Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Ev sahibini polisə aparıb əmlakını sökdülər


Bakıda mülk davası
Gözlə
Embed

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

Azərbaycan paytaxtında evlərin sökülməsi növbəti münaqişə yaradıb

Bakı sakini Hidayət Hüseynli AzadlıqRadiosunun «Qaynar xətt»ə şikayət edib ki, Nəsimi rayonu ərazisində, Yusif Səfərov küçəsi 37 ünvanında yerləşən mülkünü söküblər. 223,7 kv.m qeyri yaşayış binası və 152 kv.m torpaq sahəsi olan mülkü bu il avqustun 6-da heç bir rəsmi xəbərdarlıq etmədən Nəsimi rayon icra hakimiyyətinin işçiləri söküb. Dediyinə görə, o və həmin ünvanda söküntünün qarşısını almağa çalışan ailə üzvləri ilə yaxın qohumları polis zorakılığına məruz qalıb. Hidayət Hüseynliyə şifahi şəkildə bildiriblər ki, mülkün yerində park salınacaq. Hidayət Hüseynli mülkünün hər kvadrat metrinə 840 manat verilməsinə etiraz edib. Deyir ki, ikimərtəbəli mülkü iri avtomobil şirkətlərindən birinə icarəyə veribmiş və ailəsini də icarədən gələn pulla dolandırırmış. Avqustun 6-da əmlak mülkiyyətçiyə və ailəsinə zor tətbiq olunmaqla sökülüb:

«Polislər yaxınlaşdılar, mənə dedilər bizimlə polis bölməsinə getməlisən. Dedim axı elə indicə bölmədən gəlirəm. Dedilər göstəriş var. Mən etiraz edəndə qollarımı burub zorla maşına oturdular. Ailə üzvlərimi, qardaşım uşaqlarını da zorla maşınlara mindirdilər, yarımızı 21-ci, yarımızı da 22-ci polis bölməsinə apardılar. Məcbur edirdilər ki, guya polisə müqavimət göstərdiyimizi və peşman olduğumuzu, bir daha təkrar etməyəcəyimizi yazaq. Dedilər yazın ki, biz də sizi buraxaq. Oğlumun kürəyini pis günə qoymuşdular, əynindəki köynəyini də cırmışdılar. Kiçik uşağım nə günə düşmüşdüsə, təcili yardım gəlib xəstəxanaya aparmışdı. Tələb etdim ki, ekspertizadan keçmək üçün arayış versinlər. Dedim, arayış verməsəniz, ailəmlə gedib Prezident Aparatının qarşısında yatacağam. Bağında. Məcbur oldular ekspertizadan keçmək üçün arayış verdilər. Ekspertiza rəyində döyülməyimiz də təsdiqlənib, xəsarətlərimiz də qeyd olunub».

«POLİSDƏN BURAXILDIQ, GƏLDİK GÖRDÜK MÜLKÜ SÖKÜBLƏR»

Hidayət Hüseynlinin sözlərinə görə, polis bölməsindən çıxıb hadisə yerinə gələndə görüblər ki, lələ köçüb, yurdu qalıb:

«Biz polisdə ola-ola mülkü sökmüşdülər. Onda başa düşdüm ki, bizi ona görə ora aparıblar ki, başımızı qatsınlar, əmlakımızı rahat dağıtsınlar. Polisdə bizə deyirdilər ki, dövlətlə dövlətçilik etmək olmaz və sair. Hesab edirlər ki, əgər sökdüksə, qurtardı. Vətəndaşlara çox təbliğ edirlər ki, sən bilmirsən ki, qanunlar işləmir? Bilmirsən ki, cibinə nəşə atarlar? Birini öyrədərlər, savaşdırarlar səninlə, tutarlar səni? Bu yolla adamların gözlərini qorxudurlar. Sonra da deyirlər biz göstəriş icra edirik. Düzdür, prezident demir ki, gedin adamları bu qədər incidin. Ancaq o, ölkə başçısıdır, onun bunlardan xəbəri olmalıdır. Onun ölkəsində vətəndaş səhər evindən çıxır işə gedir, qayıdanda görür evini uçurdublar. Mənim orda nə qədər əmlakım dağıldı».

PREZİDENTİN DİQQƏTİNİ ÇƏKMƏK İSTƏDİ

Hidayət Hüseynli deyir ki, hələ yanvar ayından ona mülkünün söküləcəyi ilə bağlı qeyri-rəsmi xəbərdarlıqlar gələndə sakit oturmayıb, prezidentə məktublar yazmağa başlayıb. Ancaq yazdıqlarının söküntünün qarşısını ala bilmədiyini görəndə avqustun 8-də etirazını həmin ərazidən keçən prezidentə başqa yolla bildirmək qərarına gəlib. Uçurulmuş mülkünün daşları üstünə çıxaraq prezidentin kartejinin diqqətini çəkməyə çalışıb:

«Ora prezidentin daim keçdiyi yoldur, mənim mülküm də düz yolun kənarındadır və istər-istəməz diqqəti çəkir. Həmişə orda 2-3 polis dururdu, söküntüdən sonra 30-a yaxın polis düzmüşdülər ora. Məni itələyib saldılar söküntünün arasına ki, prezident keçəcək, yol kənarında durmayım. Mən də çıxdım söküntünün üstünə, başladım əlimdəki sellofan torbanı yelləməyə. Kartej keçəndən 3-4 dəqiqə sonra polislər töküldülər, məni maşına basıb apardılar bölməyə. Dedilər, sən neynirsən? Elə bilərdilər əlindəki silahdır, güllə ilə vura bilərdilər səni».

İCRA HAKİMİYYƏTİNDƏN DEDİLƏR Kİ...

Nəsimi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, prezidentin rəhbərliyi ilə şəhərdə aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq həmin mülk də ətrafındakı obyektlər kimi sökülüb. Mülk yeni salınacaq park kompleksinin ərazisinə düşdüyündən dövlət ehtiyacları üçün alınıb. Ancaq mülkiyyətçi Hidayət Hüseynli ona təklif olunan məbləğlə razılaşmayıb və daha artıq məbləğ ödənilməsini tələb edib. Əgər mülkiyyətçi narazıdırsa, məhkəməyə müraciət edə bilər.

Hidayət Hüseynli Nəsimi rayon İcra Hakimiyyətinin hərəkətlərindən məhkəməyə, polislər tərəfindən döyülməsi ilə bağlı isə Baş Prokurorluğa şikayət edib.

Hüquqşünas Namizəd Səfərov deyir ki, indi dəb halını alıb. Əvvəl mülkü uçurdurlar, sonra da deyirlər get ver məhkəməyə. Halbuki, əmlak mübahisə predmetinə çevrilərsə, artıq onun sökülməsi məhkəmə qərarından sonra olmalıdı:

«Mənzil Məcəlləsi bu məsələsini tam nizama salınır. Əgər İcra Hakimiyyəti tərəfindən vətəndaşdan mülk alınırsa, bir il əvvəldən ona yazılı formada məlumat verməlidilər. Hansı əsaslarla və hansı sərəncamla alınır, hətta o sərəncamın surəti də təqdim olunmalıdır. Əgər mülkiyyətçi ona təklif olunan pulla razıdırsa, deyir elə bu gün pulumu ver, mən çıxım gedim. Əgər razılaşmırsa, bir il ərzində heç kimin mülkə toxunmağa ixtiyarı yoxdur. Bir ildən sonra görəndə ki, vətəndaşdan xəbər çıxmır, məhkəməyə müraciət etməlidilər. Məhkəmə də ya qərar çıxarır ki, mülkiyyətçiyə təklif olunan məbləğ həqiqətən də aşağıdır, ya da qərar çıxarır ki, qiymətləndirmə düzgün aparılıb. Mülkiyyətçiyə xəbərdarlıq edir ki, razılaşmasan, mülk söküləcək. Başqa zorakılıqla mülkü vətəndaşın əlindən almaq olmaz».

Hüquq müstəvisində bu dava kimin xeyrinə çözüləcək, bundan Qaynar xəttin gələcək buraxılışlarında xəbər tuta bilərsiniz.
XS
SM
MD
LG