Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Quba hadisələrinə görə saxlananların həbs müddəti uzadılıb


Quba, 1 mart 2012

Quba, 1 mart 2012

-
Quba rayon Ağsaqqallar Şurası sədrinin müavini Gülağa Ağayev həbs edilib. Mediada yayılmış xəbərlərə görə, o, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun rayonda keçirdiyi müşavirədəki çıxışından videonu hazırlatmaqda və yaymaqda ittiham edilir.

«5-10 GÜNDÜR TUTUBLAR»

Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli AzadlıqRadiosuna müavininin bir neçə gündür həbs edildiyini təsdiqlədi. Ancaq onun hansı səbəblərə görə həbs olunması haqqında hər hansı məlumat verə bilməyəcəyini dedi:

«5-10 gündür tutublar. Bir elə onu eşitdim ki, tutublar. Ancaq səbəbini bilmirəm. Heç kimə də müraciət etməmişəm. Bu da elə bir işdir ki, kimə müraciət edəsən? Bilmək olmur o hadisələrə görədir, yoxsa başqa işə görə. Məncə, onun Quba hadisələrində əlaqəsi olmamalıdır. Tutulmağının səbəbini bilmirəm, ancaq o, həmin iclasda iştirak etməyib. Müavinim olsa da, bir söz deyə bilmərəm. Çünki elə bir işdir ki, bununla maraqlanmaq mümkün deyil».

Respublika Ağsaqqallar Şurasından da Gülağa Ağayevin həbsi ilə bağlı hər hansı məlumat verə bilməyəcəklərini dedilər.

ZAUR QULİYEVİN İSTİNTAQ MÜDDƏTİ DAHA 2 AY UZADILIB

Qubanın «Xəyal» televiziyasının baş redaktoru Zaur Quliyevin atası Musafəddin Quliyev isə deyir ki, oğlunun istintaq müddəti daha 2 ay uzadılıb:

«İyulun 11-də oğlumun həbs müddətini daha 2 ay uzatdılar. Hər həftə gedib yemək verib gəlirəm. Başqa heç bir məlumatım yoxdur».

«Xəyal TV»

«Xəyal TV»

Zaur Quliyev və «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov martın 1-də Quba olaylarının təşkilinə görə həbs olunublar. Onlar ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur. Həbsindən bir müddət sonra Zaur Quliyev mediaya göndərdiyi məktubda ibtidai araşdırma zamanı ona işgəncə verildiyini yazırdı. Baş Prokurorluq isə bu məlumatların əsassız və həqiqətəuyğun olmadığını bildirmişdi.

BU AYIN SONUNA MƏHKƏMƏ OLMALIDIR

Quba hadisələrinə görə saxlanmış Alxas Daniyalovun vəkili Rəfiqə Seyidova isə deyir ki, bu ayın sonuna ittiham olunanların məhkəməsinin keçirilməsi planlaşdırılır. Vəkili deyir ki, Alxas Daniyalovun da həbs müddəti 1 ay uzadılıb:

«Həbs müddətləri 1 ay uzadılıb. Yəqin ki, 1 ay müddətində istintaq yekunlaşacaq. İş məhkəməyə göndəriləcək».

Vəkil saxlananların məhkəməsinin qrup şəklində, ya ayrı-ayrı keçiriləcəyi haqqında məlumatının olmadığını bildirdi.

PROKURORLUQDAN AÇIQLAMA OLACAQ
Baş Prokurorluq

Baş Prokurorluq


Yeni həbs olunanlara və istintaqın gedişinə gəldikdə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, bununla bağlı yaxın günlərdə məlumat veriləcək:

«İstintaqın gedişi ilə bağlı geniş açıqlamamız olacaq».

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik sayıblar. Hadisələrdən bir neçə gün əvvəl isə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının videosu yayılmışdı.

Martın 2-də Rauf Həbibov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. 30-dan çox adam istintaqa cəlb olunub. Onlardan bəziləri haqqında həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG