Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59
-
"Biz cəsarət etmirik, deyək ki, tərcüməçi Azərbaycan dilini bilmir və bu dildə danışmır. Ancaq aşağıdakı cümlələr bizdən qətiyyətlidir, bu fikri sübut edir"



İradə Musayeva

Tərcümələr haqda 2-ci yazı.
Əvvəli burda


NATİQ SƏFƏROV MİFİ HAQQINDA


Tərcümə millətlərin danışıq, ünsiyyət dillidir. Bəs bu dildə biz necə danışırıq?

Bir çox əsərlərin tərcüməsini oxuyandan sonra belə bir obrazlı qənaət əldə olundu: bəzi tərcüməçilərimiz dünyanın heyrət və sevgi ilə oxuduğu yazıçıların odunu söndürüb, külünü naşirlərin kitabtikən – pulkəsən maşınlarının dəmir qəliblərində “presləyib” verir oxucunun ixtiyarına.

Dünyadan xəbərdar olmaq və intellektini artırmaq istəyən zavallı oxucu düşür bu küllüyə və başlayır başı, ayağı, mənası, məzmunu bilinməyən cümlələrin məngənəsində çırpınmağa...

“Görkəmli tərcüməçi Natiq Səfərovun dünya ədəbiyyatından çevirmələr toplusu”nda (Bakı. Qanun. 2011. 228 səh.) nələrlə rastlaşdıq? Dünyanın ən məşhur yazarları (Uilyam Folkner, Con Steynbek, Andrey Platonov, Yasunavi Kavabata, Knut Hamsun, Qabriel Qarsia Markes) Azərbaycan dilindən hansı yaraları aldı? Konkret faktlarla göstərməyə çalışacağıq. Ancaq bu kitaba qədər dünyanın ən tanınmış yazarlarını (L.Tolstoyu, R. Toqoru, R. Kiplinqi, V. Şukşini, O. Süleymanovu, V. Belovu, V. Vişnevskini, A. Opereni, T. Udonu, V. Tukunovu və b.) dilimizə çevirmiş təcrübəli tərcüməçinin “əl işi” sadəcə təəccübləndirdi. “Natiq Səfərovun tərcümələri” adlı kitabın annotasiyasında belə bir cümlə var: “Kitabda görkəmli tərcüməçi və redaktor, bənzərsiz insan Natiq Səfərovun dünya ədəbiyyatından çevirmələri toplanmışdır”.

Burdan belə bir nəticə əldə edildi ki, deməli, kitabın redaktoru da elə tərcüməçinin özüdür. Həm də kitabda redaktorun, korrektorun, operatorun kimliyi və hətta yığılmağa verilmə, çapa imzalanma vaxtları və format ölçüləri, üz qabığının dizaynı və kompyuter tərtibatının kimə məxsusluğu belə göstərilməyib. Ancaq nəşriyyatın ünvanı və bir neçə əlaqə telefonları, e.mail.-i göstərilib.

Saysız-hesabsız orfoqrafiya səhvlərinin babalını qoyuruq olmayan redaktorun və korrektorun boynuna. Yoxdur də... Yoxun yaxasından necə tutasan ki, “ay filankəs müəllim, bəlkə bir məktəbli və ya tələbə insafa gəldi, dünya ədəbiyyatı ilə tanış olmaq istədi, bu kitabı aldı əlinə, başladı oxumağa. Axı səhv yazılan onlarla (daha artıq) söz onun yaddaşında kök atacaq. Bu necə olsun?”

Bir abzasda iki cümlədən bir işlədilən “fətirsifət” sözü iki dəfə bitişik yazılıb, bir dəfə ayrı: “fətir sifəti gördü”, “fətirsifətin üstünə cumdu”, “fətirsifət qaçmağa üz qoydu”. s 13. “Necə də böyükdür, elə bil, imarətdi, - deyə oğlan qəfilbir sakitliklə düşündü” s 19-20. “Beləcə o, əsl səbəbi də tapa bilərdi: başa düşərdi ki, barıt və polad qoxusu başqalarının şüurunun hansısa qıcığı ilə bağlı olduğu kimi (? - İ. M) yanğın, və odda atasının şüurunun dərinliyində mübhəm bir qığılcımı doğurub, odun stixiyası özunə məxsus olan, onsuz həyatın heç bir həyat olmadığı əziz bir şeyi qorumaq vasitəsinə çevrilir ” s 16. Cümlədəki sözlərin məna və forma baxımından bir-birinə qaynayıb qarışmaması, düşmən mövqeyi barədə hələ söz açmırıq. Lakin heç vaxt görünməyən iş baş verib. Vergüllə “və” yanaşı işlənib, “da” adlı iştirak bağlayıcısı ismin yerlik halı kimi “od” sözünə bitişdirilib. “Etiraz” əvəzinə çox yerdə “ehtiraz”, “etiraf” əvəzinə “ehtiraf” (s. 136 – 137) yazılıb. Bu cür misalları istənilən qədər davam etdirmək olar.

Kitabın ən ciddi qüsuru, daha doğrusu, N. Səfərov tərcümələrinin problemi ilk növbədə ondan ibarətdir ki, məsələn, bu kitabda altı dahinin, dünya şöhrətli, bəşəri yazıçının əsərlərinin bir üslubda, bir “dil” də , bir ovqatda, eyni leksikon dairəsində , yəni N. Səfərov müəllifliyi və fərdiyyəti kontekstində təqdimi ilə qarşılaşırıq. Amerika, Yaponiya, Rusiya, Norveç, Kolumbiya kimi fərqli – fərqli ölkələrin tarixini, ənənəsini yaşamış, müxtəlif iqlimlərdə, müxtəlif təbiətlərdə, müxtəlif ictimai-sosial şəraitlərdə yaşamış müxtəlif əqidəli yazıçılar tərcüməçi qələmində sanki “broyler məhsulları” kimi eyni qablarda “paketlənir”. Bu altı müəllifin altısında da təbiət eyni görünür. Külək, yağış, günəş eyni təsvir və ifadə vasitəsilə əks olunur. Qadınlar eyni məişət sözləri ilə deyinir, kişilər eyni cür qəzəblənir, uşaqlar (fərqi yoxdur – amerikan, rus və s.) eyni manera və əda ilə dilləndirilir. Yaponla rus, norveçlə kolumbiyalı, bir sözlə, hamı bir dam altına yığışıb bu kitabda. Onların bir-birinə oxşamaqları bir yana, daha pisi odur ki, onlar da elə bizə oxşayırlar. Bir qələmin mürəkkəbində hamı eyni rəngə boyanıb. Tərcüməçi müraciət etdiyi yazıçının həyat və yaradıcılığını, mənsub olduğu xalqın tarixini, məişətini, ənənəsini əhatəli öyrənməli və tərcümə dilinə bütün bunların özünəməxsus cizgilərini gətirməyi bacarmalıdır. Üslubla bağlı problemlərin üzərində çox dayanmadan konkret olaraq iradları açıq müstəviyə gətirmək üçün tərcüməçinin dil və qrammatika problemlərinə nəzər salaq: “... orada yuxarıda atası çönəndə, ulduzların işığında onun çöhrəsiz, cisimsiz, ətsiz-qansız, sanki tənəkdən kəsilmiş yastı qaraltısını, əynindən tökülən uzun ətəkli pencəyini, dəmir bükülülərini gördü. Səsi təbəqə kimi bərk və yastıydı” (U. Folkner “Yanğın”) s 16. “Çöhrəsiz, cisimsiz, ətsiz-qansız qaraltı”, “tənəkdən kəsilmiş qaraltı”, “pəncə kimi irəli uzanmış əl”, “quduz gərginlik”, “təbəqə kimi bərk və yastı səs” – bu ifadələri anlamaq üçün təxəyyülə nə qədər güc versək də baş ağrısından başqa bir nəticə hasil olmur.

“... indi isə zərbənin özü də, zərbənin ardınca atasının təhqiredici dərəcədə rəvan, sakit səsi ilə uşağın qulaqlarında cingildəyir, lakin ona heç nə izah eləmirdi; bu zərbə və atasının səsi olsa- olsa, bir şeyi – uşağın köməksizliyini, yaşadığı illərin çəkisinin cüziliyini izah edə bilərdi, bu çəki kifayətdir ki, qoynunda çapaladığı dünyadan qopub ayrılmağa qoymasın onu, ancaq kifayət deyildi ki, ona öz ayaqları üstündə möhkəm dayanmaq, bu dünyaya müqavimət göstərərək, onun axırında nəyisə dəyişmək imkanı versin” s 19 “ – bax, belə evdə yaşayasan! – və bunu qibtəsiz-filansız, özünə dərd eləmədən, əlbəttə ki, uzun ətəkli qara pencəyin dəmir bükülülərin addımlayan o kor hikkədən, paxıllıqdan doğan qəzəbdən xali düşündü” s 20 –21. “ - Bəmbəyaz! Gözəl! – dedi. – Nolsun. Bu ki, tərdi. Zənci təri idi. Yəqin bu ev üçün zənci təri kifayət qədər ağ deyil. Onlara həm də bizim tərimiz gərəkdi...” s 23 “Onların qalın və sönük səslərində ümidsiz tənbəllik duyulurdu ”. s 23

Bəli, biz artıq Folkneri və onun mətnini unutmuşuq. Biz mütaliə prosesində dönə-dönə geri – cümlənin əvvəlinə qayıdıb, tərcüməçinin nə demək istədiyini öyrənməyə cəhd edirik və “düyün düşmüş” cümlələrdə sözlərin yerini dəyişib, onu başqası ilə əvəzləyib bir fikir sahibi olmaq istəyirik. Tərcüməçinin bizə təqdim etdiyi mətni heç olmasa adi danışıq dilinə çevirmək arzusundayıq...

U. Folknerin “Qırmızı yarpaqlar” hekayəsinin tərcüməsini oxuyanda isə tərcüməçinin Azərbaycan dilində nəinki bədii mətn yaratmasına, hətta adi danışıq dilində danışa bilməsinə şübhə oyandı. “Cavab verdi” əvəzinə tərcüməçi hekayənin bir neçə yerində “əks-səda verdi” – deyir: “Nəyi tapmayacağıq? – deyə o biri əks-səda verdi. s 44, “ölməyib, - deyə zənci ona əks-səda verdi” s 67

“Onları bu kökə günəş salmışdı – qızmar günəş və qatı kölgə: saçları qarsanmış cilə oxşayırdı. Üç Səbətin sol qulağından üstünə mina çəkilmiş tənbəki qutusu sallanırdı”. s 44. “Otaqda nələrin ağı işarırdı; elə bil, otaq ağzınacan zənciylə dolu idi”. s 46. Qarsanmış cilə (? – İ. M.) oxşayan saç, tənbəki qutusu sallanan qulaq necə olur, görəsən?

Mənasız cümlələrin təkrarı bu qarışıqlıqda Folknerlə Azərbaycan oxucusunun arasındakı etimadı, inamı alt-üst edir: “Zəncilər ayın müəyyən günlərində buraya yığışır və mərasimlərinin bir hissəsini icra edir, qaranlıq düşəndən sonra mərasimlərinin bir hissəsini icra edir, qaranlıq düşəndən sonra çayın sahilinə - iri təbillərin saxlandığı yerə yollanırlar”. s 46. “O vaxtlar Duumun evinin kərpicdən bircə divarı vardı”. s 50. “O vaxtlar ev, qulların hördüyü bircə əyri-üyrü divardan ibarət idi”. s 52. “... enli burun pərlərini şişirdə - şişirdə qaranlıqda qaçırdı”. s 72. “... ağır -ağır, burun pərlərini şişirdə - şişirdə təngənəfəs qaçırdı ”. s 74. “Titrək burun pərlərini şişirdərək, ağır-ağır nəfəs alırdı”. s 74

“... adamlar furqon və arabalarda, atlı və piyada qızardılmış it əti, sekkotaj (1 sekkotaj – donuz əti və babadan (? – İ.M.) hazırlanmış yemək) və közdə bişirilmiş ət yemək, dəfn mərasimində iştirak etməkçün axışıb gəlirdilər”. s 58. Belə yemək növünü təsəvvür etmək mümkündürmü?

Diqqətli olun, əziz oxucular! Görün, bu ər – arvadın gecə söhbətindən bir şey başa düşəcəksinizmi? “O, özü təngnəfəs olduğundan, uzanmır, gecələri yarıoturmuş vəziyyətdə kresloda keçirirdi. Axşamlar arvadının çarpayıda uzandığına əmin olduqdan sonra o, uzun-uzadı qaranlıqda oturub, özünü yuxuluğa vurur, - o, gün ərzində cəmi üç-dörd saat yatırdı, gecənin bir aləmində arvadının necə oğrun-oğrun döşəksiz, qayışlardan yorğanın üstündə uzanmağına ləzzətlə tamaşa eləyirdi, - baxır və səssizcə gülürdü”. s 62. Kişi “yarıoturmuş vəziyyətdə” (necə olur bu? Yarıoturmuş? – İ. M.), qadın isə “oğrun-oğrun döşəksiz, qayışlardan yorğanın üstündə uzanaraq yatır”.

“Gözləri yumulu idi, kresloya yayılmış şişman bədənində sanki ağır bir yük süstlük asılıb, onu həyata qayıtmağa qoymurdu: o, elə dərin tərpənməzliyə qərq olmuşdu ki, heç bir əks-səda onun qalın qatını deşib keçə bilmirdi ”. s 65. Bu cümlələri üç- dörd dəfə oxuyandan sonra özümüz üçün belə bir tərcümə (tərcümədən tərcümə) variantı düzəltdik: bu şişman kişi kresloda elə dərin yuxuya gedib ki, heç bir səs ona təsir etmir.

“Onlar bu aydın, lakin əclaflıqla ləkələnmiş sübh çağı plantasiyaya çatanda, zəncinin gözləri at gözü kimi, azacıq çaş baxmağa başladı ”. s 84. Nə “gözəl” bənzətmə! Hansı sübh çağı? Əclaflıqla ləkələnmiş... Və yaxud: Q. Q. Markesin “İzabel Makondada Faulkner

Faulkner

yağışa baxır” hekayəsində oxuyuruq: “O, yanımda oturub, uzaq, tutqun bir dekabr səhərində ərim olduqdan sonra da dəyişməmiş soyuq və laqeyd səslə danışırdı”. s 175. Cümləyə sintaktik təhlil suallarıyla yanaşsaq qəribə vəziyyət yaranar: o yanımda oturub hansı səslə danışırdı? Uzaq, tutqun bir dekabr səhərində ərim olduqdan sonra da dəyişməmiş səslə. “Səs ilə ” adlı tamamlığın nə eybəcər təyini çıxdı ortaya...
“Havanın hərarəti nə çox yuxarı, nə çox aşağıydı, əsl qızdırma havasıydı. Ayağımız tərləyirdi. Bilmək olmurdu ki, dəri açıq qalanda pisdi, ya paltara toxunanda”. s 176

“Bu çarəsiz, cansıxıcı axşam yuxuda bir adamı görüb, ayıldıqdan sonra dodaqlarında duyduğun dad kimiydi, baş açmaq olmurdu ki, nə tamdı belə” s 177

Beləliklə, bütün hekayəni bura köçürmədən bir neçə ifadəyə də diqqət yetirək: “suvaşqanlı, durğun su” ( s 179), “Xəstə və erkən qaranlıq” (s 179), “nəm zülmət” (s 179), “evin titrək və çılğın sükutu” (s 183) və s.

Q. Q. Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsində də bu məntiqdə olan cümlələr var: “... arvadlar hələ də öz ucuz tutyalarında eşələnir, birini gətirib, o birini aparırdılar” s 204

Tərcüməçinin Azərbaycan dilini bilməməsi haqqında danışmaq ağır ittiham olardı. Ancaq Con Steynbekin “ Basqın ” hekayəsinin qəhrəmanları Rut və Dik lampaları yandırmaq istəyəndə belə bir söhbətin şahidi oluruq:

“ – Bəs, sən deyirdin ağzınacan doldurmusan? Bu isə bomboşdu.
- Mən elə bilirdim doludu. Eyb etməz. O birisində kerosin ağzınacandı. Oradakı nöyütdən boş lampalara da tökmək olar.
- Demək asandı. Bunun üçün əvvəlcə gərək ikisini də söndürək. Kibrit var?
Rut ciblərini eşələdi:
- Qalmayıb. İşlətmişəm.
- Yaxşı deyiblər: şamçıya ümid olan şamsız yatar” s 98.

Əvvəla, bir lampadan o biri lampaya nöyüt tökmə söhbətində “oradakı nöyütdən” ifadəsi, daha dəqiq desək , “oradakı” yerində işlədilməyən sözdür. “Oradakı” daha geniş və fərqli məkan anlayışı bildirir. Bəlkə də “ondakı nöyütdən” – daha uyarlı olardı. Ikincisi, bizim bildiyimiz “Qonşuya ümid olan şamsız yatar” məsələnin (şam - yemək mənasında) “şamçıya ümid olan şamsız yatar” şəklində işlədilməsi doğma dilin folklorundan, yazıçı və tərcüməçi yaradıcılığında mühüm leksik baza olan, məişət və bədii üslubu səciyyələndirən ifadə və anlayışlardan, aforizm, atalar sözləri və məsəllərdən, frazeoloji birləşmələrdən xəbərsizliyi göstərir. Elə folklor dilində desək; Steynbekin qoynuna diri ilanı salsan da “şamçıya ümid olan şamsız yatar” cümləsinə yiyə durmaz...

“Lampanın sönük işığında qırmızı-qara çöhrə qəzəblə onlara baxırdı”. s 100. Gözümüzü yumub “qırmızı-qara çöhrə” obrazını təsəvvürümüzdə canlandırmaq istədik, heç nə alınmadı...

A. Platonovun “ Üçüncü oğul ” hekayəsində oxuyuruq: “Az sonra otağın qapısı açıldı və oradan, gündüzlər geyindiyi kimi geyinmiş üçüncü oğul çıxdı ” s 118. Üçüncü oğulun portreti, xarici görünüşü belə gülünc (gündüzlər geyindiyi kimi geyinmiş oğul) şəkildə təsvir olunub – bu bir qüsur (orijinalda : “вскоре оттуда открылась дверь и вшел третий сын, одетый, как днем). Anasının tabutundan yapışanda başına gələnlərin təsvirində daha qəribə vəziyyət: “Üçüncü oğul birdən dikəldi, qaranlıqda əlini uzatdı, tabutun qırağından yapışdı, amma yenə müvazinətini saxlaya bilmədi, tabutu stolun üstüylə azca sürüdü, son anda tabut aşmasın deyə, əlini çəkdi və yerə yıxıldı. Başı taqqıltıyla, yad adam başı kimi, taxta kətilin qırağına dəydi, amma onun heç cınqırı da çıxmadı, yalnız balaca qızı zil səslə çığırdı ”. s 118 – 119.(orijinalda: “Третий сын вдруг выпрямился, протянул руку во тыме и схватился за край гроба, но не удержался за него, а только сволок его немного в стороно, по столу, и упал на пол. Голова его ударилась, как чужая, о доску пола но сын не произнес никакого звука – закричала только его дочь ”)

“Bir azdan üçüncü oğlu özünə gələndə, o biri qardaşlar artıq forma və paltarlarını geymişdilər, baxmayaraq ki, hələ gecə saat ikinin yarısı idi ”. s 119.

Yasunavi Kavabatanın “ Gölməçədə əks olunan ay” hekayəsində başa düşdüyümüz o oldu ki, əsərdə müəllifin əsas ideyası Kuko, onun birinci əri və köhnə güzgüsü – üçlüyü kontekstində əks olunur. Ancaq Kuko ilə birinci əri arasında anlaşılmaz işlər baş verir. Belə demək mümkünsə, bir dilbilməz vəziyyət yaranır. Kukonun əri yataq xəstəsidir, bu həyatdan bezib və ona görə də Kukonun ona verdiyi güzgünü silib təmizləyir və əziz bir əşya kimi yanında saxlayır. Tərcümədə xəstənin yataqdan qalxa bilməməsi “məcburi avaraçılıq”, “çiyrinmə” kimi təqdim edilir. Qaldı güzgü ilə bağlı anlaşılmazlıqlara, bu xəstə gah güzgünün aynasını cilalayır, gah çərçivəsini. Silib təmizləyir və cilalayır. (? – İ. M.) Diqqət edin: “lakin həmin vaxtdan əl güzgüsündən ayrılmayan və onu yastığının altında saxlayan əri məcburi avaraçılıqdan, ya çiyrəndiyindən, günlərin bir günü əl güzgüsünün təmirinə girişdi: dəstəyini, çərçivəsini səylə silib təmizlədi, aynasını cilalayıb parıldatdı... əri güzgünün çərçivəsini cilalayanda, vərdiş etdiyi üçün tez-tez əlini saçına çəkirdi və yağın hikmətindən çərçivə par-par parıldayırdı ”. s 133 - 134. Gördüyümüz kimi, cilalamaq sözünün bu prosesdə heç yeri yoxdur...

Anlaşılmaz və labirintli cümlələr xaosunda əsəbi gərginlik keçirən oxucu oxuduğu mətnlərin məzmunundan, mövzu və ideyasından bixəbər qalır. A. Platonovun “Dəmir qarı” hekayəsinin tərcümə müsibətlərindən bir neçə sitat: “Payız günəşinin kasad işığı qoca palıd ağacını sarı rəngə boyadı və yaşamaq maraqsız oldu. Yeqor darıxdı – evə getmək, şam eləmək və qaranlıqda yatmaq vaxtı çatmışdı ”. s 121. “Acından saralıb-solmuş quru yarpağın üstünə dırmaşırdı”. s 122. “Axşam düşmüşdü; daxmalarda işıq yanırdı, adamlar zəmilərdən qayıtmışdılar ki, bir yerdə, əlbir yaşasınlar, çünki hər yan qaranlıq idi.
Evdə anası Yeqora yemək verdi və sonra buyurdu ki, uzanıb yatsın”. s 123. “Kim bilir, ay bala. Sən yat, - anası onun üstünü basdırıqladı”. s 125. “Görəsən mən kiməm , - Yeqor fikirləşdi və tapa bilmədi. – Yəqin mən də nəyəmsə. Ola bilməz ki, heç nə olmayasan!”. s 125

“Uzananlardan (uzananların kimliyi haqqında nə əvvəlki, nə də sonrakı abzaslarda məlumat əldə edə bilmirik – İ. M. ) kimsə dərindən köks ötürdü, sonra zarıdı və susdu” s 126. “İstədi bir az mürgüləsin, - gün ərzində yaşamaq və yeriməkdən qorulmuşdu”. s 127. (yəqin ki, yorulmuşdu... Yaşamaq və yeriməkdən yorulmaq! -İ. M.)

“Qəfildən, bütün ölmüş adamların təəssüf ahı kimi, qəmgin bir səs eşidildi. Yeqor yuxuda bu tükürpədən iniltini eşidib, dərhal gözlərini açdı. Onun başı üzərində hər bir an var olmağa və yox olmağa müntəzir çox yekə, qapqara insan vücudu dayanmışdı ”. s 128. “Ölmüş adamların təəssüf ahı”, “hər bir an var olmağa və yox olmağa müntəzir” təyinlərinin məntiqsizliyi həm çatdırılacaq fikri, həm də cümlənin strukturunu alt-üst edir. Biz cəsarət etmirik, deyək ki, tərcüməçi Azərbaycan dilini bilmir və bu dildə danışmır. Ancaq aşağıdakı cümlələr bizdən qətiyyətlidir, bu fikri sübut edir: “ – sən öləndə, mən deyəcəyəm kiməm, - qarının səsi cavab verdi ”. s 128. “Qarı Yeqorun üzərinə əyildi və üzünü ona yaxınlaşdırmağa başladı”. s 129. “ Böcək heç nə cavab vermədi”. s 121. “Amma həyətdə gecə idi; az əvvəl başlamış bu gecə hələ uzun sürəcəkdi”. s 123. “ – Bu gün cümə axşamıdı, qızım, dedi, - Vur – tut cümə axşamıdı ”. s 182.

Tərcüməçinin növbəti qurbanlarından biri də Knut Hamsundur. “ Cənub ulduzu”nun kapitanı – Reyyersen” hekayəsindən: “Hə, Reyersen doğrudan da, canlara dəyən oğlan idi və yerli cavanlar onun hörmətini saxlayır, bir sözünü iki eləmir, üstünlüyünə qaralanmırdılar. Qaralananlar da xəlvətdə dərd çəkir, paxıllıqlarını içərinə salır, açıb – ağartmırdılar ”. s 153

Ardi var...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG