Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:26

İlham Şaban: «Trans-Anadolu» yeni, etibarlı infrastrukturdur


İlham Şaban
İlham Şaban
İyunun 26-da İstanbulda Azərbaycan qazını Avropaya çıxara biləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) üzrə hökumətlərarası müqavilə imzalanıb. Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan bildirib ki, 7 milyard dollarlıq bu layihə 5 ilə tamamlanacaq. O deyib ki, TANAP təkcə «Şahdəniz»dən deyil, Xəzərin Azərbaycan sektorundakı başqa yataqlardan və Türkmənistandan qaz ixrac etməyə imkan yaradacaq.

Bu layihənin əhəmiyyəti barədə enerji məsələləri üzrə ekspert İlham Şabanla müsahibəni təqdim edirik.

- Bu kəmər haqqında ilk dəfə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev 2011-ci ilin oktyabrında açıqlama vermişdi. O qeyd etmişdi ki, Azərbaycan tərəfi Türkiyə ərazisində tamamilə yeni bir infrastrukturun yaradılması təklifi ilə çıxış edir. Noyabr ayında isə artıq İstanbulda Qara dəniz enerji konfransında bu layihənin – Trans-Anadolu Qaz Kəmərinin adı açıqlandı. Artıq dekabrda isə tərəflər arasında bütün bu məsələləri, hətta bu infrastrukturu tikəcək və idarə edəcək konsorsiumda ARDNŞ-in 80 faiz, Türkiyə şirkətlərinin isə 20 faiz pay bölgüsünə malik olduğunu özündə əks etdirən memorandum imzalandı. Aparılan danışıqlar əsasında bu ilin iyun ayının əvvəlinə artıq imzalanacaq sənədlər hazır idi.

– İlham bəy, «Nabucco» layihəsi ideyası 2002-ci ildə verilib. Aradan 10 il keçdiyi halda hələ də kommersiya səviyyəsinə yüksəlməyib. Amma Trans-Anadolu Qaz Kəmərinin 7 ay ərzində ideyası da səsləndi, sazişi də imzalandı.

– Əlbəttə. Xəzər qazına tuşlanmış digər layihələr də var ki, 5-7 ildir memorandumları imzalanıb, amma kommersiya səviyyəsinə yüksəlməyiblər. Bu ideyanın belə sürətlə inkişafında ən əsas məsələ odur ki, burada qaz resursları var. Onun tranzit nəqlinə dair saziş artıq imzalanır. Üçüncüsü, bəllidir ki, bu qazın Avropada alıcıları var və tezliklə kommersiya müqaviləsi imzalanacaq. Dördüncüsü isə, bu kəmərin maliyyə məsələləri ilə bağlı problemi faktiki olaraq həll edilib. Azərbaycan Dövlət Neft Fondu da burada donorlardan biri olaraq çıxış edəcək. Yəni, ortada bunu əngəlləyəcək elə bir problem yoxdur. Burada əsas məsələ «Şahdəniz 2» layihəsinin hasilat cədvəlinə uyğun başa çatdırılmasıdır ki, bu da 2017-ci ilin dördüncü rübünə təsadüf edir.

– İlham bəy, 5 il müddətinə layihənin gerçəkləşəcəyi deyilir. İlkin olaraq keçiriciliyi 16 milyard kubmetr olan boru kəmərinin gücünün sonradan 50 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Varmı bu imkan?

– 50 milyard kubmetr uzaq perspektivdə ola bilər. Orta perspektiv isə 2030-cu ilədək olan dövr üçündür. Azərbaycanın mövcud və perspektiv yataqlarından 2025-30-cu illərdə bu kəmər 32 milyard kubmetr qazın nəqli üçün tam hazır olmalıdır.

– Bu kəmər Xəzərin o tayından, Orta Asiyadan da qaz ala bilsə, sonradan «Nabucco»nun missiyasını da yerinə yetirə bilərmi?

Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilənin imzalanması, İstanbul, 26 iyun 2012
Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilənin imzalanması, İstanbul, 26 iyun 2012
–Azərbaycan bu infrastruktura böyük vəsait xərcləyir və onun qaz imkanlarının 50 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılırsa, artıq hansısa üçüncü ölkənin qazını dünya bazarına çıxartmağa yer qalmır.

– Amma dediniz 50 milyard hələ uzaq perspektivdədir.

– Artıq bu ilin sonuna - gələn ilin əvvəlinə «Azəri-Çıraq-Günəşli»nin dərin qatlarındakı təbii qaz laylarının işlənməsi ilə bağlı hasilatın pay bölgüsünə dair saziş imzalanacaq. Bunun işlənməsi artıq uzaq perspektiv deyil və 2019-cu ilədək reallaşa bilər. Digər imkanlar da var. Bunları nəzərə alanda görürük ki, 2022-ci ildə bu boru kəməri ilə qaz ixracatı iki dəfə artmalıdır. Söhbət Türkmənistan qazının Avropaya daşınmasından gedirsə, «Nabucco» da var və onun arxasında dayanan Avropa Birliyi də. Bu layihəni hələ heç kim gündəmdən çıxartmayıb. Ona görə də «Trans-Anadolu»nu yaxın 40 ildə hansısa kəmərə calamağın perspektivi yoxdur. Avropa buyurub gerçəkləşdirsin «Trans-Xəzər»i.

– Hər halda, Trans-Anadolu Qaz Kəməri «Nabucco»nun gerçəkləşmə ehtimalını bir az da azaltmır ki?

– Təbii ki, kapital dövründə, bazar iqtisadiyyatı dövründə kim bazarın konyukturuna uyğun şərtlərdən çıxış edirsə, o da birinci olur. Daim gündəmdə olmaq olar. Amma əsas məsələnin gerçəkləşməsidir.

– Kəmərin tikintisində 7 milyard dollar vəsait xərclənəcəyi bildirilir. Kimin nə qədər vəsait ödəməsi bölgüsü necə aparılır?

– Bölgü şirkətlərin layihədəki payına görə aparılır. Amma indiyədək verilən açıqlamalardan belə anlaşılır ki, bu xərclərin yarısı ARDNŞ-in payına düşəcək.

– 2008-ci ildə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Azərbaycanın neft və qazını dünya bazarlarına daşıyan 7 kəmərin olduğunu və bunların hamısının fəaliyyət göstərdiyini deyib. Həmin kəmərlərdən 4-ü qaz boru xəttidir. Bunun müqabilində hətta bəyanatlar, açıqlamalar olsa belə, növbəti kəmərin tikintisi nə dərəcədə gözlənilən idi?
Qaz kəmərinin inşası
Qaz kəmərinin inşası

– Gözlənilən idi. Çünki onlar sovet dövründən qalma və regional xarakterli kəmərlər idi. Azərbaycanın qarşıdakı yarım əsrdə qaz ixrac edəcəyi əsas istiqamət Türkiyə üzərindən Qərbdir. Öz regionumuzda ciddi qaz alıcımız yoxdur. Çünki Xəzəryanı dövlətlərin hamısı qaz hasilatı ilə məşğuldur.

– Demək, bu işi də Trans-Anadolu Qaz Kəməri yerinə yetirəcək?

– Bəli. Trans-Anadolu Qaz Kəməri bu baxımdan həm Azərbaycan, həm də qaz alıcıları üçün yeni, etibarlı infrastrukturdur.

– Onda belə demək olarmı ki, bəyan edilən 4 qaz kəməri heç də güvəniləsi infrastruktur olmayıb, bu sadəcə bəyanat imiş?

– Bəli. Təbii. Bu, hazırda Azərbaycanın şaxələnmiş ixrac sisteminə malik olduğunu nümayiş etdirmək idi. Həqiqətən də digər ölkələrdən fərqli olaraq, bizim belə şaxələnmiş ixrac sistemimizin olması Azərbaycana çoxlu dividentlər gətirdi. O cümlədən də xarici şirkətlərlə danışıqlarda. Yəni, bəyan edilirdi ki, Azərbaycan yalnız bir istiqamətə bağlı olaraq qalmır və istənilən halda müxtəlif qərarlar qəbul etmək imkanına malikdir.

– Demək, bu sistem həm də Trans-Anadolu Qaz Kəmərinə dair sazişin imzalanmasında da sözünü deyib?

– Təbii ki. Hesab edirəm ki, bu kəmər 2013-cü ildə Türkiyənin Avropa hissəsində qalmayıb ordan da bir neçə istiqamətə yönələcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG