Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:00

Əbülfəz Elçibəyin ölümü ilə əlaqədar cinayət işi açılıb


Hafiz Hacıyev

Hafiz Hacıyev

-


“Mərhum Əbülfəz Elçibəyin ailəsi onun ölümü ilə bağlı hər-hansı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyib”. Bu barədə mərhumun kürəkəni Aqil Səmədbəyli "Turan" informasiya agentliyinin xahişi ilə Bakı prokurorluğunun Elçibəyin zəhərlənməsi faktı üzrə cinayət işi açması barədə məlumatını şərh edərkən bildirib.

“Biz ailənin müraciəti olmadan, kənar şəxslərin bəyanatı əsasında cinayət işi açılmasını qeyri-ciddi hesab edirik. Bu, ciddi addım deyil və araşdırmanın məqsədləri ilə bağlı şübhələr doğurur”, deyə Səmədbəyli "Turan"ın müxbiri ilə telefon söhbətində bildirib.

Səmədbəyli qeyd edib ki, ailə üzvləri Elçibəyin ailəsi adından bəyanat vermək səlahiyyətini ona veriblər.

“Müxtəlif vaxtlarda Elçibəyin adı ilə bağlı müxtəlif spekulyasiyalar olub. Biz bu spekulyasiyalara son qoyulmasını xahiş və tələb edirik. Bu, Əbülfəz Elçibəyin ailəsini çox narahat edir”, deyə Səmədbəyli vurğulayıb.



****


Eks-prezident Əbülfəz Elçibəyin ölümünün səbəbləri ilə əlaqədar Bakı şəhər Prokurorluğunda cinayət işi açılıb. Bu barədə AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və başqalarının müraciəti əsasında Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlandığı qeyd edilir.

HAFİZ HACIYEV: «CİDDİ FAKTLARIM VAR»

Elçibəyin prezidentliyi dövründə «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri olmuş Hafiz Hacıyev iddia edir ki, bu barədə məlumatı ona Əbülfəz Elçibəy Türkiyəyə müalicəyə getməzdən əvvəl özü verib. Amma indiyə qədər o, «Eks-prezidentlər haqqında» qanunun qəbul olunmasını gözləyib və bu qanun qüvvəyə minəndən sonra məhkəməyə müraciət edib. Hafiz Hacıyev eks-prezidentin zəhərlənərək öldürülməsini sübut edən ciddi sənədlərə malik olduğunu bildirir. Həm də təkidlə iddia edir ki, Əbülfəz Elçibəyi xarici kəşfiyyatın əli ilə AXCP sədri Əli Kərimli zəhərləyib:

«Elçibəyin zəhərlənməsi ilə bağlı kifayət qədər faktlar, sübutlar, adamlar da var. Əli Kərimlinin Elçibəyi zəhərləməsi faktı tam sübuta yetirilir. Əbülfəz bəy Gülhanəyə getməzdən bir gün əvvəl mənə dedi ki, onu «komsomol» zəhərləyib. O, Əli Kərimliyini qeyri-rəsmi belə adlandırırdı. Lazım olan insanların əksəriyyəti istintaqa çağırılıb dindirilib, istintaqdan qaçanlar isə məcburi qaydada gətiriləcək».

Hafiz Hacıyev bu məsələ ilə bağlı yaxın vaxtlarda televiziyada çıxış edəcəyini də deyir.

ƏLİ KƏRİMLİ: «BU MƏNASIZ MƏSƏLƏLƏR İCTİMAİYYƏTİ MƏŞĞUL ETMƏYƏ HESABLANIB»

Məlumatı birinci dəfə bizdən eşitdiyini deyən AXCP sədri Əli Kərimli isə səslənən fikirləri «absurd» sayır və indiyə qədər buna oxşar iddiaların az səslənmədiyini Əli Kərimli

Əli Kərimli

deyir:

«Siz bu məsələni niyə belə ciddiləşdirirsiniz? Bu adam ağzına gələni danışır. Bütün külli-aləm, dünya bilir ki, Əbülfəz Elçibəy prostat vəzisinin xərçəngi xəstəliyindən rəhmətə gedib. Özü də harada – Türkiyədə, Gülhanə Xəstəxanasında. Özü də neçə ay orda müalicə olunandan sonra. Bu nə absurd söhbətdir? Tamamilə qeyri-ciddi söhbətdir».

Əli Kərimliyə görə, bu mənasız məsələlər ictimaiyyəti məşğul etməyə, onun diqqətini siyasi məsələlərdən yayındırmağa hesablanıb:

«İctimai fikri məşğul etmək, mənim başımı qatmaq. Olduqca absurd söhbətdir. Ağılları ancaq bura qədər kəsib. Hətta şərh etməyə dəyməyən absurd bir söhbətdir».

AXCP sədri açılan cinayət işi ilə bağlı hələ ki istintaqa çağırılmayıb.

ALMURAD ƏLİYEV: «MƏN İNANMIRAM»

Eks-prezidentin qardaşı Almurad Əliyev isə Elçibəyin zəhərlənməsinə inanmır. Amma prosesin nə ilə nəticələnəcəyini bilmək istəyir:

«İkisi də savadlı adamlardır. Hərəsi bir partiyanın sədridir. Gəlsinlər görək kim-kimə nəyi sübut edir. Belə şeylərə inanmıram, baxaq görək sonra nə olur. Məhkəməyə müraciət edən şər deyirsə, o, «içəri» getməlidir».

Almurad Əliyevin ailə üzvlərindən də indiyə qədər istintaqa çağırılan olmayıb.

Oqtay Qasımov

Oqtay Qasımov

İDDİANIN HAFİZ HACIYEV TƏRƏFİNDƏN QALDIRILMASI...

1992-ci ilin iyulundan vəfat edənə qədər eks-prezidentin köməkçisi olmuş Oqtay Qasımov istintaqa çağırılsa da, ölkədə olmadığı üçün hələ getmədiyini deyir. O, Əbülfəz Elçibəyin ölümünün səbəblərinin araşdırmasının tərəfdarıdır, amma bu iddianın Hafiz Hacıyev tərəfindən qaldırılmasını qeyri-ciddi sayır. Oqtay Qasımov hesab edir ki, o və digər silahdaşları Əbülfəz Elçibəyə Hafiz Hacıyevdən qat-qat yaxın olublar. Onları qoyub eks-prezidentin bu kimi məsələləri Hafiz Hacıyevə deməsi inandırıcı deyil:

«Nə üçün bu məsələləri biz bilmədik, Hafiz Hacıyev bildi. Bunların hamısı çox ciddi şübhələr doğuran məqamlardır. Hafiz Hacıyev bu kimi addımlarla gündəmdə qalmaq, hakimiyyətə yarınmaq istəyir».

Oqtay Qasımovun fikrincə, bu məsələnin 2013-cü il prezident seçkisi ərəfəsində ortalığa atılması hadisələrin nəyə hesablandığını aydın göstərir:

«Hafiz Hacıyev 12 il harada idi ki, indi bu məsələləri qaldırır? Bir də niyə bu məsələ 2013-cü ildə keçiriləcək seçkiqabağı ərəfədə gündəliyə gətirir? Amma ümumilikdə Əbülfəz bəyin ölümünün səbəblərinin tam ətraflı araşdırılıb cəmiyyətə müfəssəl məlumat verilməsinin tərəfdarıyam».

«BU, MÜXALİFƏTƏ QARŞI BIR TƏZYİQDİR»

Ərəstun Oruclu

Ərəstun Oruclu

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da bu məsələnin hakimiyyətin siyasi rəqiblərə qarşı təzyiq sayır:

«Mən birmənalı şəkildə deyirəm ki, bunun arxasında siyasi maraqlar durur. Hədəf odur ki, müxalifəti parçalasınlar. 12 ildən sonra eks-prezidentin ölümünün səbəbini araşdıran hakimiyyət yaxşı olardı ki, Elmar Hüseynovun qətlinin, Bahəddin Həziyevə qarşı sui-qəsdin təşkilatçıları, Hacı Məmmədovun törətdiyi cinayətlərin sifarişinin kimliyini üzə çıxarsın».

Əbülfəz Elçibəy 2000-ci il avqustun 20-də Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib. Onun prostat vəzinin xərçəngi xəstəliyindən vəfat etdiyi bildirilir.

2010-CU İLƏ QƏDƏR VƏ SONRA

Hafiz Hacıyev 2010-cu ilə qədər AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbərə qarşı kəskin ittiham və təhqirlər səsləndirib. Amma 2010-cu il parlament seçkilərindən sonra seçkinin nəticələrini tanımadığını bəyan edən Hafiz Hacıyev aldadılaraq başqalarına şər-böhtan atdığını etiraf edib. İndiyə qədər səhv yol tutduğunu bildirərək İsa Qəmbərlə Əli Kərimlidən etdiklərinə görə üzr istəyib.

Şərhləri göstər

XS
SM
MD
LG