Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:56
"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin ilkin seçim mərhələsində münsiflərin fərqləndirdiyi, amma 20-liyə keçməyə balı çatmamış müəlliflərin əsərlərinə "Oxu zalı"nda yer ayırmaqda davam edirik.


Xatirə Nurgül


PLATONİK

Üzümə-gözümə toxunur
avtobusların səsi
qatarların hay-küyü.
Hamı həmişə hazırdır
Mənsə köməyə
ən uzaqdakıları səsləyirəm
ən geridəkiləri

Bir telefon zənginə
bir qapı tıqqıltısına həsrət keçir saatlar
barmaqlarım
pianonun bəyaz dillərində çalır bəstələri
saxta notlarla
Ümidsiz nə varsa onu arayıram hələ də

Dedim axı
sən də sevmə məni
Mən mənim olmayanları sevirəm nədənsə
əlim yetməyənləri.
Bir gün itirməkdən qorxuram bəlkə də
bəlkə də..


RİYAZİ ZAMANLAR

Zaman sükutla yürüyür üstümüzə,
yeriyir üstümüzdən.
Payız ağacların sükutuyla başlayır
hər dəfə
Sükutların cəmi payıza bərabərdir çünki...

İçimdə həbs olunmuş xanıma
yazığım gəlir.
Ağlamaqdan kor olmuş gözləri
varlığın yeganə rənginin
qara olduğunu sanır.
Yanılmış da sayılmaz əslində ,
rənglərin cəmi
qaraya bərabərdir çünki.

Hərdən yağış arzulayıram havaya ,
dünyaya.
Yağış xəbərdi,
ya da xəbərin toplu halı.
Elə öləcəyim günə də
yağış arzulayıram.
Yağışla dirilməyə ümidim çoxdu yaman.
Çünki yağışların cəmi
həyata bərabərdir...
həyata bərabərdir...
hə-ya-ta-bə-ra-bər-dir...


TƏSƏLLİ

Sözlər darıxmamaq üçündür ,
səslər darıxmamaq üçün..
Filmlər,
fikirlər,
şəkillər...
daha nələr,
daha kimlər...
Hər şey darıxmamaq üçündür
hər kəs darıxmamaq üçün...

Hərdən də sonuncu ağacı kəsər adam,
sonuncu pəncərəni qırar .
Dənizləri qurudub
gəmiləri qaytarar darıxmaqdan...

Hərdən də daşa dönər adam...
darıxdığındın götürüb adını yazar
daş üstünə bir yolçu
“ İ M Z A S I Z ”
Heç kim olmamaq da
darıxmaq qədər acı...

Günün bütün mövzuları

XS
SM
MD
LG