Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:22
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov barəsində cinayət işi açılıb. Artıq məsələ ilə bağlı 2 nəfər şahid qismində polisə dəvət olunaraq ifadələri də alınıb. Mehman Hüseynov polisə müqavimət göstərməkdə və polis əməkdaşlarını təhqir etməkdə şübhəli bilinir.

SÖYÜŞƏ GÖRƏ PROBLEM OLMAZ, ƏGƏR...

RATİ-nin rəhbəri Emin Hüseynov deyir ki, hələ bilmək olmaz reportyor polisi ya polis reportyoru təhqir edib. Təşkilat hazırda bunu araşdırır:

«Amma Azərbaycan polisinin nəinki adi vətəndaşlara, eləcə də jurnalistlərə qarşı davranışı əksər hallarda elə həddə çatır ki, hətta ən təmkinli adam belə bu cür rəftara emosional reaksiya verməkdən özünü saxlaya bilmir. Xüsusilə son illər polis hətta qadınları, qızları da heç bir normaya sığmayan söyüşlərlə təhqir edir».

Bununla belə, Emin Hüseynov düşünür ki, Azərbaycanda söyüş söydüyünə görə kimisə həbs etmirlər:

«Azərbaycanda yuxarılardan əmr gəlməsə, söyüşə görə heç bir problem olmayacaq. Belə şey olubsa, biz – həmkarları Mehmanı bu cür vəziyyətlərdə təmkinli olmadığı üçün qınaya bilərik. Polisin buna heç bir mənəvi haqqı yoxdur. Ümumiyyətlə, Azərbaycan xalqına ən çox söyüş söyən elə polis və bu hökumətdir. Yuxarıdan tutmuş icra başçılarınadək hamısı xalqı söyürlər. Əslinə qalsa, birinci onlar həbsə atılmalıdır».

«EUROVISION»DAN SONRAKI HAQQ-HESAB?
Emin Hüseynov

Emin Hüseynov


RATİ rəhbəri hesab edir ki, baş verənlər Mehman Hüseynovun peşə fəaliyyətinə görə təşkilata edilən basqıdır.

Mayın 21-də İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirib. Mehman Hüseynovun polisi məhz həmin aksiyada söyərək təhqir etdiyi bildirilir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov həmin ərəfələrdə «Yeni Müsavat» qəzetinə müsahibəsində demişdi ki, hakimiyyət «Eurovision»dan sonra da heç kimlə haqq-hesab çəkməyəcək.

Amma Emin Hüseynov və bəzi ekspertlər hesab edirlər ki, bu elə həmin o haqqında danışılan basqıların bir təzahürüdür.

«MƏSƏLƏNİ SİYASİLƏŞDİRMƏYƏ LÜZUM YOXDUR»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edərkən Mehman Hüseynov qanuni vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı müqavimət göstərib:

«O, ictimai qaydanı kobud surətdə pozaraq, eləcə də cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, onların ünvanına nalayiq ifadələr işlədib, xuliqanlıq hərəkətlərinə yol verib. Faktla əlaqədar Mehman Hüseynov barəsində Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılıb. Orxan Mansurzadə

Orxan Mansurzadə

Cinayət işlə əlaqədar bir neçə şəxs artıq şahid qismində polisə dəvət edilərək dindirilib, ifadə veriblər».

Orxan Mansurzadə əlavə edir ki, sosial şəbəkələrdə yayılan videoçarxlarda da Mehman Hüseynovun polis əməkdaşlarına qarşı müqavimət göstərdiyi, onların ünvanına nalayiq ifadələr işlətdiyi aydın görünür.

Orxan Mansurzadə bildirir ki, cinayət işinin açılması, hadisənin şahidi olan şəxslərin istintaqa dəvət olunaraq ifadələrinin alınması RATİ-yə və ya hər hansı şəxslərə qarşı təzyiq deyil. İstintaqın qaydaları bunu tələb edir. Ona görə də, məsələni siyasiləşdirməyə lüzum yoxdur. Ortada fakt var və fakt üzrə istintaq aparılır.

POLİSİN MÜDAXİLƏSİ ADEKVAT REAKSİYA YARADIR

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli deyir ki, ümumiyyətlə, kimsənin təhqir edilməsi yolverilməzdir. Söhbət konkret olaraq polisdən gedirsə, ilk növbədə onlar istənilən tədbirdə «Polis haqqında» qanunun 5-ci maddəsi-yəni polisin insan hüquq və azadlıqlarına hörmətlə yanaşma vəzifəsi çərçivəsində hərəkət etməlidirlər. Heç bir təhqirə yol verməməlidir. İstənilən vətəndaş da, polis öz vəzifəsini yerinə yetirirsə, o çərçivədə ona mümkün qədər hörmətlə yanaşmalıdır. Çünki polis hadisə yerində bir fərd kimi yox, dövlət qurumu olaraq iştirak edir.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Ələsgər Məmmədli təəssüflə qeyd edir ki, bu baxımdan, Azərbaycanda zaman-zaman problemlər olur. İctimai tədbirlərdə, kütləvi aksiyalarda xüsusən polislər aqressiv davranırlar:

«Təbii ki, bu uzunmüddətli davranışlar faktiki olaraq insanlarda adekvat münasibət formalaşdırır. Hər halda, istənilən hadisəni öz kontekstində qiymətləndirmək lazımdır. O an üçün ola bilsin oradakı vəziyyət elə məqam yaradıb ki, insanlar qarşılıqlı olaraq qanunun müəyyən etdiyi sərhədləri keçiblər. Bunu kənardan qiymətləndirmək çətindir. Amma hər halda Azərbaycanda bu kimi hallara hər iki tərəfdən səbəb verən çoxlu müdaxilələr olur. Xüsusən də polisin müdaxilələri heç də hər zaman qanunda göstərilən çərçivədə olmur. Daha kobud olur və buna adekvat reaksiyalar verilir».

Ələsgər Məmmədli deyir ki, konkret bu hadisədə də nə baş verdiyini müəyyənləşdirmək üçün ilk növbədə tərəflərin hansı vəziyyətdə olduğunu bilmək lazımdır. Bunun özünümüdafiə, yoxsa bir hücum olduğunu qiymətləndirə biləcək bir tərəzi, obyektiv hakim olmalıdır. Ələsgər Məmmədliyə görə, bu imkan olsa, o zaman həqiqəti sübut etmək mümkündür:

«Amma hazırda Azərbaycan jurnalistin narkotik daşımağa görə həbs edildiyi, reallıqda isə həbsxanaya düşməsinə tənqidi yazılarının səbəb olduğu bir ölkədir».

Şərhləri göstər

XS
SM
MD
LG