Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37
Prezident İlham Əliyevin iştirak etdiyi təbdirlər, rayonlara səfəri, evdən işə getməsi və geri qayıtması daha çox yollarda hərəkətin məhdudlaşdırılması ilə yadda qalır. Çox uzağa getməyək, fevralın 21-də prezident Koroğlunun heykəlinin açılışını edərkən şəhərin mərkəzi küçələrində hərəkət bir neçə saat məhdudlaşdırıldı.

«TELEVİZORDA BAŞQA ÖLKƏLƏRİ DƏ GÖRÜRÜK»

Özəl şirkətdə çalışan Nihat Musaxanlı deyir ki, prezident keçdiyinə görə tez-tez yolların bağlanmasına şahid olur. Nihat sonuncu dəfə işə gecikdiyinə görə cərimələndiyini deyir:

«Mən işə aeroport yolu ilə gəlirəm. Tez-tez prezident keçdiyinə görə bizi saxlayırlar. Sonuncu dəfə hardasa yarım saatdan çox saxladılar. İşə gecikdiyimə görə məni əvvəl xəbərdar edirdilər, amma həmin gün artıq məni 5 manat cərimələdilər. Televizorda görürük də başqa ölkələri. Məsələn, keçən dəfə göstərirdilər ki, Ərdoğanın korteji də digərləri kimi saatlarla tıxacda gözləyirdi. Amma bizdə nəinki maşınları, hətta piyadaları belə hərəkət etməyə qoymurlar. Uşaqlarla bir dəfə işdən çıxmışdıq nahar etməyə, bizi bir saat yarım yolda saxladılar. Sonra prezidentin korteji yüksək sürətlə gəlib keçəndən sonra buraxdılar».

«BU, HƏRƏKƏT AZADLIĞININ MƏHDUDLAŞDIRILMASIDIR»

Hüquqşünas Ələsgər Məmmədli bu fikirdədir. Deyir ki, Azərbaycanda hər bir sakinin bu cür halla rastlaşması adiləşib. Ələsgər Məmmədli deyir ki, konstitusiyada hərəkətin yalnız fövqəladə hallarda, müharibə vəziyyətində və hüquqların qorunması zamanı məhdudlaşdırıla biləcəyi nəzərdə tutulub:

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

«Yolu bağlamışdılar. Mən xəstə ailə üzvümü təcili xəstəxanaya yerləşdirməli idim. Polisdən məhdudlaşdırmanın səbəbini soruşanda bildirdi ki, bu, «bir nömrəli» tapşırıqdır, kiməsə zəng etdi və mənimlə kobud danışdı. Qanuna bu məhdudlaşdırıcı hal kimi yazılmalıdır ki, məsələn, Konstitusiyada müəyyən olunan insan hüquqları vəzifəli şəxsləri qorumaq üçün məhdudlaşdırıla bilər. Amma konstitusiyada belə bir məhdudlaşdırma halı yoxdursa, bunun hüququ əsası yoxdur».

Ələsgər Məmmədli prezidentin bir neçə ay bundan əvvəl Qubaya səfəri zamanı onun hərəkətinə imkan verməyən polisin kobud davranışı ilə bağlı Dövlət Yol Polisinə şikayət edib. Və həmin polis əməkdaşının tutduğu vəzifədən azad olunması ilə bağlı istefa ərizəsi ona təqdim edilib.

YOL HƏRƏKƏTİ HAQDA QANUNDA DEYİLİR Kİ...

Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə deyir ki, bu cür hallarda yollarda hərəkətin məhdudlaşdırılması «Yol Hərəkəti haqda» qanunda təsbit olunur:

Kamran Əliyev

Kamran Əliyev

«Kütləvi tədbirlər zamanı həmin ərazidə hərəkət müvəqqəti məhdudlaşdırıla bilər. Dövlət tədbirləri, müvafiq icra hakimiyyəti orqanlarının tədbirləri zamanı nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilir. Onların alternativ yollarla hərəkəti təmin olunur».

QANUNDAKI ZİDİYYƏTLƏR..

Hüquqşünas Ərşad Hüseynov isə deyir ki, «Yol hərəkəti qaydaları haqda» qanunda ziddiyyətlər var. Qanunun 12-ci maddəsində göstərilib ki, hərəkət yalnız kütləvi tədbirlər zamanı, əvvəlcədən xəbərdarlıq edilmək şərtilə məhdudlaşdırıla bilər. Həmin qanunun 48-ci maddəsində isə prezident və onun ailə üzvlərinin, baş nazir və Milli Məclisin sədrinin üstün keçid hüququna malik olduğu yazılıb:

«Qanuna görə, bu halda həmin şəxslərə digər nəqliyyat vasitələri yol verməlidir. Amma daha yarım saat yox 1-2 dəqiqə, keçib gedəndən sonra yollar açılmalıdır», Ərşad Hüseynov belə deyir.

Şərhləri göstər

XS
SM
MD
LG