Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:25
-
Naxçıvanda evlərinin sökülməsinə etiraz edən bir qrup keçmiş hərbçi məhkəməyə verilib.

Bu haqda AzadlıqRadiosuna keçmiş hərbçilərin özləri məlumat verib. Həmin hərbçilər Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Birləşməsinin N saylı hərbi şəhərciyinin sakinləridir.

Onların deməsinə görə, 1986-cı ildə tikilən 68 fərdi evdən ibarət şəhərcik 1992-ci ildə Naxçıvan şəhər Sovetinin balansına keçirilib. Bir neçə ay öncə isə qəzalı olduqları səbəb göstərilərək həmin evlərin sökülməsinə başlanıb. Keçmiş hərbçilər deyir ki, söküntü qərarını Naxçıvan şəhər İcra Hakimiyyəti verib. İndiyə qədər şəhərcikdəki evlərin əksəriyyəti sökülsə də, 15 nəfərə yaxın ailə hələ də dirəniş göstərir. Keçmiş hərbiçilərin bildirməsinə görə, evlərinin sökülməsinə etiraz edənləri bu dəfə N saylı hərbi hissə məhkəməyə verib.

«NECƏ OLDU Kİ, QƏZALI EV SONRADAN YAŞAYIŞ SAHƏSİ OLDU?»

Keçmiş hərbçi Arzu Səfərov deyir ki, 1986-cı ildən ailəsi ilə birlikdə hərbi şəhərcikdəki xidməti evlərdən birində yaşamağa başlayıb. Keçmiş SSRİ Müdafiə Nazirliyi tərəfindən həmin evlər daimi yaşayış yeri statusu alanda isə, hamı kimi ona da order veriblər. Arzu Səfərovun bildirməsinə görə, evindən çıxarılmasına etiraz etdiyi üçün hərbi hissə onu da məhkəməyə verib:

«Evi sökülənləri aldatdılar, dedilər ki, kimsə gəlib bu evləri sökəcək, sizə heç nə verilməyəcək. Heç olmazsa, evin materialını götürün çıxın. Əvəzində boş torpaq sahəsi verdilər. Biz razılaşmadıq. İki ay öncə deyirdilər ki, evlər qəzalı vəziyyətdədir, sökülməlidir. İndi də deyirlər yox, yaşayış sahəsidir. Burada ancaq zabitlər qala bilər. Siz tərxis olmusuz deyə, çıxmalısınız. Necə oldu, qəzalı ev yaşayış sahəsi oldu? İddia qaldırılıb ki, pasport qeydiyyatdan da çıxarılaq. Bəs qeydiyyatdan çıxıb hara gedək?».

«BU YAŞDAN SONRA HARA ÇIXIM MƏN?»

Arzu Səfərov deyir ki, eşitdiklərinə görə, hansısa məmur onların evlərinin yerində özünə villa tikmək istəyir:

«Buranı məmurlardan kimsə alıb. Eşitdiyimizə görə, villa tikəcəklər. Tiksinlər, sözümüz yoxdur. Heç olmasa, bizə də yaşayış yeri versinlər. Bizim mülkiyyət hüququmuzu pozmasınlar. 5 nəfər ailə üzvüm var. Gedəcək yerimiz də yoxdur. Evin qarşılığında bizə şəhərdən kənarda quru torpaq verirlər. Heç bir kompensasiya da yoxdur. Bizi çıxılmaz vəziyyətə salıblar. Bu yaşdan sonra hara çıxım mən?».

«BİR DƏ BOŞ-BOŞ ŞEYLƏRLƏ BİZİ MƏŞĞUL ETMƏYİN»

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Hərbi Birləşməsinin Hərbi Mülki Məsələlər üzrə əlaqələndirici Mirqiyas Rüstəmov ilə əlaqə saxladıq. Naxçıvan şəhər Məhkəməsi

Naxçıvan şəhər Məhkəməsi

Əlaqələndirici keçmiş hərbçilərin evlərinin sökülməsi və onların N saylı hərbi hissə tərəfindən məhkəməyə verilməsi haqda deyilənləri təkzib etdi:

- Naxçıvanda heç bir hərbçinin evi sökülməyib. Heç kim də onları məhkəməyə verməyib. Yalan danışırlar. Burada hərbçilərə yüksək qayğı göstərilir. Bir də boş-boş şeylərlə bizi məşğul etməyin.

- Hərbçilərin evinin sökülməsi boş şeydir?

- Cavab vermək istəmirəm.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətin ilə də əlaqə saxladıq. Mətbuat xidmətindən məsələni araşdırıb bizə cavab verəcəklərini bildirsələr də, sonradan telefon zənglərimizə cavab vermədilər. Müdafiə Nazirliyi və Naxçıvan Hərbi Birləşməsindən fərqli olaraq, Naxçıvan şəhər Məhkəməsindən isə N saylı hərbi hissənin keçmiş hərbçilərin evlərindən çıxarılması haqqında iddia ərizəsi ilə onlara müraciət etdiklərini təsdiqlədilər.
Naxçıvan şəhər İcra Hakimiyyətindən isə keçmiş hərbçilərin evlərin sökülməsi ilə bağlı deyilənlərə aydınlıq gətirmək istəmədilər.
Üzeyir Cəfərli

Üzeyir Cəfərli


«BELƏ ÇIXIR Kİ, HƏMİN YERƏ KİMİNSƏ GÖZÜ DÜŞÜB»

Hərbi ekspert Üzeyir Cəfərli hesab edir ki, hərbi hissənin qeydiyyatında olan əraziyə icra orqanları tərəfindən müdaxilə olunması qanun pozuntusudur:

«Belə çıxır ki, həmin evlər ya hərbi hissənin balasındadır, yaxud da ki, icra hakimiyyətinin. Hər iki halda bir qurum digər qurumun ərazisinə müdaxilə edə bilməz. Hərbi hissə məhkəməyə müraciət edirsə, deməli, hüquqi cəhətdən həmin evlər onlara aiddir. Belə çıxır ki, həmin yerə kiminsə gözü düşüb, hərbi hissə də onun tapşırığını yerinə yetirir. Hər bir halda qanunla evlər sökülməmişdən keçmiş hərbçilərə yeni evlər verilməlidir. Bu hal onların mülkiyyət hüququnun pozulmasıdır».

Üzeyir Cəfərli bildirdi ki, mülkiyyət hüququ pozulmuş keçmiş hərbçilər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib öz hüquqlarını qoruya bilərlər.

Yazı sayta hazırlanarkən keçmiş hərbçilərdən məlumat aldıq ki, avqustun 24-də baş tutan məhkəmə prosesində N saylı hərbi hissənin onlara qarşı qaldırdığı iddia təmin olunub. Keçmiş hərbiçilərə bildirilib ki, bu qərarın sürəti 3 gün ərzində onlara veriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG