Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Elçibəyin həkimi: «Azərbaycana göndərdiyim doktor hönkür-hönkür ağlayırdı»


Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy
Əbülfəz Elçibəyin müalicəsinə rəhbərlik etmiş professor Nüsret Akyürek eks-prezidentin xəstəxanadakı son günləri, onun haqqqında zəhərlənmə iddiaları barədə «BBC Azərbaycancaya» danışıb. O, Türkiyənin Ankara Eyitim və Araşdırma xəstəxanasının 1999-cu ildə baş həkimi olub. Müsahibəni bəzi ixtisarlarla təqdim edirik:

«XƏSTƏ DURUMUNDA ONA GÖSTƏRİLMİŞ MÜNASİBƏT İNSAN HAQLARINA DA, TİBBİ TƏLƏBLƏRƏ DƏ ZİDD İDİ»

«Səhiyyə Nazirliyindən aradılar və dedilər ki, Elçibəy bizim xəstəxanaya gətiriləcək. Təbii ki, önəmli şəxsiyyət olduğu üçün xüsusi hazırlıq gördük. Bir müddət sonra Ankara xəstəxanasına gətirildi. İlk saatlardan ictimaiyyətə geniş məlumat verməmək qərara alınmışdı. Çünki Elçibəyə görə xəstəxanaya həddən artıq böyük maraq vardı».

Həkimin sözlərinə görə, Əbülfəz Elçibəyə görə xəstəxanaya gedib-gələnlərin sayı çox olduğundan ictimaiyyətə eks-prezidentin müəssisədən kənarda qaldığını bildiriblər. Onun xəstəxanaya ümumi müayinə üçün gəldiyi barədə məlumat yayıblar.

«Elçibəy xəstəxanamıza gəldiyində durumu çox pis idi. Yaxşı deyildi. Onun Azərbaycanda saxlandığı şərait və ona göstərilən münasibət barədə verilən bilgilər məni çox üzmüşdü. Elçibəy dünya səviyyəsində bir siyasətçi, ölkə prezidenti olmuş bir şəxs idi. Xəstə durumunda ona göstərilmiş münasibət insan haqlarına da, tibbi tələblərə də zidd idi. Təsəvvür edin ki, onun kimi sidik yollarında ciddi problemi olan insan Bakıda tualeti çöldə olan bir evdə yaşayırdı».

«ELÇİBƏY MÜALİCƏLƏRİN ÇOXUNU QƏTİ ŞƏKİLDƏ QƏBUL ETMƏDİ»

Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy
«Müayinələrdən sonra Elçibəyə prostat xərçəngi diaqnozu qoyuldu. Yaxınlarına bu barədə geniş məlumat vermədik. Sadəcə, Səhiyyə Nazirliyi və dövlətin ən üst səviyyəli şəxslərinin bilgisi daxilində müalicə aparıldı.

Elçibəy müalicələrin çoxunu qəti şəkildə qəbul etmədi. Çünki iki üsul vardı - biri cərrahi, digəri dərmanla müalicə. Dedi ki, müalicənin əlavə təsirləri də var. «Mən xəstəliyimlə özüm mübarizə aparmaq istəyirəm», dedi.

Halbuki onun xəstəliyi tibbin müasir imkanları ilə çarəsiz deyildi. Biz düşünməsi üçün ona vaxt verdik. 45 günə yaxın xəstəxanada onu müşahidə altında saxladıq. Bu müddətdə ictimaiyyətə geniş bilgi vermədik. Doğrusu, o dönəmdə Türkiyə-Azərbaycan münasibətlərinin həssas dövrü idi».

«NƏ HEYDƏR ƏLİYEV, NƏ DƏ SƏFİR ELÇİBƏYİN DURUMU İLƏ MARAQLANDI»

Nüsrət Akyürek daha sonra Azərbaycan rəsmilərinin eks-prezidentə diqqətsizliyindən danışır: «İnsanların kütləvi şəkildə Elçibəyə maraq göstərməsinə baxmayaraq nə prezident Heydər Əliyev, nə də onun Ankaradakı səfiri bir dəfə də olsa Elçibəyin durumu ilə maraqlandı».

«AZƏRBAYCANA GÖNDƏRDİYİM DOKTOR HÖNKÜR-HÖNKÜR AĞLAYIRDI»

Elçibəy Azərbaycana qayıdır. Amma həkim bir müddət sonra onun səhhətinin ağırlaşması ilə bağlı xəbər aldıqlarını bildirir.

«Bu xəbəri aldıqdan sonra həkim heyəti yaradaraq Azərbaycana göndərdim. Səhiyyə Nazirliyimizin nəzarəti altında Elçibəy təkrar Türkiyəyə gətirildi. İndiyə qədər yadımdadır, oraya göndərdiyim doktor hönkür-hönkür ağlayırdı. Deyirdi ki, Elçibəyi hava limanında yola salmağa gələn insanlar elə bir basabas salmışdı ki, rəhmətliyi təyyarəyə itələnərək, az qala didişdirilərək mindirdik».

«XƏSTƏLİYİNƏ ÇOX TƏƏSSÜF EDİRDİ»

Əbülfəz Elçibəy və Boris Yeltsin
Əbülfəz Elçibəy və Boris Yeltsin
«Xəstəliyinə çox təəssüf edirdi. Hər gün onun yanına çıxıb düşürdüm. Gündəlik 16-17 saat onunla keçirirdim…Onun səhhəti ilə bağlı yeni məlumat hazırlayıb səhiyyə sisteminin üst səviyyəli şəxslərinə çatdırdım. Bundan sonra fərqli müalicə üsulu hazırlansa da, Elçibəy yenə müalicəni qəbul etmədi».

VƏFAT XƏBƏRİ

Nüsrət Akyüreyin sözlərinə görə, Elçibəyin qidalanma sistemi pozulduğu ucun ağır infeksiyaya da yoluxub. O Türk Silahlı Qüvvələrinin Gülhanə Tibb Akademiyasında (GATA) müalicə olunmaq istədiyini bildirib.

«Sonra vəziyyətinin ağırlaşdığı barədə və səhər 6-6.30 radələrində vəfat etdiyi xəbərini aldım... Məni ən çox üzən Elçibəyin xəstəliyi dönəmində Azərbaycan rəhbərlərindən heç kimin onunla maraqlanmaması idi. O, çox önəmli şəxsiyyət idi. Bir oğuz türkü idi bu adam».

«İSTƏSƏYDİM…»

Həkim eks-prezidentlə etdiyi bəzi söhbətləri də bölüşüb.

«Deyirdi, Surət Hüseynov məni devirdi. «İstəsəydim mən onu bir saatın içində məhv edərdim, amma mən qardaş qanı tökməyə izn vermədim. Mənim üçün dövlət başçılığı çox da önəmli deyil», – deyirdi Elçibəy.

Elçibəy danışırdı ki, Rusiya balıqçıları Azərbaycanın sahil sularını keçdiyi zaman Azərbaycan tərəfi onları həbs etmişdi. Rusiyanın o zamankı prezidenti Boris Yeltsin ona zəng edərək əmrlə o balıqçıların buraxılmasını tələb etmiş, Elçibəy isə onların Azərbaycan sərhəddini qanunsuz keçdiklərini deyərək telefonu qapatmışdı.

Yeltsin təkrar Elçibəyə zəng edib yenə əmr tonunda balıqçıların buraxılmasını tələb etdiyində ona deyib ki, siz bir dövlətin, mən isə başqa bir müstəqil dövlətin başçısıyam. Siz mənimlə göstərişlə danışa bilməzsiniz. «Əgər siz Prezident Elçibəydən Prezident Yeltsin kimi yox, sadə insan Yeltsin kimi sadə insan Elçibəydən balıqçıların buraxılmasını xahiş etsəniz, o zaman mən sizinlə bu məsələni müzakirə edə bilərdim», deyib telefonu qapatmışdı. «Yeltsin təkrar aradığında artıq bu dəfə mənimlə xahişlə danışdı. Bununla da mən ona Azərbaycanın kölə bir ölkə deyil, müstəqil bir ölkə olduğunu anlatmaq istədim və buna nail oldum» – deyirdi Elçibəy.

Azərbaycanın müstəqilliyi üçün yaşayan və çalışan bir insana dövlətin etinasızlığını mən anlaya bilmirdim».

«ELÇİBƏY BİZİM XƏSTƏXANADA ÇOX STERİL VƏ TƏHLÜKƏSİZ ŞƏRAİTDƏ SAXLANILIRDI»

Heydər Əliyev və Əbülfəz Elçibəy
Heydər Əliyev və Əbülfəz Elçibəy
«Mənim Bakıya göndərdiyim doktor Elçibəyin tualeti çöldə olan bir evdə yaşadığını və sidik sondasını (red: katetir) özü taxıb-çıxardığını söylədi. Bir sonda bir dəfə istifadə olunmalı olduğu halda o günlərcə eyni sondanı istifadə edib! Bu onun Azərbaycanın səhiyyə sistemindən faydalanmadığını göstərən faktdır!».

Nüsrət Akyürek Əbülfəz Elçibəyin zəhərlənmə ehtimalına da münasibət bildirib.

«Azərbaycanda yaşadığı şəraitdə ona nə ola biləcəyini deyə bilmərəm. Çünki çox şəraitsiz durumda yaşayırdı. Azərbaycanda məsələnin gizli, istibdarat tərəfləri barədə də bir şey deyə bilmərəm. Amma bizim xəstəxanada çox steril və təhlükəsiz şəraitdə saxlanılırdı. Bizdə yatdığı müddətdə təhlükəsizliyi ilə bağlı ən kiçik problem də yaşanmadı. Ən üst səviyyədə mühafizəsi vardı. Amma Azərbaycanda nə olduğunu deyə bilmərəm.

Bizim xəstəxanaya gəldiyində prostat xərçəngi, şəkər xəstəliyi, infeksiya yoluxması diaqnozu ilə gəlmişdi. Bizdə ona xidmət edən bütün personal xüsusi seçilmişdi. Onun müalicə olunduğu servisə giriş-cıxış xüsusi nəzarətdə olub. Şəxsən mənim təsdiqlədiyim şəxslərin giriş-cıxışına izn verilirdi. GATA-da da belə bir təhlükənin olmadığına əminəm».

MÜALİCƏ XƏRCLƏRİ

«Onun müalicə xərcləri tamamilə Türkiyə dövlətinin və Ankara xəstəxanasının imkanları hesabına ödənmişdi. Azərbaycanın Ankaradakı səfiri Elçibəylə qətiyyən maraqlanmamışdı. Yalnız bir dəfə GATA-ya gedib məlumat almışdı. Mən tarixi bir şahid olaraq söyləyə bilərəm ki, bunun xaricində Azərbaycanın səlahiyyətli şəxslərinin maddi-mənəvi dəstəyini görmədim».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG