satıldığı qeyd olunub. Deyir, gün ərzində ən çox 12-13 kitab satılır.

Ən çox satılan kitablara gəlincə:

«Son illər Azərbaycan oxucuları əsasən detektiv janra üstünlük verirlər. Əsasən, Çingiz Abdullayevi, Elxan Elatlını oxuyurlar. Vidadi Babanlının kitabı soruşulur, İsmayıl Şıxlının «Dəli Kür»ü ilə maraqlanırlar. Ümumiyyətlə, yerli ədəbiyyatdan əsasən bunlar oxunur. Rus ədəbiyyatından Dostoyevsky’ni çox oxuyurlar. Xarici ədəbiyyatdan Márquez çox oxunur, Umberto Eco’nu oxuyurlar».

ƏN ÇOX HANSI KİTAB SATILIR

Buradan fərqli olaraq, «Əli və Nino» kitab mağazasında satıcı Oqtay Orucov deyir ki, son illər oxucuların sayı artıb. O, günə orta hesabla 30-40 kitab satıldığını deyir. Əlavə edir ki, son zamanlar xarici ədəbiyyatın da Azərbaycan dilinə tərcümə edilməsinin nəticəsində alıcıların sayı bir az da
«Əli və Nino» kitab mağazası
«Əli və Nino» kitab mağazası
artıb:

«Ümumiyyətlə, bizdə bədii ədəbiyyat daha çox satılır. Hazırda oxucularımızın bəziləri istirahətdədirlər deyə, daha çox kitab alırlar. Daha çox detektiv, romanlar satılır. Gənclər daha çox roman, fantastikaya üstünlük verirlər. Yaşlı təbəqə daha çox detektiv alır. Yerli yazıçılardan Çingiz Abdullayev, gənc yazar Qaraqanın kitabları alınır. Xaricilərdən daha çox Khaled Hosseini, Sam Hayes, Anna Gavalda və digərləri daha çox satılır. Kitaba marağın artmasının bir səbəbi də son vaxtlar xarici ədəbiyyatın daha çox tərcümə olunması ilə bağlıdır».

Oqtay Orucov əlavə edir ki, «Əli və Nino» kitab mağazası kitaba marağı artırmaq üçün müxtəlif kampaniyalar, tədbirlər keçirir. Yazıçıların İmza Günü və oxucularla görüş təşkil edir.

Yerli kitab evləri son aylar ən çox satılan kitablar arasında Umberto Eco'nun «Qızıl gülün adı», Orhan Pamuk'un «Qar», Elif Şafak'ın «Aşk», yerli yazıçılardan Çingiz Abdullayev, 2 il əvvəl Milli Kitab Mükafatının qalibi olmuş Qaraqanın əsərlərini göstərirlər.

«KAĞIZ KİTABIN ÇƏKİSİ 0-A ENMƏYƏCƏK»

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev də deyir ki, son 10 ildə kitab oxuyanların sayında artım var:
Elxan Rzayev
Elxan Rzayev

«2003-cu illə, yəni bizim işin başlanğıcı ilə müqayisə etsək, tendensiya müsbətdir. Respublikada çap olunan kitabların sayı artıb, keyfiyyəti nisbətən yaxşılaşıb, oxucuların da sayı çoxalır. Amma əlbəttə bu bizim istədiyimiz sürətlə getmir. Kitaba maraq təkcə Azərbaycanda yox, dünyada da dəyişir. Məsələn, elektron kitabların sayının artması kağız kitaba olan marağı nisbətən azaldır. Lakin mən hesab etmirəm ki, gələcəkdə kağız kitab oxuyanların sayı kəskin azalsın. Çünki kitab oxumaq bir mədəniyyətdir. Ola bilər ki, gələcəkdə kağız kitabın çəkisi azalsın, amma heç vaxt 0-a enməyəcək».

UŞAĞA HƏR ŞEY ALIRLAR, KİTABDAN BAŞQA

Uzun müddətdir Amerikada yaşayan Mehriban Bije bir neçə gündür Bakıya gəlib. Deyir ki, əvvəlki Bakını indiki Bakıdan fərqlərindən bir cəhət də bəzi kitab mağazalarını geyim dükanlarının əvəzləməsidir:

«Bakıya gəldim və çox böyük «Azərkitab» mağazasının yerində kiçik bir kitab mağazası ilə rastlaşdım. Amma əvvəllər biz bu böyük mağazada çoxlu çeşidli kitablar alırdıq. Məncə, Azərbaycanda kitaba olan marağın azalmasının əsas səbəblərindən biri ailələrdən başlayır. Bizdə uşaq doğulanda ona geyim, şirniyyat, oyuncaq – hər şey alırlar, bircə kitab almaq yaddan çıxır. Xaricilər isə hələ uşaqlıqdan övladlarını kitaba alışdırırlar. Onlara kitab hədiyyə edirlər. Xaricdə metroda gedərkən əksəriyyət əlində kitab oxuyur. Bakıda gördüyüm mənzərə məni çox təəssüfləndirdi. Mən çox istəyirəm ki, gələn dəfə Bakıya gələndə 60-70-ci illərdəki kitab bumunu görüm».
XS
SM
MD
LG