Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:15

ABŞ-da quraqlıq dünyada ərzağın qiymətlərini qaldıra bilər


ABŞ-ın İllions ştatında fermer Marion Kujawa öz təsərrüfatını suvarmaq üçün istifadə etdiyi gölün qurumuş ərazisində məyus halda. 16 iyul 2012
ABŞ-ın İllions ştatında fermer Marion Kujawa öz təsərrüfatını suvarmaq üçün istifadə etdiyi gölün qurumuş ərazisində məyus halda. 16 iyul 2012

.
Şahnaz Həsənova




AMERİKANIN 2/3-İ QURAQLIĞA MƏRUZ QALIB

Amerika Birləşmiş Ştatlarında tarixi quraqlıq məhsuldarlığa ziyan vurur, ancaq zərərçəkən təkcə amerikalı fermerlər deyil. AzadlıqRadiosunun müxbiri Richard Solash xəbər verir ki, güclü quraqlığın təsiri Amerika sərhədlərini aşıb.

Müxbir yazır ki, adətən yay aylarında qarğıdalının hündürlüyü fermerlərin boyunu ötürdü, ancaq bitkinin hündürlüyü heç onların dizlərinə çatmır.

ABŞ kənd təsərrüfatı rəsmilərinin verdikləri proqnoza görə, gələn ölkə daxilində ərzağın qiyməti 3-4 faiz artacaq. Həmçinin ölkədə mindən çox yaşayış sahəsi kənd təsərrüfatı üçün yararsızdır. Hökumətin iyulun 26-da açıqladığı nəticələrə görə, Amerikanın təxminən 2/3 hissəsində vəziyyət getdikcə pisləşir.

QURAQLIQ ABŞ-DAN ÇOX BAŞQA ÖLKƏLƏRDƏ BAHALANMAYA SƏBƏB OLA BİLƏR

Ekspertlərin fikrincə, güclü quraqlıq Amerika sərhədlərindən kənarda da ərzağın qiymətlərinin artımına gətirib çıxaracaq. Bu isə potensial qlobal ərzaq böhranı deməkdir.

Dünya Bankının kənd təsərrüfatının inkişafı departamentinin keçmiş rəhbəri və Vaşinqton Johns Hopkins Universitetinin müəllimi Robert Thompson:

- Bu, bir əsrdə bir və ya iki dəfə rast gəlinən quraqlıqdır. Vəziyyət biz düşündüyümüzdən daha ciddidir. İndiki quraqlıq dünya bazarında əsasən qarğıdalı və soyaya ciddi təsir edir.
ABŞ-ın İllions ştatında susuzluqdan qurumuş qarğıdalı tarlası.
ABŞ-ın İllions ştatında susuzluqdan qurumuş qarğıdalı tarlası.

ABŞ qarğıdalı və soyanın dünyada ən böyük istehsalçısıdır. Ona görə də Amerika sərhədlərindən kənarda da bunun pis təsiri hiss olunacaq. Dünyada qarğıdalı ən çox istifadə edilən ərzaqlardan biridir. Soya da həmçinin əsas ərzaqlardan biri hesab edilir.

Bu məhsulların hər ikisi həmçinin heyvan yemində də istifadə edilir. Bu da o deməkdir ki, heyvan yemlərində də qiymət artımı gözlənir.

Qarğıdalı və soyanın qiymətinin qalxması taxıla tələbatı artırır və nəticədə, dənli bitkilərin qiymətində artım müşahidə olacaq.

DÜNYA BANKI BAHALAŞMANIN SƏBƏBLƏRİNİ SIRALAYIR

Dünya Bankının yaydığı məlumata görə, buğda və qarğıdalının beynəlxalq bazarlardakı qiymətlərində iyunun ortalarından etibarən, 45-50 faiz artım nəzərə çarpıb. Soyanın qiyməti isə iyunun 1-dən təxminən 30 faiz artıb.

Bank bildirir ki, qiymət artımına təsir edən amillər bunlardır:

  • Amerikada “gözlənilməz” quraqlıq,
  • Avropaya həddindən artıq yağışın yağması,
  • Rusiyaya yağışın az yağması,
  • Digər ekoloji problemlər.
Dünya Bankı vəd edir ki, hökumətlərə quraqlığın təsirinin aradan qaldırılmasında sürətli maliyyə proqramları ilə kömək edəcək.

BAHALAŞMA HÖKUMƏTLƏRİ YIXA BİLƏR

Johns Hopkins Universitetindən Robert Thompsonun fikrincə, ölkələr 2008-ci ildəki kimi ehtiyat taxıl ilə qiymət artımının qarşısını ala bilərlər. 2008-ci il ərzaq böhranı zamanı Hindistan düyü ixracatını dayandırdı, Rusiya və Ukrayna isə taxıl ixracına ciddi məhdudiyyət qoydu.

Hazırkı vəziyyət 2011-ci ili yada salır. Həmin il yüksələn ərzaq qiymətləri ərəb ölkələrində inqilaba yol açmışdı.
ABŞ-da İndiana ştatında qurumuş otlaq. 17 iyul 2012
ABŞ-da İndiana ştatında qurumuş otlaq. 17 iyul 2012

“Heç nə ac insanlar kimi hökuməti tez devirə bilməz. Bu alıcılarla yanaşı hökumət üçün də təhlükəlidir.” – Robert Thompson deyir.

Qiymətlərin artımı və potensial ərzaq çatışmazlığı humanitar yardım təşkilatları üçün də xəbərdarlıqdır.

Birləşmiş Mİllətlər Təşkilatının Dünya Ərzaq Proqramının sözçüsü Rene McGuffinin sözlərinə görə, dünyanın ən böyük humanitar yardım təşkilatları əsasən aclıqla mübarizə ilə məşğuldurlar. O deyir: “Yüksək qiymətlər Dünya Ərzaq Proqramına da təsir edir. Biz həddindən artıq yoxsul insanlar üçün yemək almalıyıq. Hesablayırıq ki, ərzağın qiymətlərinin hər 10 faiz artımı bizim üçün ildə əlavə 200 milyon dollar deməkdir. Eyni zamanda dəyişən qiymətlər ərzağa ehtiyacı olan insanların sayının artmasına gətirib çıxarır.”

EKSPERT MƏSLƏHƏTİ: QURAQLIĞA DAVAMLI BİTKİLƏR YETİŞDİRİLSİN

Richard Solash yazır ki, ABŞ-dakı quraqlığın dünyada ərzağın qiymətinə təsirinin tam ortaya çıxmasının aylar sonra ortaya çıxacağı gözlənir. Bununla bağlı Robert Thompson deyir:

“İqlim dəyişikliyinin nəticəsi olaraq, kəskin təbiət hadisələri ilə tez-tez qarşılaşırıq. Misal üçün güclü quraqlıq, yaxud daşqınlar. İki il əvvəl Pakistanda güclü daşqınlar, yaxud Rusiyada, eləcə də Avstraliyada son 5 ildə quraqlıq müşahidə edirik. Bunlar beynəlxalq kənd təsərrüfatı bazarında risklərə səbəb olur.”

Thompson qeyd edir ki, iqlim dəyişikliyinin həllinin qısa yolu, ölkələr müvafiq kənd təsərrüfatı siyasəti müəyyənləşdirməli və quraqlığa davamlı bitkilərin istehsalı sahəsində araşdırmalara investisiya ayırmalıdırlar.
XS
SM
MD
LG