Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:10

Baş redaktor icra başçısının çıxışını montaj etməkdə günahlandırılır


Quba, 1 Mart 2012
Quba, 1 Mart 2012
«Qubanın sabiq icra başçısı Rauf Həbibovun çıxışı montaj olunmayıb».

Bu fikirlər icra başçısının keçirdiyi iclasda iştirak edən, amma adının çəkilməsini istəməyən Quba sakinə məxsusdur.

Vəkil Səfər Hüseynov deyir ki, «Xəyal» televiziyasının həbs edilən baş redaktoru Zaur Quliyev icra başçısının çıxışını montaj etməkdə ittiham olunur:

«Guya o, icra başçısının nitqini montaj edib, söyüşlər ardıcıl qabardılıb. İttiham bu cürdür. Mən bilmirəm elə olub, ya olmayıb. Amma Zaur Quliyev mənə deyib ki, o, həmin iclasa operator göndərib, amma qalan məsələləri o bilmir. Deyir, montaj olubsa da və onu kimsə eləyibsə də, ondan xəbərim yoxdur».

Martın 13-də «Xəyal» televiziyasının 3 əməkdaşı saxlanılıb. Onlardan biri, televiziyanın reklam meneceri Zaur Mustafayev martın 23-də sərbəst buraxılıb.

Televiziyanın icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev isə hələ həbsdədir.

İndiyədək Quba hadisələri ilə əlaqədar saxlananlardan 10 nəfərin adı məlumdur.

«XƏYAL» TV-NİN ƏMƏKDAŞI AZAD OLUNDU

«Xəyal» televiziyasının reklam meneceri Zaur Mustafayev martın 23-də azadlığa buraxılıb.

Bu haqda AzadlıqRadiosuna o, özü deyib. Amma Zaur Mustafayev niyə saxlanması haqda sualı cavabsız buraxıb:

«Mən heç nə deyə bilmərəm. Mənə zəng etməyin».

«Xəyal» televiziyasının martın 13-də saxlanılan digər iki əməkdaşı isə hələ də həbsdədir. Onlardan biri televiziyanın icraçı direktoru Vüqar Qonaqov, digəri isə – baş redaktor Zaur Quliyevdir. Zaur Quliyev haqqında Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (vəzifə səlahiyyətlərini aşmaq) maddələri ilə cinayət işi açılıb.

Bunu AzadlıqRadiosuna baş redaktorun vəkili Səfər Hüseynov deyib:

«Zaur iğtişaşlarda iştirak etmədiyini deyir. Amma bildirir ki, icra hakimiyyətinin iclasına reportyor göndəriblər, o da icra başçısının çıxışını çəkib gətirib.(2011-ci il noyabrın 22-də Quba rayon İcra Hakimiyyətində ilin yekunlarına dair müşavirədə etdiyi həmin çıxış martın 1-də rayonda etiraz aksiyasına səbəb olub - M.Ç.). Onu da deyir ki, direktor nə deyib onu etmişik».

Vəkilin dediyinə görə, istintaq Qubanın sabiq icra başçısı Rauf Həbibovun rayonda narazılığa və onun istefasına səbəb olan çıxışının montajı ilə maraqlanır:

«Dediklərinə görə, icra başçısının dedikləri nitqdə var, amma bir o qədər nəzərə çarpmır. Amma onu montaj edib, söyüşləri ardıcıl veriblər, bununla da fikirlər qabarır. Sonra da internetdə yerləşdiriblər. Ona görə bunları çığırıblar ki, bunu kim montaj edib?».

Foto: Arxiv
Foto: Arxiv
Vəkil «Xəyal» televiziyasının əməkdaşının Qubadan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığını, daha sonra barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildiyini deyir.

Televiziya əməkdaşına qarşı irəli sürülən ittihamlar təsdiqlənsə, ona 3 ildən ilə 7 ilə qədər həbs cəzası verilə bilər.

ATA HƏBSDƏKİ OĞLUNUN SƏHHƏTİNDƏN NARAHATDIR

Zaur Quliyevin atası Musafəddin Quliyev isə oğlunun səhhəti ilə bağlı narahatlıq keçirir. Deyir oğlunun gündəlik qəbul etdiyi dərmanları da götürüb Bakıya gəlsə də, onu heç yerdə tapa bilməyib:

«Bir ildən çoxdur ki, mədə-bağırsaq xəstəlikləri var onda, bununla bağlı sifətində də xeyli qızartılar yaranıb. Heç olmasa, onun dərmanlarını qəbul edəydilər, o, müalicə ala biləydi».

«XƏYAL» TELEVİZİYASININ İCRAÇI DİREKTORU HARADADIR?

Televiziyanın icraçı direktoru Vüqar Qonaqov barəsində də ətraflı məlumat öyrənə bilmədik. Yaxınları onun saxlandığını təsdiqləsələr də, harada olmasından xəbərsiz olduqlarını deyirlər.

QUBADAKI SONUNCU HƏBSLƏR

Quba hadisələri ilə əlaqədar sonuncu həbs edilənlər şəhər bələdiyyəsinin sədri Elxan Əliyev və bələdiyyə üzvü Dəstəbəy Tərlanovdur. Dəstəbəy Tərlanovun oğlu Zaur Tərlanov AzadlıqRadiosuna atasının martın 17-də həbs edildiyini təsdiqləyib. Amma deyir indiyə qədər onun harada saxlanmasından xəbərsizdirlər:

Quba - 1 mart 2012
Quba - 1 mart 2012
«Martın 17-də atamın mobil telefonuna zəng vurdum, zəng çatmadı. Elə o gündən də atamdan da xəbərsizik. Daxili İşlər Nazirliyinin «102» qaynar xətt sorğu xidmətinə zəng elədim. Quba polisinə zəng etdim, dedilər 1 mart hadisələri ilə bağlıdır, başqa heç bir məlumatımız yoxdur».

QUBA POLİSİ: SAXLANANLARLA BİZ YOX, BAKI MƏŞĞULDUR

Quba rayon polis şöbəsində isə həbslərin polis tərəfindən aparılmasını təkzib edirlər:

«Bizə dəvət olunub, izahat alınıb buraxılıblar. Saxlananlarla Bakı məşğuldur».

İndiyədək Quba hadisələri ilə əlaqədar saxlananlardan 10 nəfərin adı məlumdur.

Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci ilin noyabrında ilin yekunlarına dair hesabat müşavirəsində dediyi fikirlər yerli sakinlərin etirazına səbəb olub. Sakinlər sabiq icra başçısının öz çıxışında qubalıları təhqir etdiyini bildiriblər. Martın 1-də rayon icra hakimiyyəti qarşısında başlayan dinc aksiya sonda icra başçısının evinin yandırılması ilə sona çatıb.

Quba hadisələri ilə bağlı cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Prokurorluq isə bu həbslərlə bağlı indiyədək heç bir açıqlama verməyib.
XS
SM
MD
LG