Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:53

Əlisa Nicatın dünyada analoqu olmayan tərcüməçi müdaxiləsi


İradə Musayeva
İradə Musayeva
-
Suvorovun kitabını tərcümə edən Əlisa Nicat Amerikanın adı gələndə mötərizə açıb qarğış edir: Başın batsın.


İradə Musayeva


Tərcümələr haqda 3-cü yazı.
Əvvəli burda


TƏRCÜMƏYƏ EHTİYACI OLAN TƏRCÜMƏLƏR....


Ə. Nicatın tərcümə etdiyi “Sonuncu Respublika” (Viktor Suvorov – Vladimir Boqdanoviç Rezun ) kitabı “Qanun” nəşriyyatının “Ən yeni tərcümə” seriyasında çap olunub.

N. Səfərovun tərcümələrindən sonra bu kitabı çox rahatlıq və şükranlıqla oxudum. Baxmayaraq ki, N. Səfərovun tərcümələri ən çox sevdiyim yazıçıların (U. Folkner, Q. Q. Markes, C. Steynbek, K. Hamsun və s.) sırf bədii planda (hekayələr) işlənmiş əsərləri idi. Yəni o kitabı daha sürətlə və zövq ala-ala oxumaq olardı, fəqət əksinə oldu. Sənədliliyə, tarixi, ictimai-siyasi faktlar və hərbi-texniki vasitələrin statistik göstəricilərinə əsaslanan “ Sonuncu Respublika” kitabında keçmiş DTK (nədənsə tərcüməçi bu sözü “KQB” kimi saxlayıb) polkovniki, bütün dünyada Viktor Suvorov kimi tanınan, 1978-ci ildə SSRİ-dən Böyük Britaniyaya qaçan Vladimir Boqdanoviç Rezunun, Sovet İttifaqının və xüsusilə də Stalinin II Dünya müharibəsini uduzması kimi təəccüblü və bütün dünyada tarixçilərin, siyasətçilərin mübahisəsinə səbəb olan iddiasını sübuta yetirməyə çalışan hadisələr, təsvirlər, bəyanat xarakterli informasiyalar əks olunub.

Ə. Nicat, görünür, tarixçi və yazıçı olduğu üçün həm bədii, obrazlı təfəkkür, həm də elmi-tarixi analitika ilə müəllifin mövqeyini, nə qədər soyuq, siyasi mövzu olsa da, II Dünya Müharibəsinin başlanması və gedişatı haqqındakı təfərrüatların təsvirini emosional və məcazlı dillə təqdim edə bilir. Tərcüməçi müəllifi duyur, onun ziddiyyətli, kəskin, çox məqamlarda istehzalı nitqini – təhkiyəsini oxucuya çatdıra bilir.

Doğrudur, bəzi məqamlarda tarixçi ampluasında soyuqqanlılığını saxlaya bilməyib, teatr salonundakı sadəlövh tamaşaçı kimi özünü unudur və yerdən replika atır. Məsələn, 26-cı səhifədə Viktor Suvorov konkret rəqəmlərlə ciddi məlumat verdiyi yerdə tərcüməçi reaksiyasını gizlətmir, mötərizə içində söyür və qarğış edir: “1 oktyabr 1941-ci ildən 31 may 45-ci ilə kimi yalnız Amerika (başın batsın! – Ə. N.) Stalini 2660 yük gəmisi ilə təmin etmişdi və bu gəmilərlə 17500000 ton strateji material gətirmişdi. (Başın batsın Ruzvelt! - Ə. N.) Yolda bu yük gəmilərindən onlarla batan oldu ki, 1300000 min ton yük də okeanın dibinə getdi. ” s 26

Redaktorsuz kitabda tərcüməçinin bu sərbəst müdaxiləsi (hansı şəkildə olur-olsun) anlaşılandır, ancaq, təbii ki, yolverilməzdir.

Gələcək təkrar nəşrlər üçün nəzərə alınacağına ümid edib, tərcümədəki nöqsanları diqqətə çatdırmaq istəyirəm. Əvvəla, kitabda bir neçə yerdə “Jukov” sözü balaca hərflə yazılıb. “ 1940-cı ildə ordu generalı Q. K. jukov Monqolustandan gəlib, Stalinə etdiyi məruzəsində karbürator mühərrikləri asan alışan tanklar barədə mübahisələrə nöqtə qoydu ” s 134. Bu söz 135, 136, 138 və s. səhifələrdə də bu şəkildə gedib. Deməli, kompyüterin şriftində “Caps Lock” da “J” hərfi “xarab olub” ...

“ O, ayağa qalxdı və qapını qabağına açdı ” s 13. “ Qapını üzünə açdı ” olar. “Üzünə açmaq” feli birləşməsi həm hərfi, həm də məcazi məna daşıya bilir, “qabağına açmaq” birləşməsi isə yox.

“Hökumətə etiraz notası göndərib elan edə bilər ki, Avstriya hakimiyyəti məni zorla tutub saxlayıblar və təcili surətdə qaytarmalıdırlar. ” s 15. Mübtəda ilə xəbərin uzlaşması kobud şəkildə pozulub. II növ təyini söz birləşməsi ilə ifadə olunan mübtəda (Avstriya hakimiyyəti) təkdədir, cümlənin xəbərləri isə (saxlayıblar, qaytarmalıdırlar) cəmdə. Bu cür uyğunsuzluq bir neçə yerdə təkrarlanır. “O vaxt konsulumuzla elə ilk görüşümüzdə bolluca göz yaşları axıtmalı, ya da gülməli olacağam və dalımca xüsusi təyyarə gəlib məni hara lazımsa, ora aparacaqlar ”. s 15

Bir çox hallarda tərcüməyə gələn sözlərin tərcümə olunmamış şəkildə işlənməsi və yaxud məlumat tələb edən sözlərin qeydsiz, izahsız verilməsi də oxucuda sual doğurur. “Stalin ABŞ-dan 595 hərbi gəmidən ibarət bütöv bir donanma sostavı, o cümlədən 28 freqat, 105 sualtı qayıq, 77 tralşik, 3 buzqıran gəmi (mənim bu buzqranlara xüsusi rəğbətim var), 140 sualtı qayıqların ovçusu, 202 torpeda kateri və s. almışdır. Amerikadan Stalinə verilən təkcə minlərlə tyaqaç və zirehli maşınların sayı 13303 ədəd idi ” s 23. “Sual ver, amma başınla fikirləşib sual ver, fantaziya yaxşı şeydir, amma
tormozun olsun.” s 92.

“Məsələ ondadır ki, mən diqqətimizi xeyli “ pikant ” bir situasiyaya cəlb etmək məcburiyyətindəyəm ” s 76. “

Diviziyaları necə silahlandırırsansa – silahlandır, ona rəhbərliyi necə savadlı komandirlərə tapşırırsan – tapşır, onu necə cəsur və təcrübəli soldatlarla komplektləşdirirsən – komplektləşdir, əgər xəritə yoxsa, diviziya idarəolunmaz sürü olacaq. ” s 150.

“Sostav”, “tormoz”, “ soldat ” sözlərinin dilimizdə qarşılığı var. “Freqat”, “tralşik”, “tyaqaç” kimi hərbi terminlər haqqında da təsəvvür yaratmaq olardı.

“Zira, dünya proletariatının gələcək rəhbərinin, bütün zamanların və xalqların gələcək dahisinin bank oğurlaması (etiraf etmək lazımdır ki, çox ustalıqla) ayıb olardı ” s 64. Bank oğurlaması?

“Belə qərara gəldilər ki, yalnız partlayıcı və partlamayıcı maneələr var. Piyadaçılara və tanklara qarşı maneələr” s 99. “Partlamayıcı maddə ” də havada qalan, mətnə oturmayan ifadədir.

“Bax, həmin bu generaldan Hitler təsirat (? – İ. M.) öyrənməli idi və bundan sonra Qızıl orduya güləydi” s 116.

Gördüyümüz kimi, sözlər tərcümə olunub, ancaq cümlə qurulmayıb. Növbəti cümlələrdə də vəziyyət eynidir: “Stalin guya aldadıb. Hətta bu, belə olsa belə, hətta Stalin aldadıb belə, Finlandiyada zəifliyini bilərəkdən nümayiş etdirdikdə Hitler buna inanmışdı.” s 122.

“Hərə ancaq öz rotasını, batareyasını, batalyonunu, divizyonunu, alayını, briqadasını, diviziyasını, korpusunu, ordusunu görürdü” s 147. (Diviziya, ya divizyon? İ. M.)

Tərcüməçi bir çox hallarda sözlərin qarşılığını çoxvariantlılıq, çeşidlilik, rəngarəng və çoxplanlılıq prinsipi əsasında axtarıb və buna nail olub.

“Bu xala burğucu (atvertkanı) ingilis açarından ayıra bilmir.” s 127.

Burğuc sözü uğurlu ifadə kimi yaddaqalandır. İşləkliyi artırılsa və məişət dilində geniş yayılsa mötərizədəki söz sıradan çıxar.

Dil intellektual fəaliyyətin silahı olduğu üçün bu silahı oxucuya, xüsusilə gəncliyə paslı, yararsız şəkildə vermək olmaz. Rus məktəblisinin orta məktəbi bitirəndə leksik yaddaşında 80 min söz olur. Bu fakt bizi narahat etmirmi? Dilin lüğət fondunun həcmi müqabilində heç olmasa biz də oxuyan gəncliyə zəngin, çoxçalarlı, sevilən və rahat bir dil mirası bəxş edə bilərik.

Çak Palanikin Amerika həyatından bəhs edən “Döyüşçü klubu” əsərini rus dilindən Fizzə Heydərli tərcümə edib. Kitabın redaktoru Vurğun Əyyubdur. 256 səhifəlik kitab 2011-ci ildə “Qanun” nəşriyyatında çap olunub.

Bu kitabda işini söz və cümlə tərcüməçisi kimi (bəzi hallarda da qüsurlu) quran Fizzə Heydərli müəllifin fikir, düşüncə, ifadə tərzi özəlliyinin tərcümanı ola bilməyib. Nəticədə 256 səhifəlik mütaliə müddəti “əsrdən uzun gün”ə çevrilib...

“Böyük yaş sifət mənim təpəmə sıxılır, məhz bu vaxt, adətən, mən ağlamağa başlayıram. Mən təkəm və ətrafda qaranlıqdır. Özgə hərarətlə əhatələnib, heç nə görməyəndə ağlamaq asandır, onda başa duşursən: bu həyatda nəyə nail olursan ol, hər şey gec, ya tez heç olacaq.” s 13.

“Təpəyə sıxılan böyük yaş sifət” hansı obrazlılıq, məcazlılıq prinsiplərinə uyğundur? Bəlkə oxucunun zövqü və əsəbləri ilə oynayan əlaqədar şəxslərdən biri (tərcüməçi, redaktor, naşir) növbəti cümlələrdəki “əcaibliklərin” elmi-fəlsəfi, ədəbi-bədii və ya əqli-məntiqi izahlarını bilir, bilirsə aydınlaşdırsın: “Onun arxasında şalvar qəmli torba kimi sallanıb.” s 16

“Kloi mənim boynuma nəfəs alırdı. İstənilən kişi ilə. Maraqlıdır, onların yanına kimləri buraxırdılar?” s 17

“Ancaq yenə də o haqlıdır – birinci mən simulyantlıq etməyə başladım. Əlbəttə ki, əgər bütün bu adamlar öz şişlərini, əzablarını simulyasiya etmirsə. Hətta Böyük Bob, bu nəhəng sığır, bu piy parçası – simulyantlıq edir. ” s 22

“Kinomexaniklər, ümumiyyətlə, özlərinə çox şeyi imkan verə bilər. Bəzən göstərən bobinda siqnal olmur.” s 28

“Bir neçə dəqiqə oturandan sonra o qalxdı, suya baş vurdu, sonra mayka və şortlarını geyinib getməyə hazırlaşdı.” s 35

“Əgər mən yuxuladığım vaxt və yerdə deyil, başqa vaxt və yerdə oyana bilirəmsə, nəyə görə bir dəfə başqa adam kimi oyanmayım? ” s 35

“Tayler çiynini çəkdi və mənə izah etdi ki, o qəsdən bünövrəsinə doğru genişlənən beş şalban seçib.” s 35

“Orda əllibaşlı kilsəsində olduğu kimi naməlum dildə naməlum sözlər qışqırırlar, bazar günü səhər yuxudan oyananda isə özünü xilas olunmuş kimi hiss edirsən.” s 60

“Bu evdə pərdə ilə arası kəsilmiş anbar və taxca, həmçinin nərdivan meydançasında vitrajlar var. Balaca yastıqlı qonaq otaqlarında erkerlər. Lakla örtülmüş yarım metr qalınlığında oyma döşəmə yaşmağı. ” s 66 (evin mənzərəsi gözünüzün qarşısında necə canlandı? – İ. M.)

“Marla polislərin ardınca qışqırır ki, “8Q” nömrəsindəki qız nə vaxtsa cazibədar və qəşəng idi, ancaq indi bitmiş qancığa çevrilib. O, fitnəkar, heç nəyə yarımayan rəzilə çevrilib, o lazım olmayan şeylərlə məşğul olmaqdan qorxur, ona görə heç nə ilə məşğul olmamağa üstünlük verir .” s 72

“Mən isə gedirəm, ortasında onların vasitəsilə bu dünyaya baxdığım iki nazik sfinkter olan vurulub əzilmiş gözlərim isə qara bublikə oxşayır.” s 74

“Bu, əlbəttə ki, Marlanın avtomat – camaşırxanalarda quruducudan cinsləri oğurlayıb sekond-henddin satın almasına cütünü on iki dollara satmasından yaxşıdır. Tayler heç vaxt restoranlarda yemirdi, Marlanı isə heç də qırışlar basmamışdı. ” s 108

“Cavabında Marla mənə qışqırdı:
- Bədqılıq olma! ” s 109

“ Mən geriyə sürünürəm: əllərim və ayaqlarım sürüşkən linoliumun üstündə hərəsi bir tərəfə sürüşür, dalım isə çirkli döşəmədə Marladan və soyuducudan aralanan təmiz zolaq çəkir. Mən həqiqəti deyəndən Marlanın sifətini görməmək üçün gözlərimi paltarı ilə bağlayıram. ” s 113

“Mənim müdirim masanın yaxınlığında dayanıb, nazik dodaqlar iztehzalı gülüşlə yayılır, miyamçası (? - İ. M.) mənim dirsəyimin hündürlüyündədir ” s 115

“Marlanın – heyvanda olduğu kimi qonur gözləri var, elə bil onları sobada ağarana kimi qızardıb soyuq suya atıblar. Buna necə deyirlər, yadımda deyil: ya vulkanizasiya, ya qalvanizasiya, ya da bərkitmə ” s 125. (Adam bu yerdə artıq Çak Palanikin özündən də şübhələnir, bu necə təsvirdir? – İ. M.)

“Ürəkbulanma ” romanı Jan Pol Sartrın Azərbaycan dilinə tərcümə olunmuş ilk əsəridir. Romanı Gülər Qasımova tərcümə edib 2011-ci ildə “ SOLFRONT ” tərəfindən “Apostrof ” Çap Evində nəşr olunub. Redaktə Rüfət Abbasova, korrektə Ləman Orucovaya və Şərif Süleymanova məxsusdur.

Qəribədir ki, hər iki xanım tərcüməçi: (Fizzə Heydərli və Gülər Qasımova) tərcümə materialına eyni şəkildə yanaşıb. Həqiqi, məcazi və etimoloji məna açıqlanması zamanı sözlər quru, soyuq, uyarsız və qarşılıq sözün ən uğursuz variantı ilə oxucunun qarşısına çıxır. Nəticədə Çak Palaniklə Jan Pol Sartr bir-birinə o qədər bənzəyir ki... (Fizzə xanımla Gülər xanımın tərcümələri kimi)

“Saat üçdür. Saat üç – bu etməyə hazırlaşdığın hər şey üçün ya çox tez ya da çox gecdir. ” s 17. “ Ol ”, “ et ”, “ elə ” köməkçi fellərdir. Bu sözlər məsələn, isimə və sifətə qoşularaq mürəkkəb fel yaradır: “yaxşı olmaq ”, “kömək etmək ”, “dərk etmək ”, “ tərcümə eləmək ” və s. “ kömək etməyə hazırlaşırdın ” olar. “Etməyə hazırlaşdığın kömək” yox! Yuxarıdakı misalda isə “ hər şey etməyə hazırlaşmaq”, yoxsa “etməyə hazırlaşdığın hər şey” anlaşılmazlığından başqa həm də fikir düzgün tərcümə edilməyib.

“Dünənki səma o qədər xoşuma gəlmişdi ki, gülməli və təsirli üz kimi sıxılaraq pəncərəmə yapışmış, yağışdan qaralmışdı. Amma indiki günəş elə özümüz qədər gülməli deyil. Sevdiyim hər şeyə, tikintinin narıncı dəmirinə, hasarın çürümüş taxtalarına, yuxusuz gecədən sonra qəfil qəbul edilmiş qərar, qaralamasız, bir nəfəslə yazılmış səhifələr kimi xəsis, aydın işıq düşür. ” s 17

Beynimizdə xeyli sual canlanır: Kim? Nə? Harda? Necə? Niyə? və s. Cavab yoxdur. Cümlələr suala gəlmir. Suallar isə növbə gözləyir...

Əsərdə məzmununu təxmin etdiyim belə bir fikir var ki, əsərin qəhrəmanı güzgüyə baxır, öz surətindən xoşu gəlməyən həmin adam bircə sarışın saçlarından razıdır: “Digər insanların üzlərində məna var. Mənimkində yoxdur. Mən hətta bilmirəm ki, o yaraşıqlıdır, yoxsa eybəcər . Deyəsən eybəcərdir,çünki mənə belə deyiblər. Amma bu məni narahat etmir.Məğzinə varsaq üzə belə xüsusiyyətlərin verilməsi məni həmişə hirsləndirir, torpağın bir hissəsini vəya qayanın bir parçasını eybəcər və ya gözəl adlandırmaqla bunun heç bir fərqi yoxdur.

“Ümumiyyətlə, bircə şey var ki, gözlərimi sevindirir: yanağımın olduğu cansız sahədən yuxarıda, alnımdan yuxarıda mənim kəlləm gözəl, kürən alovla parıldayır – mənim saçlarım. Bax onlara baxmaq xoşdur.” s 21

“...boğazımda qusuntu ilişmişdi. ” s 25 “ Mən narahatam, mənim bədənim istirahətdəki yüksək dəqiqlik mexanizmi kimidir.” s 32

“ Bənövşəyi qoca karandaşın sonluğunu çeynəyərək kağız parçasının üstünə əyildi. ” s 34

“Mən çətinliklə ayağa qalxıram; baytarın kəlləsi üzərindəki güzgüdə, qarşımda qeyri insan üzü görünür.” s 34

“Nuar bulvarının bu hissəsi əlçatmazdır. Buranın iqlimi çox sərtdir, torpaq isə həyatın köklərini atması və inkişaf etməsi üçün çox nankordur.

Soley qardaşlarının üç taxta-şalban zavodlarının bütün pəncərə və qapıları, səs-küyləri ilə doldurduqları qərbə, rahat Janna - Berta Kerua küçəsinə baxır. Viktor Nuar bulvarına onlar özlərinin hasarlanmış üç arxalarını göstərirlər.” s 35

“Mən arxamı Lyusiyə döndərirəm. Belə götürəndə o şanslıdır. Amma mən, artıq üç ildir ki, həddindən artıq sakitəm. Bu faciəli tənhalıqda mən ancaq bir azca faydasız təmizllikdən istifadə edə bilirəm və gedə bilirəm.” s 39

“Qadın həmin dəqiqə jelesifətli üzünə bütün ifadələri yığıb, kor-koranə bir neçə addım atır.” s 69

“Boşqabın kənarında tüpürülmüş boz ət tikəsi var.” s 73

“Kinoya gəldikləri vaxt ilk əsəbləri tutacaq.” s 77

“ Kütlənin isti çoxluğunda aristokratlıq, seçilmiş cəmiyyətə və professonal qruplara məxsusluq hissi ərimişdi. ” s 79

“Nə qədər uşaq var! Arabada uşaqlar, əllərindən tutulmuş uşaqlar, onların əllərindən tuturlar və ya onlar ikili, üçlü valideyinlərindən qabaqda ciddi-ciddi addımlayırlar. ” s 79

Bu misalları istənilən qədər artırmaq olar, lakin oxucunu yormaq istəmirəm... Tərcümə problemi təkcə müəllif – tərcüməçi – tənqidçi – oxucu çevrəsində, sadəcə mübahisə və ya müzakirə obyekti olmaqla bitmir. Bu ədəbiyyatımızın, dilimizin, ədəbi-estetik zövq formalaşdıran poetik təfəkkürümüzün ən vacib işlərindən biridir. Bu böyük işin və problemin çözülməsi prosesində xırda hisslərin diktəsi ilə deyil, elmi-fəlsəfi və ədəbi-bədii təfəkkürümüzün məqamından çıxış edək...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG