Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:52

İP Bakıda piket keçirib [Video]


İctimai Palatanın mayın 21-də keçirdiyi aksiya zamanı həbs olunanların hamısı Qobustan qəsəbəsində sərbəst buraxılıb.

Bu haqda AzadlıqRadiosuna İctimai Palatanın katibi Gülağa Aslanlı məlumat verib.

G.Aslanlı deyir ki, mayın 25-də İctimai Palata Milli Parkda dinc gəzinti aksiya keçirəcək. Gəzinti zamanı heç bir şüar səsləndirilməyəcək, plakat qaldırılmayacaq.

40-DAN ÇOX ADAM SAXLANILIB

İctimai Palatanın mayın 21-də keçirilən aksiyasında 40-dan çox adam saxlanılıb. Onlardan bəziləri yolda buraxılıb. Səbail rayon Polis İdarəsinə isə 39 nəfər aparılıb. Onlardan 8 qadını buraxandan sonra 16 və 15 nəfərdən ibarət iki qrupu ayrı-ayrı avtobuslara doldurublar. 15 nəfərlik qrupu Qobustan qəsəbəsində avtobusdan düşürüblər. Digər qrupun harada olması haqqında məlumatımız yoxdur».

Bu haqda AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Aksiyada saxlananlardan biri - AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna bildirib ki, onu Səbayel rayon Polis İdarəsində döyüblər:

«Səbail rayon Polis İdarəsində 30-dan çox adam idik. Burda məni döydülər. Sonra bizi iki qrupa böldülər. Yolda yenə polislərlə mübahisəmiz oldu və avtobusda mənə ikinci dəfə zərbələr endirildi. Mən olduğum qrupu Qobustandan düşürdülər».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şəbə rəisi Orxan Mənsurzadə AzadlıqRadiosuna bildirib ki, Əbülfəz Qurbanlının polis idarəsində döyülməsi və aksiyaçıların Qobustana aparılması yalandır. Orxan Mənsurzadə saxlananların sayı və onların sonrakı aqibəti haqqında hər hansı məlumatı olmadığını bildirdi.

Səbail rayon Polis İdarəsindən isə aksiyada neçə nəfərin saxlanması haqqında onlarda məlumat olmadığını bildirdilər. Bir onu dedilər ki, «hazırda idarədə saxlananlardan heç kim yoxdur».

AKSİYAÇILAR NİZAMİ KÜÇƏSİNDƏ BİR NEÇƏ DÖVRƏ VURDULAR

Mayın 21-də İctimai Palataya daxil olan müxalifət partiyalarının fəalları Bakının mərkəzində etiraz aksiyası keçirdi. Onlar «Azadlıq!», «İstefa!», «Korrupsiyaya yox!» şüarları səsləndirirdilər.

Əvvəlcə aksiyaçılar Nizami küçəsində bir neçə dəfə dövrə vurdular. Həmin vaxt ərazidə polis olsa da aksiyaya müdaxilə etmədi. Bundan sonra aksiyaçılar Sabir bağı istiqamətində yürüş etdilər. Burada yürüşçülərlə polis arasında toqquşma baş verdi. Bir neçə nəfər saxlanıldı.

Aksiyaçılar Sabir bağından üzüaşağı Natəvanın heykəlinə tərəf yollananda əraziyə Çevik Polis Alayının əməkdaşları gətirildi. Aksiyaçılar «İstefa», «Azadlıq» şüarları səsləndirə-səsləndirə Bulvara tərəf istiqamət götürəndə polis onların qarşısını kəsdi.

Əvvəlcə polis səsgücləndiricilərlə ərazini boşaltmağı tələb etdi. Zərifə Əliyeva küçəsində isə aksiyaçılarla polis arasında qarşıdurma baş verdi. Polis 5 nəfəri saxladı.

Aksiyaçılardan biri – Natəvan Səlimzadəni polis sürüyə-sürüyə polis maşınına apardı. Polis saxladığı bir neçə aksiyaçını isə üzərində «Light your fire» şüarı yazılmış taksiyə oturdub apardı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, yaxın saatlarda saxlananlar haqqında məlumat veriləcək.

MÜXALİFƏT FƏALLARININ NÖVBƏTİ PİKET CƏHDİ

Mayın 21-də müxalifət fəalları Bakıda növbəti piket keçirməyə cəhd edir.

Müxalifət partiyaları və ictimai fəalların birləşdikləri İctimai Palata piketi sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına etiraz olaraq keçirir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, etirazçılar təxminən 10 dəqiqə ərzində Nizami küçəsində toplaşa və «İstefa», «Demokratiya», «Korrupsiyaya yox» şüarları səsləndirə biliblər. Polis səsgücləndiricilər vasitəsilə aksiyaçıları dağılışmağa, ictimai
asayişi pozmamağa çağırıb, şəhərdə «çoxlu qonaqlar olduğunu» xatırladıb. Bu həftə Bakıda «Eurovision-2012» mahnı müsabiqəsi keçirilir.

Hazırda həmin küçədə polis kordonu yaradılıb.

Aksiyaçılar İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə həbs olunanların və digər fəalların azadlığa buraxılmasını tələb edirlər.

Ötən bazar ertəsi - mayın 14-də də İctimai Palata Bakı şəhər İcra Hakimiyyəti binası qarşısında piket keçirməyə cəhd etmişdi.

İP mayın 19-da mitinq, 21-də isə piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti isə müraciətin gec olunduğunu əsas gətirərək aksiyalara icazə verməmişdi.

İP həmçinin mayın 24-də İctimai Televiziya qarşısında piket keçirmək üçün müraciət edib. Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, həmin gün müsabiqənin yarımfinal konserti keçiriləcəyindən İTV-nin qarşısında hər hansı aksiyanın keçirilməsi beynəlxalq tədbirin pozulmasına yönəlmiş əngəl kimi qiymətləndirilə bilər.

İP isə hər iki aksiyanı keçirəcəyini bildirib.

Müxalifətin ötən il keçirdiyi etiraz aksiyalarında həbs olunmuş 10-dan çox fəal hazırda həbsdədir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bütün fəalların buraxılmasını tələb edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG