Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:47

İslamda pirlər, ocaqlar, fal və cadu


İmamzada Mosque
İmamzada Mosque
DİN, YA MÖVHUMAT?

Dini bayramlarda insanlar məscidlərlə yanaşı pirlər, ocaqlar, övliyaların qəbirlərinə də üz tuturlar. Bu məkanların İslama nə dərəcədə aidiyyəti var? Bunu dini yerlər adlandırmaq olar, yoxsa mövhumatçılıq?


AZƏRBAYCANDA PİRLƏR

İnsanların böyük inamla getdikləri yerlərdən biri də Azərbaycandakı çoxsaylı pirlərdir. Ramazan bayramı ərəfəsində onlardan birində – Gəncədəki məşhur İmamzadə dini kompleksində olduq. Kompleksə bir neçə km aralıda yol kənarında fitrə və nəzir qutuları qoyulmuşdu. Elə ziyarətgahın qapısı ağzında da bir neçə yerdə nəzir qutusuna rast gəlmək olar. Buradakı məzarlıqda yerli seyidlərin qəbirləri üstündə insanlar şam yandırır, nəzir qoyur, niyyətlərinin qəbul edilməsi üçün qəbirlərin üstünə buğda tökürlər.

Bəzi gənc qızlar 1 manat nəzir qoyandan sonra qəbrin üstündən bir ovuc buğda götürüb cüt-cüt yerə atır, yerdə qalan buğdanın cüt, ya tək olmasından asılı olaraq niyyətinin yerinə yetib-yetmədiyini müəyyənləşdirir. Kompleksin həyətində olanlardan biri “ulu babamın qəbrinə nəzir qoy” deyib bizi başqa qəbrin üstünə aparır. Deyir ki, seyidin öz əli ilə yazdığı Quranın altından keçirdim, kimi xeyir-dua almaq olar. O, babasının qəbrinin üstünə qəndi yapışdırmaqla niyyət tutmağı da təklif edir. “Təcili foto” xidməti isə 2 manata pirin qapısı önündə şəkil çəkdirib aparmaq imkanı verir. İçəridə həmçinin müxtəlif dini əşyalar, göz muncuqları, təsbehlər də satılır.

"MÜQƏDDƏS YERLƏRƏ İNANC İSLAMA ZİDD DEYİL"

“İslam və demokratiya” proqramının qonağı, AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, dinşünas Hacı Musarza Heydərov deyir ki, insan nəyisə müqəddəsləşdirirsə, bu, ona Allah tərəfindən edilən lütfün müqabilində baş verir. Və heç bir halda belə ocaqları “Allaha şərik qoşmaq” kimi qiymətləndirmək olmaz.

“Pir, ziyarətgah, övliya - bunlar İslami terminlərdir, amma bunların batil tərəfləri də var. bəzən insanları maarifləndirmək də lazımdır. Onlar müqəddəs yerlərin mahiyyətini düzgün anlamırlar”.

M. Heydərov deyir ki, Peyğəmbərin Mədinədəki məzarı da ziyarətgaha çevrilib və təriqətindən asılı olmadan hər bir müsəlman oranı ziyarət edir. Odur ki, bunun İslama zidd olduğunu demək düzgün deyil.

Ziyarətgahlar haqqında silsilə yazıların müəllifi, jurnalist Səbuhi Rəhimli isə bəzi müqəddəs adlandırılan yerlərin natəmiz olmasından, orada həddən artıq çox sayda dilənçilərin gəzişməsindən gileylənir:

“Siyəzən tərəfdə Beşbarmaq ziyarətgahında mən özüm 62 dilənçi saymışam. Hərəsinə 10 qəpikdən pul versən, heç nəzir qalmır. Həm də onlar həyasızcasına pul tələb edirlər. Bəzi ziyarətgahlara üfunət iyindən gəzmək də olmur. İnsanlar istəsə, özləri bunun qarşısını alar”.

"YALANÇI PİRLƏRDƏ DƏ MÜSBƏT ENERJİ OLA BİLƏR"

S. Rəhimlinin sözlərinə görə, əslində ziyarətgahları insanlar özləri müsbət enerji ilə təmin edir. Elə buna görə də belə yerlərdə bəzən möcüzə adlandırıla biləcək hadisələr baş verir:

“Əli şikəst olan insan ziyarətgahda yatır, sabahısı gün sağlam durur. Bədənə düşən virusu həkim sağaldır. Ruha düşən virusu isə ya yüksək iman sağaldır. Ona görə də hardasa yalandan desək ki, bu ağac pirdir, insanlar gəlib qurban kəsəcək, Quran oxuyacaq, gözəl dualar söyləyəcək, onda istər-istəməz həmin yer müsbət enerji ilə dolacaq. İndi gör, orda müqəddəs insan, Allahın sevimli bəndəsi yatırsa, nələr ola bilər”.

S. Rəhimli pirlərdə ağaca qara ip bağlayıb niyyət etməyin düzgün olmadığın söyləyir. Hətta 1 manat pul qoyanda kiminsə “ağa inciyər, 2 manat qoy” deməsi kimi neqativ halların da olduğunu deyr.

"FAL VƏ CADU DA İSLAMDA VAR, AMMA..."

Quranla fala baxmaq və cadu çıxarmağa gəlincə, Musarza Heydərov cadunun İslamdan əvvəl mövcud olan bir elm olduğunu deyir. Onun sözlərinə görə, bəzi zəruri hallarda cadunun təsirini “Fələq” və “Nas” surələri ilə ləğv etmək olar.

“Cadu elə bir elmdir ki, insanlar daim ondan yararlanıb zamanı qabaqlamaq istəyirlər. Peyğəmbərin özünə də cadu edilib. Onda Allah-təala əmrinə görə, “Fələq” və “Nas” surəsini oxudu, cadu qüvvədən düşdü. Cadu və fal var, amma onun ardınca düşmək məsləhət deyil”.

Səbuhi Rəhimli isə imanı olan kəsə cadunun təsir etmədiyini deyir: “Kimsə deyirsə ki, mənə cadu ediblər, deməli onun imanı yoxdur”.


Müzakirəni buradan dinlə "İslam və Demokratiya" - Pirlər, fal və cadu

və SƏN DƏ FİKRİNİ DE !

Pirlər, ocaqlar, övliyyalar, seyidlərə inanc İslama uyğundurmu?

Falçılar və cadunun dinə dəxli varmı?

XS
SM
MD
LG